Savadsızların faciələri

Savadsızların faciələri
29 noyabr 2013
# 08:30

Bizim binada saçı saqqalı ağarmış bir “Jek” əməkdaşı var. Öz adı olsa da, biz ona elə “Jek” deyirik. Kimin dilinə necə yatır, elə də çağırır – Jek dayı, Jek müəllim, Jek kişi… Jek kişi ilə bina sakinləri neçə illərdi bir – birinə səmimi qəlbdən nifrət eləyir. Çünki bacarıqsızdır, üstəlik də hay – küy salıb sənə danışmağa imkan vermir sübut eləyəsən ki, günah ondadır, məsələn, arayışda sənin adın səhv yazılıb.

Bir dəfə bir qonşu o birinin evinə su axıdıb, polis gəlib, Jek kişini çağırıb ki, akt tərtib elə. O da başlayıb polisə sübut eləməyə ki, aktı sakin tərtib eləməlidir. Nə billah eləyiblər, Jek kişi qələmə əl vurmayıb. Axırda qonşuların biri, onun o biri qonşudan rüşvət aldığı üçün belə elədiyini ehtimal edib, Jek kişini elə polisin yanında qapıdan qovub.

Jek kişi qapıdan qovulmağa razı olub, amma yenə də qələmə əl uzatmayıb. Elə zəhərini tökə-tökə ordan uzaqlaşıb. Zəhər demişkən, kişi elə bil zəhər tuluğudur. Mən tanıdığım insanlar arasında indiyəcən onun qədər acıdil, qəzəbli adam görməmişəm. Səbəbini isə anlaya bilmirəm. Açığı, heç səbəbini araşdırmamışam da…

Nə bilim bir axşam səbəb özü evimizə gələcək…

Bu axşam qapı döyüldü. Dünyanın ən acıdil adamı olan Jek dayı nə məqsədləsə yenə bizi siyahıya almağa gəlmişdi. Yanında isə gənc bir qız var idi. Jek dayı suallarını verir, qız isə cavablarımızı yazırdı. Birdən xatırladım ki, bu kişi nə vaxt nəsə yazmaq lazım olanda bu qızı yanında gətirir. Bilmirəm o qız “JEK” əməkdaşı idi, yoxsa onun qızı idi. Onunla gələndə Jek dayı hər zamankına nisbətən daha az qəzəbli olurdu. Ən azından biz ona acıqlanmasaq, o bizə açıqlanmır, acılamırdı. Heç olmasa bu qızla gələndə onunla dialoq qurmaq olurdu.

Yaz mülayimliyini xatırladan payız axşamında onun qəzəbinin səbəbini anladım. Haqsız da ola bilərəm… Amma içimdən bir səs dedi ki, Jek dayı Bernhard Şlinkin məşhur qəhrəmanı kimi oxuma-yazma bilmir, ona görə də hamıya qəzəblidir. “Qiraətçi” romanını yəqin ki, oxumusuz. Bir qadın oxuma – yazma bilmədiyi üçün nələr yaşamalı olur…

İnsan nə qədər çox oxuyub bilərsə, o qədər mehriban, həyatsevər və anlayışlı olar. O qədər dərindən sevə bilər. O qədər vicdanlı və lazımlı olar…

İnsan savadsız olanda əli qısa, dili qısa və aqressiv olur.

***

Lap çoxdan idi…

Ağdam şəhər orta məktəbində oxuyurdum. Əlifbanı təzə - təzə öyrəndiyimiz vaxtlar idi. Sinifdə hamının valideyni ali təhsilli idi və bir-birlərini tanıyır, dostluq edirdilər. Təkcə bir qızın anası məktəbdə xadimə işləyirdi. Saçları həmişə dağınıq, paltarı, ayaqqabıları nimdaş, kolqotkası tökülən o qız dərslərini oxumurdu və bu heç kimin vecinə deyildi. Onun sinifdə olub-olmamağını heç kim hiss eləmirdi. Biz heç onun səsini də eşitməmişdik.

Qışda sinifləri daş kömür sobası ilə qızdırırdılar. Sinfimizin qəhrəmanları dərslərini oxumayanda bu sobanın pəncərədən çölə boylanan borusuna çoxlu kağız doldururdular, sinfi his bürüyürdü və həmin gün müəllimə dərsi təxirə salıb bizi evə göndərirdi.

Hərdən də külək möhkəm əsib sinifdən həyətə dərsi bilməyəndə son ümidimiz kimi boylanan bir-birinə geydirilmiş borunu aralayırdı. Məktəbin xadiməsi onun qopmamağı üçün tez-tez palçıq hazırlayıb, boruların geydirildiyi yerə sürtürdi.

Arıq, cansız bu qadın dərsin ortasında əlindəki ağır vedrə ilə səssizcə sinfə girər, sobanın qapağını qaldırıb kömürləri ora töküb çıxardı. Sinfə bir quş girsə həmən reaksiya verən bizə o qadın girəndə onu “görmək” qadağan edilmişdi: “Fikriniz ancaq dərsdə olsun!” Elə bil heç sinfə insan girmirdi. Biz, o qadının da səsini eşitməmişdik.

Bir gün tənəffüsün ortasında sinfə qayıdanda isə eşitdim… İkisinin də səsini eşitdim və indiyəcən unutmamışam… O gördüyüm mənzərəni, eşitdiyim dialoqu, duyduğum yanıq qoxusunu… Şahid olduqlarım uşaq dünyamı darmadağın eləmişdi…

Onlar sinifdə tək idilər. Ana – xadimə cadar – cadar olmuş əlləri ilə vedrədən palçığı götürüb yanan sobanın borularının geydirilmiş hisslərinə çəkirdi. İsti boruya yapışan yaş palçığın cızıltısı hələ də qulağımdadır. Niyəsə həmən an düşündüm ki, o qızın saçları ona görə həmişə dağınıq olur ki, anasının əlləri yumşaq, sığallı, təmiz deyil, qabarlıdı. Anası onun saçlarını sığallayanda əlinin qabarları saçlarını dağıdır. Kolqotkası da ona görə bizimkilər kimi ayağında sığal dayanmır, önlüyü də ona görə qırış – qırış olur…

Yanıq iyi sinfi bürümüşdü. Bu təkcə isti borunun üzərində qovurulan torpağın qoxusu deyildi… İndiyə qədər səsini eşitmədiyim qız dilləndi:

- Ana, bəs əlin yanmır?

- Ona görə deyirəm də oxu…

…Yadımdadı, həmin gün evə gələndə anamın əlini oxuduğu kitabdan çəkib üzümə sürtmüşdüm. Eyniylə itlər minnətdarlıqla üzlərini sahiblərinin ayağına sürtən kimi. İçimdəki səs deyirdi: “Nə yaxşı ki, sən oxumusan!”

Anamın əllərinin cızıltısını eşitmədiyim üçün dünyanın ən xoşbəxt usağı idim.

P.S. Ətrafınızı xoşbəxt eləmək üçün onları sevmək azdır, üstəlik oxumalısız. Sevdiklərinizin yaddaşına əlinizdə kitabla həkk olunun. Əmin olun, ancaq o zaman Sizi qürurla xatırlayacaqlar. Övladlarınızın yaddaşında silinməyəcək izlər, ovunmayacaq nisgillər buraxmayın.

# 7406 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #