Yaza bilməyənlərin nifrəti

Yaza bilməyənlərin nifrəti
22 yanvar 2016
# 11:25

Ayxan Ayvaz

Məşhur bir əhvalat var. Bir rəssam yenicə çəkdiyi tablonu şəhərin mərkəzinə yerləşdirir və belə bir sərlövhə qoyur: “Səhv olan yerləri ağ nöqtə ilə işarələyin”. Sabahısı gün gəlib baxanda görür ki, rəsm tamamilə ağappaq olub. İş belə olanda həm tablonu, həm də sərlövhəni dəyişir: “Səhv olan yerləri özünüz düzəldin”. Bu dəfə isə rəssam öz tablosunu olduğu kimi görür.

Ümid edirəm ki, hər kəsə aydın oldu. Yəni səhv tutmaq çox asandır, ancaq onu düzəltmək müşkül məsələdir. Kiminsə hansısa əsərində səhv tutub qürrələnən adamları anlamaqda çətinlik çəkirəm. Seymur Baycan bir dəfə yaxşı demişdi: “Bir yazı yazırsan, mahiyyəti kənarda qalır, hamı vergül davası eləyir”.

Belə bir hadisə mənim başıma gəlib. Çox səs-küy gətirən, xeyli oxunan bir yazım var idi. Hara gedirdim, kimlə rastlaşırdım yazıdan bəhs edirdilər. Belə günlərin birində bir nəfər Facebookda inboxuma yazdı ki, filan söz dırnaqda yazılmalıydı. Bu söhbət olanda Seymurun dediyi yadıma düşdü, gülümsündüm. Amma həm də məni bir şey düşündürdü: görəsən, bu adamların dərdi nədir?

Bir də görürsən ki, kimsə hansısa qələm adamının yazdığı yazını paylaşıb belə bir giriş yazır: “Bunlar da özünə yazar deyir. Gör nə gündəyik, ay Allah?! Buna yazar deyənin ağlı özündə deyil yəqin” Bu cümlələr adamına görə dəyişir, bəzisi təhqir edir, bəzisi isə söyüşə keçir.

Sualı bir də qabağımıza qoyub düşünək: axı bu adamlar nə istəyir? Heç biri ömründə bir yazı yazmayıb, yazanda da diqqət çəkməyib. Üstəlik, onlar təsadüfən gəlib düşüblər yazarların əhatəsinə, birlikdə yeyib-içiblər, söhbətlər ediblər. Bu adamlar həmin məclisdə yetişə-yetişə yazarların arasındakı söhbətə agah olub. Sonra həmin söhbətlər publikaya çıxarılıb. Onlar hansısa yazarı məclisdəki davranışına görə yıxıb sürüyüb. Hətta yazara ərklə “Sən kimsən?” deyənlər də tapılıb.

Tez-tez rastımıza çıxan, ürəyimizin yumşaqlığından istifadə edib aramıza girən bu “yaza bilməyənlər” sonradan bizə, yazar dostlarımıza qarşı amansız nifrətləri və içlərindəki kini üzə çıxarıblar. Həmişə bu tip paylaşımlarını görəndə, açığı, onlara yazığım gəlib.

Axı onlar sadəcə oxucu kimi qala bilərdilər. Bunun nəyi pisdir ki? Yaza bilən adamların keçirdiyi ağrı-acını bircə anlıq hiss etsələr, məncə, heç onlarla işləri olmazdı.

Borxesin “Şekspir yaddaşı” hekayəsi var. Bir adama Şekspirin yaddaşını köçürürlər və o, əzab çəkir. Yazarların yaşadığı ağrıları, əzablı yaddaşlarını heç nə sağalda bilmir. Bu həmişə belə davam edir.

Yaza bilməyənlər, onlar kimi olmaq istəyənlər də bir tərəfdən öz nifrətlərini püskürürlər. Azərbaycan kimi balaca bir ölkədə çiynində böyük ağrıları daşıyan yazıçı və şairlərə bu münasibət çox yersizdir, lazımsızdır. Sevin də demirəm, ancaq əməyə hörmət etmək lazımdır. Heç olmasa belə ağır günlərdə...

# 2726 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #