Ay gecikən məhəbbətim

Ay gecikən məhəbbətim
7 noyabr 2013
# 08:45

Sən, əzabsan, göz yaşısan,

taleyin son naxışısan,

bəlkə tale qarğışısan,

bəlkə də ilk səadətim,

ay gecikən məhəbbətim.

Söz, musiqi, ifanın çox gözəl vəhdət təşkil etdiyi bu mahnıdan danışmaq fikrində deyiləm. Yalnız onu qeyd edib mətləbə keçəcəm ki, bu sözləri bəzən mahnının ifaçısı, bəstəkarı Sərxan Sərxanın adına yazırlar, amma elə deyil. Sərxan Sərxan yalnız Tofiq Bayram səviyyədə bir şairin yaza biləcəyi sözlərdən təsirlənib gözəl musiqi bəstələyə bilərdi və bunu da eləyib.

Şairə, bəstəkara və ifaçıya belə gözəl sənət əsərini yaratmağa kömək edən hissin özündən yazmaq istəyirəm-həmin o gecikmiş məhəbbətdən.

Həmişə bu barədə söhbət düşəndə - Allah uzaq eləsin - deyə içimdən bir fikir keçir. Məhəbbətin ümumiyyətlə Allah kəsmiş xasiyyəti belədir ki, adamın özündən soruşmadan qonaq gəlir, sən bu qonaqlığa hazırsan, ya yox onu qətiyyən maraqlandırmır, gəlir və səni sadəcə ən müxtəlif situasiyalara özü hazırlayır, astaca, ruhuna xələl gətirmədən.

Gecikmiş məhəbbət, qəti səndən soruşmaz, qəfil, xəbərdarlıqsız, səssiz-səmirsiz, özün də bilmədən gələr, bir də görərsən ki, qalmısan əlində əsir.

Gəl indi bu gecikmiş məhəbbəti başa sal ki, mən evliyəm, uşaqlarım var, yaşım o yaş deyil, səninlə bacarmaq həvəsim və eşqim qalıb ötən illərin dolaylarında. Heç göz yaşlarına, vicdanının əzablarına da məhəl qoymaz ki, mən ailəmə xəyanət eləmək istəmirəm, övladlarımdan, el-obadan ayıbdır, məni dilə-dişə salma.

Noolsun ki, ailə quranda da sevmişdin, budur, mən yenə gəlmişəm, bu hissi bəlkə də əvvəlkindən daha güclü indi yaşamalısan.

Qalırsan gecikmiş hissin əlində zarıya-zarıya. Ona görə deyirəm ki, Allah heç kimə,-bəlkə kimsə arzusundadır-mənə göstərməsin. İstəmirəm.

Hərdən də mənə elə gəlir ki, gecikmiş məhəbbət bilir hara gəldiyini. Mənə qonaq gəlməz, çünki bilir qəlbim boş deyil və qapısını da aralı qoymamışam ki, hər gələn gecikmiş məhəbbət-filan ora daxil ola bilsin.

Əsas odur qəlbdə boşluq, qəlb qapısında deffekt olmasın.

Bəs, qapının aralı qalmasını, qəlbdəki boşluğu gecikmiş məhəbbət hardan bilir bilirsiniz? Görür ki, orta yaşlı bir qadın, yaxud kişi gözaltı başqa kişilərə (qadınlara ) baxır və içinin o baş qalmış yerində düşünür ki, kaş, bu kişi (qadın) mənimki olaydı. Yəni müştəri nəzərləri ilə baxır. Onda gecikmiş məhəbbət həmin adamın öz boşluğundan istifadə edib aralı qapıdan boş qalmış yerə daxil olur. Bax belə. Gecikmiş məhəbbətə düçar olanlar inciməsinlər məndən, mənim düşüncəmdə səbəb budur və müalicəyə da burdan başlamaq olar. Yox, əgər bu “xəstəlik” ürəyinizcədirsə, onda sizin müalicəniz tamam başqa həkimlikdir.

Hə, deyə bilərsiniz ki, niyə durub-durub gecikmiş məhəbbətdən yazmışam, Qurban İsmayılovla Lətafət Məmmədovanın toy xəbəri bu ətrafda çox mübahisələr yaratdı və bu yazı həmin mübahisələrin məhsuludur sadəcə.

# 7397 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #