Sənin bir təbəssümün...

Sənin bir təbəssümün...
29 mart 2015
# 10:51

Diksiya üzrə mütəxəssis Cəlalə Nəzəroğlu

“Gözəl danışıq sənəti”nin “Bədən dili” bölməsində təbəssüm xüsusi yerə mailkdir. Təbəssüm insanın dağ boyda dərdini bir saniyədə qaldırıb atmasına səbəb ola bilər. Onu sakitləşdirər, hüzur verə bilər. Yetər ki, bu, içdən gələn, səmimi, təmənnasız bir təbəssüm olsun. Danışarkən və dinləyərkən təbəssüm etməyi unutmayın. Amma əlbəttə ki, bunu yerinə görə etmək lazımdır. Biri çox ciddi mövzuda nə isə danışırsa, yaxud dərdini sizinlə bölüşürsə, bu təbəssüm kinayə və saymazlıqdan başqa heç bir şey olmaz. Təbəssüm süni olanda uzaqbaşı istehza etmiş olursan. Amma içdən gələndə həm sən xoşbəxt olursan, həm də başqaları.

Səhər yuxudan zülm çəkərək duranları, üz-gözündən “zəhrimar” yağanları, deyinə-deyinə zəngli saatı söndürüb çarpayının altına düşmüş ev başmağını axtaranları heç vaxt qəbul etməmişəm. Onlar təkcə özlərini yox, başqalarını da bədbəxt eləyirlər.

Əgər həyata nifrət eləyən əhvalla yuxudan oyanıbsansa, sənə yemək verən anana və ya həyat yoldaşına mütləq irad tutacaqsan, yumurtanı bərk bişirdiyi üçün, çayı tünd elədiyi üçün, şalvarına iki ütü qatı çəkdiyi üçün-hər şey üçün deyinəcəksən. Vəssalam. Evdəkilərin bütün günü əsəbi olması və mənfi yüklənməsi üçün əlindən gələni etmisən. İndi çıxa bilərsən. Rastına qonşun çıxdısa, onu da qaş-qabaqla salamlayacaqsan. Şəxsi avtomobilin varsa, yol boyu dəfələrlə əllərini sükana çırpıb qışqıracaqsan ( səni heç kim eşitmir...) , svetafora, piyadalara-hər şeyə nifrət edəcəksən. İctimai nəqliyyatdan istifadə edirsənsə, mütləq səni sıxışdıran insanlara, gecikən avtobusa, ayaqqabını tapdalayan sərnişinə-hər şeyə hirslənəcəksən.

Ufuldayacaqsan, kiməsə kobud söz deyəcəksən. Və o adamları da səhərin gözü açılmamış əsəbiləşdirəcəksən. Onların da günü bərbad keçəcək, əmin ol. İş yerində xadimə xalaya Allahın salamını belə vermədən düz keçəcəksən, onu saymazyana davranışınla əlindəki süpürgəsi, döşəməsilən taxtası ilə baş—başa qoyacaqsan və bir daha həyata nifrət etməsinə səbəb olacaqsan!

Amma bütün bunların əvəzində bir təbəssüm bəxş etmək bu qədər çətindirmi? Bəs niyə insanların içindən təbəssüm etmək gəlmir, bilirsiniz? Çünki daxili dünyaları qap-qaradır. Biz otağın pərdəsini kənara çəkməsək, içəri o gözəl günəşin şüaları düşməyəcək. Hər şey daxildən başlayır. Ürəyiniz gülürsə, üzünüzə təbəssüm kimi yansıyacaq. Şükr etmək, sahib olduqlarını yada salıb dünyanın ən xoşbəxt insanı kimi təbəssüm saçmaq çətin deyil. İnanın və şükür edin. Bunu edən bütün insanlar istisnasız olaraq uğur qazanıblar. Çünki həvəs var, təkan verən qüvvə var-ÖZÜNƏİNAM hissi var.

“Əgər sevilmək istəyirsinizsə, əvvəlcə sevin və sevimli olun..." Benjamin Franklin

İllər öncə Deyl Karneginin “Dostu necə qazanmalı” kitabını yenicə oxuyub bitirmişdim. Çox təsirlənmişdim. Səhəri gün işdə nahar fasiləsi zamanı axşam oxuduqlarımı düşünürdüm. Birdən gözüm yeməkpaylayan xalanın buxardan, istidən boğulmuş üzünə sataşdı. Çox yorğun və bədbin görünürdü. Birdən içimi çəkib həvəslə soruşdum:

-Xala, bu gün üzünüzün dərisi çox təravətli görünür. Maska eləmisiniz?

İlahi! Üzümdəki təbəssüm və dediyim bu yalançı tərif bir insanı necə dəyişərmiş! Xala bir anlıq duruxdu, sonra həvəslə heç bir şey etmədiyini ( heç şübhəsiz ki, axşam evə gedib uşaqları üçün yemək bişirir, evi təmizləyir və axırda özünü güclə yatağa salıb daş kimi yatır...) dedi.

Süfrədən qalxıb boşqabı lazım olan yerə qoyanda qeyri-ixtiyari mətbəxə tərəf boylandım. Xala ovcunun içində saxladığı güzgüdə gizlincə özünə baxırdı...Əminəm ki, o, həmin gün gedib həqiqətən də üzünə maska qoydu. Mənim təbəssümüm və günahsız yalanım hər keçən gün onun güzgüdə üzünə baxıb,- “bu gün gözəl görünürəm”,-deyərək özünə təbəssüm etməsinə səbəb olmuşdu. Həmişə yemək paylayanda qaşqabaqlı üzü ilə yeməköncəsi adamın kefinə soğan doğrayan xalanın üzündə artıq təbəssüm görürdüm. Ən azından özümə qarşı. O, mənə təbəssüm borcumu qaytarırdı...

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #