Toydan qovulan gənc yazar

Toydan qovulan gənc yazar
6 iyul 2019
# 11:28

Ayxan Ayvaz

Heç tanımadığımız adamların toyuna getmək təklifi xalam oğlundan gəldi. Qardaşım razı olmadı, mən isə neçə vaxtdır üstümə çökən pis əhval-ruhiyyədən qurtulmaq, kefimi açmaq üçün onun sözlərinə şərik çıxdım.

Xalam oğlu kənddən özünə kostyum gətirmədiyi üçün qardaşımın pencəyini, köynəyini, öz cins şalvarını və idman ayaqqabısını geyinəndə bir təsəvvürünüzə gətirin ki, necə gülməli vəziyyətə düşdü. Klassik və idman geyimlərinin qarışığını onun üstündə görəndə şaqqanaq çəkib güldüm. Həm də belə gedəcəyimiz üçün içimə bir qorxu düşdü.

Yaxınlıqdakı şadlıq saraylarının birində toy gedirdi. Amma adamlar hələ bayırda durub siqaret çəkir, bir-biriləri ilə söhbətləşirdilər. Mən belə şeylərdə naşı olduğum üçün ilk hərəkəti xalam oğlundan gözləyirdim. O, bu işlərin ustası görkəmində başı ilə içəri keçməyimə göstəriş verdi.

Şadlıq sarayına girən kimi adamların hamısı çevrilib bizə baxmasınmı? Vay, sənin... İçəridən mahnı səsi gəlmirdi, üstəlik heç kim də başını aşağı salıb yemək yemirdi. Qarşıda bəylə gəlinə ayrılmış stullarda bomboş, adamsızdı. Anladıq ki, toy başlamayıb və bunun heç də yaxşı olmadığını bəri başdan hiss etdim. İçimə özümdən asılı olmadan qorxu dolmağa başladı. Bu saat qovulacağımızın, üstəlik beş-altı adamın şillə təpiyindən keçəcəyimiz gözümün önündən ildırım sürəti ilə keçdi. Xalam oğlunun üzündə də mənim qorxumun əksi hopmuşdu. Amma buna baxmayaraq, qıraqda iki oğlanın oturduğu masaya yaxınlaşıb guya bəylə gəlini tanıyan şəxslər kimi salamlaşıb hərəmiz bir stula əyləşib bizə tuşlanan baxışlardan yayına-yayına gizlincə pıçıldaşdıq. Elə bil bizimlə bir masada oturanlar görünüşümüzdən, danışığımızdan buranın yad adamları olduğumuzu anladılar.

Onlardan biri:

- Siz bəy evindənsiz? – soruşdu.

- Yox, qız evindənik. Nədi ki? – xalam oğlu elə cavab verdi ki, elə bil toyun sahibi sən demə, elə özüymüş. Ürəyim bərk-bərk döyünür, az qala sinəmi yarıb çıxırdı.

- Qaqaş, bu masa bəy evinindi. Qız evindəkilər orda oturur.

Yaxşı qurtardıq! Yad toyunda, tanımadığımız adamların içində karıxıb qalmış, elə bil üzüyün içinə atılmış kimi bir yana çıxa bilmirdik. Yenə yaxşı ki, xalam oğlu burda idi, yoxsa çoxdan özümü ələ vermişdim.

Hə, elə ki, ayağa durduq, bayaqdan başı söhbətə qarışmış toy əhlinin baxışları təzədən bizə tərəf çevrildi. Anladım ki, onlar xalam oğlunun qəribə geyimindən bizim bu toyla heç bir əlaqəmizin olmadığını anlayıblar.

Xalam oğlu ofisiantların birindən:

- Qaqaş, biz qız evindənik. Harda oturaq? – deyə soruşdu. Ofisiant qəribə baxışlarla bizi süzdü, görünür, ona da biz aydan gəlmiş adam təsiri bağışlayırdıq.

Birdən: "Gedin, qız evinin böyüyündən” - soruşun deməsinmi?

Tüklərimin biz-biz durmasını hiss etdim. Xalam oğlu da eynən mənim sayaq bu saat qovulacağımızı duyurmuş kimi hərəkət edir, üzündə özünü tox tutsa da bir azdan biabır olacağımızı anlayırdı. Onun bu halı da məni lap qorxu quyusunun dibinə salıb çıxardırdı.

Nə isə, xalam oğluna təzədənmi cəsarət gəldi, ya sınamaqmı istədi, bilmədim. Düz bəylə gəlinin oturduğu stulun aşağısındakı masanın arxasına keçdik. Xalam oğlu o dəqiqə qarşısındakı arağı süzüb başına çəkdi, tez də ağzına nəsə atdı.

Elə bil toy çoxdan başlamışdı, biz də bir tərəfdən üyüdüb tökürdük. Bizim bu hərəkətlərimizi görən masadakılar, ofisiantlar şaşqınlıqla bizi süzməsinlərmi? Bu dəfə xalam oğlunun ürəyinin döyüntüsünü eşitdim, öz ürəyim isə denən, heç yerində dururmu?

- Siz oğlan evisiniz? – yenə eyni sual.

- Yox, qız evi... – xalam oğlu tələsik cavab verdi və özünə bir dənə də araq süzdü. Sükut bizi dinləyirdi. Anladım ki, hamının, hətta arxada oturanların da gözləri bizdədi. Yüzlərcə gözün soyuqluğunu hiss edirdim.

- Bax, qardaş, xətrinizə dəyməsin. Orda, qız evində çoxlu yerlər var. İstəyirsiniz burda oturun, e, prosto maraqlandım. – masadakılardan biri bizə yaxınlaşıb başımızın üstündə durub danışırdı.

- Bizə dedilər, orda yoxdu, ona görə gəldik. Əgər elədisə... – xalam oğlu sözünün arxasını gətirmədən ayağa durmaq istədi, amma müsahibi onu təzədən otuzdurdu. İçimdəki qorxu sıyrılıb çıxdı, köksümü ötürdüm. Elə bu vaxt birdən ofisiant mənə çaxır süzə-süzə sual verməzmi ki, bəs deməzsənmi, qızın atasını tanıyırsınız. Udqundum, nə deyəcəyimi bilmədim. Həm də özümü elə tutdum ki, guya qızın atası ilə çoxdanın dostuyuq. Yəni, duruşumdan elə bil ofisianta: "Məndən soruşursan?” – deyə bozarırdım. Xalam oğlu bu handa:

- Qonşusuyuq. – dedi. Ofisiant aralandı, çaxırı başıma çəkib, ağzıma xiyar turşusu atdım. Başımı qaldıranda qarşımdakı televizordan arxamızda durmuş ofisiantları gördüm. Onların ifadələri hələ də eyni cürdü. Baxışlarında dəyişən heç nə yox idi. Tələm-tələsik yeməyə girişməyimiz, arağı, çaxırı dalbadal içməyimiz yəqin onları şübhələndirmişdi. Biz isə elə durmuşduq ki, guya bunun bizə heç bir dəxlisi yoxdur. Sanki toyu olacaq bu qarımış qızın nəhayət evlənməyinə ürək dolusu sevinir, içimizdəki sevgini də içməklə bildirməyə çalışırdıq. Amma bunu heç burdakılar yeyərmi?

- Nilufər...

Masadakılardan kimsə bu sözü deyəndə xalam oğlu qulağıma tərəf əyilib:

- Deyəsən, qızın atasının adıdı, yadda saxla lazım olar. – ciddi tərzdə dedi.

Bir az keçməmişdi ki, bir çal saç kişi bizə yaxınlaşıb yenə həmin ənənəvi sualı verdi. Biz də hər zamanki cavabı verdik.

- Mən qızın atasıyam. Axı mən sizi tanımıram.

- Siz Nilufər əmi deyilsiniz? – xalam oğlu bayaq eşitdiyi adı təkrarladı. Kişi "yox, yox” deyəndə həm də indi anladım ki, bu qız adıdır, gülməyimi bir təhər içimə salıb "bağışlayın, səhv gəlmişik” dedim.

Ayağa qalxıb ora-bura dəyə-dəyə, ayağımız bir-birinə dolaşa-dolaşa qapıdan bayıra çıxmaq istəyirdik ki, birdən döşəmədən əvvəlcə tüstü çıxdı, sonra da alov qığılcımları göyə püskürdü, ardınca da bəylə gəlin içəri daxil oldu. Biz onlarla üzbəüz gəlmişdik. Xalam oğlu karıxmış halda əllərini bir-birinə vurdu, mən də onun etdiyini təkrarladım. Yad toyunda, tanımadığımız bəylə gəlini təbrik edirmiş kimi alqışlayır, üzümüzə təbəssüm qondururduq.

Onlar çıxıb gedən kimi dabana tüpürüb aradan çıxmaq istəyərkən:

- Bir dəqiqə, dayanın... – kimsə arxadan səsləndi. Az sonra qarşımızda beş-altı ofisiant, bir qalstuklu kişi peyda oldu. Onlardan biri, deyəsən, ofisiantların başçısı idi, başladı, nə başladı:

- Qardaş, heç yaşından-başından utanmırsan? Bu uşaq eləsə (məni göstərdi) heç olmasa deyərdim, eybi yox. Bu nə hərəkətdi?

Xalam oğlu söhbəti fırlatmağa çalışsa da alınmadı. Bizə yalançı damğası vurdular və üzümüzə təpinib burdan getməyimizi istədilər.

Bayıra çıxanda bayaqdan içimə bağlanmış gülüş bir anda şaqqanaqla açıldı. Xalam oğlu da mənə qoşuldu.

İçəridə isə toy çalınırdı...

# 3107 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #