Pulsuz kitab can dərmanı

Pulsuz kitab can dərmanı
28 noyabr 2016
# 11:48

Bizim camaatın qəribə bir xüsusiyyəti var. Bu qəribə xüsusiyyət hamımıza bəllidir. Kasıbçılıqdan, maddi sıxıntıdan gileylənir, amma görürsən ki, kreditə bahalı telefon götürüb. Kitab oxumur, səbəbini soruşursan, deyir, pul yoxdur. Teatra getmir, maraqlanırsan ki, nə məsələdir, deyir, özüm ölüm, cibimdə siçanlar oynayır.

Amma burda incə bir məqam var. “Pul yoxdur” bəhanəsi ilə məsuliyyəti boynundan atan camaatımız şəhərin mərkəzində brend mağazalardan paltar alır, dəbdəbəli yerlərə gedir, bahalı kafelərə, restoranlara ayaq basır. Bəs pulumuz yox idi? Bəs cibimizdə siçanlar oynayırdı?

Məsələnin bir digər tərəfi. Başa düşmək olar, hamımız yarıac, yarıtox yaşayırıq. Əlbəttə, qarnı tox olmasan, isti bir ocağa, paltara ehtiyacsansa, o zaman sənə heç kim “niyə teatra, kinoteatra getmirsən” kimi irad tuta bilməz. Amma və lakin! Axı həmin adamların qarnı doysa, isti paltar geyinsələr yenə mədəniyyət evlərinə gedəcəklərmi? Əllərinə pul keçən kimi yeməyə, paltara, dəbdəbəyə xərcləmək olur, ancaq bir qırıq kitaba, teatra, kinoya pul verəndə canları çıxır. İstirahət etməyi, ruhu dincəltməyi bilmirlər. Qohum-əqrəbanın qabağında şux görünsünlər deyə kreditə girib plazma televizor, komputer, planşet alırlar, həngamə toy eləyirlər. Sonra da əlləri çənəsində dərin-dərin düşünürlər. Oxuyana, teatra gedənə də gülürlər. Niyə pulunu belə yerlərə verirsən? Yenə başa düşdük, qarın doymalıdır. Ancaq insan yalnız qarından ibarət deyil. Onun beyni var, hissləri var. Bəs beyni, hisləri necə dolduraq?

Puldan, korluqdan şikayət eləyənləri qoyduq bir qırağa. Ancaq harda pulsuz bir şey görəndə ora qaçan adamları neylərdin, İlahi? Bakıda Türkiyə günləri filmlər nümayiş olunur. Giriş pulsuzdur. İynə atsan yerə düşməz. Demək, incəsənətlə bizi qovuşdurmağa mane olan pul imiş? Qətiyyən! Bu həmin adamlardır ki, ciblərində kalan pul olsun, filmlər pulsuz göstərilsin, getməyəcəklər.

Özləri deyir ki, qalmaqalı sevmirik. Bizə sənət lazımdır. Fuad Poladov neçə illərdir AzDramada oynayır, bir dəfə gedib baxmadılar. Elə ki Fuad müəllim teatrdan uzaqlaşdı, son tamaşasına bəzənib-düzənib getdilər. Selfilər, tag eləmələr, ona-buna “mən də mədəniyyətin yanındayam” mesajı verənlər...

Yazıçılar qalmaqal eləməsin, bir-birilərini təhqir eləməsinlər. Tamam, razıyam. Ancaq ey camaat, siz nə vaxt ciddi bir şey istədiniz ki, biz onu sizə vermədik? Nə vaxt sənətə tərəf bir addım atdınız? Haçan incəsənətə səmimi qəlbdən bağlandınız?

Məşhur filmimizdə deyildiyi kimi, məsələ pulda deyil, “vnimatelni” olmaqdadır. Zarafat bir yana, lazım olanda hər yerə pul tapan camaat necə olur ki, incəsənətə bir qəpik xərcləməyə xəsis olur? Pulsuz olan yerlərə də bəzənib-düzənib gedir. Niyə? Axşam sosial şəbəkədə paylaşıb çox layk yığsın, başqalarının yanında imici qalxsın.

Bizim camaat pulsuz göstərilən filmlərə baxmağa deyil, özünü göstərməyə gedir. “Əşşi, pulsuzdur da, gedək baxaq görək nədir”. “Bekarçılıqdı, filmi də pulsuz göstərirlər, gedək vaxtımızı öldürək”.

Bir dəfə kitablarımı pulsuz paylamışdım. Elə həvəslə götürürdülər ki... Bizim camaat pulsuz şeydən ziyan gəlməz deyib götürür. Bəlkə payladığım kitabları bir-iki nəfər oxudu, ya yox. Ancaq çoxusu elə bir tərəfə tullayıb. Soruşanda, bu nə kitabdır? Cavab verib ki, mama, pulsuz veriblər...

Heç vaxt ürəkləri sənətlə döyünmədi. Heç vaxt. Tutaq ki, teatr, kino biletləri, kitablar pulsuz olsun. Bununla sənəti xilas edə biləcəyikmi? Bilmirəm. Həqiqətən mənə çətin gəlir bu sual. Çünki o adamlar teatra, kinoya laqqırtıya, göstərişə gedəcək, kitabları da oxumayacaq.

Sənətə sevgi təmənnasız olmalıdır. Heç nə ummadan. Sevirsənsə, yediyindən, içdiyindən bir qırıq kəsib ona doğru gedəcəksən. Mütləq gedəcəksən...

# 1098 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #