Əsəbi insanlar arasında

Əsəbi insanlar arasında
2 may 2015
# 12:21

Cəmiyyət olaraq çox təhlükəli nöqtəyə gəlib çıxmışıq. İnsan kimi sevməyi, ayrılmağı bacarmadığımız üçün yaşadığımız faciələr də dərinləşir.

Televiziyalar, saytlar, qəzetlər dəhşət saçır. Şəxsən mən uzun müddətdir ki, küçədə, avtobusda, metroda narahatlıq yaşamağa başlamışam. Qəfil kürəyimdən alacağım bıçaq zərbəsinə psixoloji cəhətdən o qədər hazıram ki, həmin an dilimdən çıxacaq “Niyə?” sualını zikr kimi hər addımbaşı vird edirəm. Bu qədər problemin içində, qara geyimli və əsəbi insanların arasında öldürülmək qorxusu ilə yaşamaq əsl işgəncədir.

Bizə normal sevməyi öyrətməyiblər. Leyliyə görə ağlını itirən Məcnun, Fərhadı barmağına dolayan Şirin, Kərəmi yandıran Əsli bizim sevgi haqqında ilkin təsəvvürlərimizi formalaşdırıb. “Qalsam səninəm, ölsəm qara torpağın” sərsəmləməsini nağıllar, bəsit hekayələr vasitəsi ilə ötürüblər altşüurumuza. Bizə sevgi, xəyanət, ayrılıq, iztirab adlı əfsanələr soxuşdurublar. Həyatımız başdan-ayağa qaramatlardan ibarətdir. Bizə namus üstündə qan axıtmağı, qadın xəyanətini qanla yumağı, baş kəsməyi, adam “yortmağı” nəsihət edib babalarımız. Nağıllarımızdan müasir ədəbiyyatımıza qədər milyonlarla barbarlıq, vəhşilik nümunəsi tərbiyə, əxlaq kimi sırıyıblar bizə. Bizim qəhrəmanlarımız Nigarı oğurlayan koroğlular, dostunun arvadıyla evlənən babəklər, başqasının nişanlısını qaçıran nəbilər, dəli-divanə olub çöllərə düşən məcnunlar olub. Biz sevginin əzabdan, iztirabdan başqa bir şey olmadığını klişeləşdirmişik. Və biz bu qaramat taleyi nəsildən-nəslə ötürmüşük. Oğlanlarımıza, qızlarımıza “camaat nə deyər” əxlaqı ilə zülm eləmişik. Əxlaq anlayışımız qurşaqdan yuxarı qalxmayıb. Namus cinayətlərinin motivlərinə diqqət yetirsəniz, görəcəksiniz ki, bu tərbiyə bizə babalardan miras qalıb.

Cəmiyyətin bugünkü durumu daha da acınacaqlıdır. Gənclərimiz “O, mənim olmalıdır”, “Kəsəcəm damarları”, “Təki sən xoşbəxt olasan” nəğmələri ilə sevir, “Çıxaq gedək buralardan” sərsəmləmələri ilə darıxır, “Sənə görə” bəstəsi ilə evlənir...

Hər şeydə vulqar və bayağı, hər işimizdə əttökən və düşüyük.

İki gündür coşquyla, ağzımız köpüklənə-köpüklənə Aytacın ölümünü müzakirə edirik. Ah-fəğan edib sızıldayan, qatilə nifrin yağdıran, öldürülən məktəbli qızı qınayan da var. Qan-qarğış, nifrin uçuşur havada...

Hamı yazır, hamı danışır, hamı narahatdır...

Bir anlıq əl saxlayın və düşünün. Bu qızlar, oğlanlar hansı ailələrdə tərbiyə alır? Kim böyüdür bu cahil, savadsız, dar düşüncəli insanları? Niyə unudursunuz ki, bu cahillər, vəhşilər bizim tərbiyəmizlə yetişir. Biz qatil, nadan, cahil, savadsız, kitabsız insanlar yetişdirib cəmiyyəti bu vəziyyətə salmışıq. Bəli, öldürülənlər də, ölənlər də bizim yetişdirdiyimiz insanlardır. Televiziyalardan evimizə soxulan ucuz şoular, bayağı və düşük manıslar, seriallardakı səviyyəsiz sevgi hekayələri, uydurma həyat tərzi bizi zombiləşdirib. Həyata zaurların, elgizlərin, xoşqədəmlərin, üzeyirlərin, əlimirəliyevlərin pəncərəsindən baxan toplumda bu cür halların olması məni qətiyyən çaşdırmır. Biz öz qatillərimizi özümüz yetişdiririk.

Aytacların kürəyinə saplanan bıçaqlarda hamımızın barmaq izləri var. Hamımız günahkarıq!

Cəmiyyətimiz kütləvi psixoz vəziyyətindədir və toplumun psixoloji konsultasiyaya ehtiyacı var. Övladlarımıza sevməyi, ayrılmağı, unutmağı, qadınla, kişiylə, bir sözlə insanla davranmağı öyrətməliyik. Həssas anlarında yanlarında olub düz istiqamət verməliyik. Gözümüzün qarşısında iki insanın taleyi məhv olur, biz kresloda yayxanıb kimlərisə ətək geyinib etiraz etmədiyinə görə qınayırıq.

Danışılacaq doğrular, problemlər, dərdlər bir kənarda qalır, kimlərisə ələ salırıq.

Unutmayın, kimi qınayırıqsa qınayaq bu qətllərdə cəmiyyət olaraq biz hamımız günahkarıq!

# 1322 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #