“Azdrama”nı da söksünlər

“Azdrama”nı da söksünlər
25 yanvar 2016
# 13:16

“Yuğ”un yerləşdiyi binanın sökülməsi və teatrın başqa yerə köçürülməsi əksər teatrsevərlərdə narahatlıq yaratdı. Teatrın indiki binası darısqal, təmirsiz olsa da gözümüz öyrəşib, deyərək, heç kəs teatrın köçürülməsini istəmədi.

Bundan əvvəl də binaları alınan teatrların acı aqibəti “Yuğ”un bu yerdəyişməsinin də uğurlu olmayacağını göstərirdi.

Bu məsələyə etiraz edən yazı adamları dərhal qələmə sarıldılar. Onlarla yazı yazıldı, sosial şəbəkədə mərəkə qopdu.

Teatrın sökülməsinə etiraz olaraq video müraciət hazırlandı. Müraciətdə təkcə yerli sənət adamları, tanınmışlar deyil, dünyanın müxtəlif ölkələrində yaşayan aktyorlar, sənətşünaslar da öz dillərində etirazlarını səsləndirdilər.

Bu günlərdə “Yuğ”dakı teatr mühiti də daha gur oldu. Tamaşaçılar, teatrsevərlər məyusluq hissi ilə axın-axın tamaşalara gəldilər. Hamının qəlbində sanki belə bir hiss vardı: “Teatr söküləcək, heç olmasa, axırıncı dəfə gedək, onlara dəstək olaq.” Tamaşa başlamamışdan da foyedəki söhbətlərin əksəriyyəti “sökülmə” üstündə idi.

Allah tərəfi, teatrın aktyorları da tamaşada arabir öz replikaları ilə “teatrın söküləcəyini” xatırladırdılar, tamaşalar etiraz notu üzərində köklənirdi.

Amma və lakin...

“Yuğ”un bu etirazları tamaşaların hüdudlarını aşmadı. Mətbuatda heç bir yuğçunun alovlu etirazını görmədik. Nəinki, yuğçu, heç bir aktyor bu barədə fikrini deyib etirazını bildirmədi. Bütün bunlar adicə sosial şəbəkə səviyyəsində də baş vermədi.

Bunu necə başa düşək, cənablar? Hamı sizin üçün çalışırkən, sidq-ürəkdən sizə dəstək olurkən sizə nə olub? Siz niyə susursunuz? Niyə sizdən də bir etiraz görmədik?

Deyəcəksiniz ki, tamaşalarınızda etiraz edirsiz?

Keçməz.

Belə dişsiz etirazları çox görmüşük.

Türkiyədə “Əmək Sineması”nın sökülməsi gündəmə gələndə aktyorlar bir nəfər kimi çıxıb etiraz elədilər, şüarlar səsləndirdilər. Bəs bu boyda ənənəsi olan, unudulmaz rejissor Vaqif İbrahimoğlunun xatirəsini yaşadan teatrın binası sökülərkən, gələcəyi sual altında qalmışkən bizim aktyorlar niyə səslərini çıxarmadılar? Hüdudsuz yaradıcılıq təxəyyülü ilə dolub-daşan bu adamlar niyə özünəməxsus etiraz forması, “məzhəkə-etiraz” ortaya qoymadılar?

Əvəzində susdular.

Başqaları etiraz elədi.

Səsini ucaltdı.

Belə yerdə adamın yadına məşhur lətifə düşür.

Şahın fili olur. Onu bir kəndə göndərir ki, camaat baxsın. Məlum, şah filidir, çəpərləri dağıdır, həyətlərə girir, otlaq, bostan, əkin-zəmi bilmir, hər yeri tapdayır. Kənd camaatı da bezib Molla Nəsrəddinin üstünə gəlir ki, onun ağsaqqallığı ilə şaha şikayətə getsinlər, fili kənddən aparsın. Molla razılaşır. Yola çıxanda görür ki, camaatın yarısı yoxdu, yolda görür ki, yenə də azalıblar. Şahın divanxanasına çatanda üç-beş adam qalır. Elə ki, deyirlər şah qəbulda gözləyir, Molla baxır böyür-başında heç kəs qalmayıb. Çar-naçar girir şahın qəbuluna. Şah soruşur nə məsələdi, niyə gəlmisən, molla da cavab verir: “Şah sağ olsun, fil kənddə darıxır. Dedik, bəlkə filin dişisini də yollayasan.“

Deyirəm, bəlkə, başlamışkən “Azdrama”nı da söksünlər.

Onsuz etiraz edən olmayacaq.

# 1329 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #