Azərbaycanın Bob Dilanı

Azərbaycanın Bob Dilanı
17 oktyabr 2016
# 12:32

Zaman o zaman idi ki, Gənc Ədiblər deyilən bir məktəb fəaliyyət göstərirdi və o məktəbdə yaradıcı adamlar cəmləşmişdi. Onda biz çox gənc idik, təzə-təzə yazmağa başlamışdıq.

Günlərin bir günü replərini dinlədiyimiz Qaraqan gəldi bu məktəbə. HOST o vaxt yenicə dəbə düşmüşdü, gənclərin bu qrupa marağı artmışdı. Qara geyimləri, fərqli fikirləri, azad bir mühiti vardı HOST-un. Maraq mənə güc gəldi ki, ilahi, Qaraqan bəlkə bu məktəbdə bizim eynimizi açmaq üçün gəlib, rep oxuyub kefimizi duruldacaq və biz sakit beyinlə daha yaxşı yazılar yazacağıq.

Ancaq sən demə, məsələ başqa imiş. Qaraqan da bədbəxt olurmuş, sən demə. Bədbəxt deyəndə ağlınıza ayrı şey gəlməsin. Yazmağı deyirəm. Gül kimi rep oxumaq, qızların könlünü bu sahədə daha peşəkarcasına ovlamaq varkən, niyə qabağına klaviatura qoyub yazasan ki? Mən olsam, qətiyyən belə etməzdim, çünki iki işi bir yerdə görəcək qədər çevik deyiləm.

Qaraqan isə bunun öhdəsindən gəldi. Ard-arda hekayələr, məktəbdə fəallıq. Və sonda Milli Kitab Mükafatında qalib. “A” romanı birinci seçilmişdi. O vaxt Qaraqanın ilk romanını ilk qələm təcrübəsi kimi bəyənmiş və yazı da yazmışdım. Qaraqanın “A” ilə bu qədər uğur qazanacağını isə təxmin etməmişdik. Gənc ağlı...

Deyə bilərsiniz ki, HOST, rep oxumaq da Qaraqanın işinə yaradı. Haqlısınız. Buna deyəcək sözüm yox. Özü də Qaraqan kifayət qədər mütaliəli, savadlı bir gəncdir. Replərində verdiyi mesajlardan bunu duymamaq həssaslıqdan bir milyon kilometr uzaq düşmək deməkdir.

Gəldik çatdıq 2016-cı ilə. Qaraqan indi Amerikadadır. Son romanından xəbərim oldu, ancaq oxumadım. Ümumiyyətlə, “A” romanından sonra Qaraqanı oxuya bilmədim. Mənə hər şey məlum idi. Dənizin duzlu olduğunu bilmək üçün ondan bir damcı dadmaq bəs edir. Son romanının satış qiyməti narazılıq doğurmuşdu. Heç bilmirəm romanın adı da nəydi. Hər halda Qaraqan yazıbsa, deməli kütləni mütləq cəlb edəcək.

Yadıma düşür, Qaraqan Milli Kitab Mükafatından sonra bir müsahibə vermişdi. Həmin müsahibədən sonra Qaraqana sayğım birə on qalxdı. Sitat: “Mən ciddi ədəbiyyatla məşğul olmuram”.

İndi isə Nobel Mükafatı qalibi açıqladı: əfsanəvi rok ifaçısı Bob Dilan. Amerika şeirinə yeni poetik ifadələr gətirdiyinə görə İsveç Akademiyası bu əjdahanı layiq görüb. Bob Dilanın şeirlərini oxuyun: necə də bəşəridir. The Beatles qrupundan sonra həqiqətən də ikinci yada düşən addır.

Qaraqan və Bob Dilan. Azərbaycanda ədəbiyyat mükafatı bir reperin olur, dünyanın diqqətində olan Nobelin qalibi də rok ifaçısı.

Bob Dilan əfsanədir. Buna heç kim qarşı çıxa bilməz. Qaraqan da istedadlı, gözəl rep deməyi bacaran qardaşımızdır.

Onlarla işimiz yoxdur. Ancaq doğurdan ədəbiyyat mükafatına əlinə mikrofon alıb mahnı oxumayan birini tapmaq çətin idi? Bax burda beynim error verir.

Bizim ədəbiyyata verdiyimiz qiymət Nobellə üst-üstə düşdü. Və bəlkə də ilk dəfə dünya biz deyəni dedi: istedad hərtərəflidir. Nə olsun ki, reperdir? Rok ifaçısı olanda nə olar? Əsas MƏTN-dir, qalanı boş söhbətdir.

# 1761 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #