Ana-bacısı olmayanlar

Ana-bacısı olmayanlar
6 aprel 2015
# 10:44

Qohumum Z evlənmək istəyirdi. Atasız oğlan idi. Çox da kasıb ailələri vardı. Oğlan atasının uzun müddətdir ki, istifadəsiz qalmış taxta qapı-pəncərə sexini işlətməyə cəhd elədi. Cəhdi uğursuz alındı.

Camaatın vəziyyəti məlum. Ev tikdirən yox idi ki, qapı-pəncərə də sifariş eləyən ola. Sonra da plastik qapı-pəncərələr dəbə düşdü. Z sexdən əlini tamam-kamal üzdü və usta yanında köməkçiliyə başladı. Kiminsə tualeti uçandan, damını külək aparandan-aparana işi olurdu. Başını girələyirdi. Z-nın evlənmək yaşı çoxdan keçmişdi. Yaşıdlarının uşaqları üçüncü, dördüncü sinifdə oxuyurdular. Bütün günü zarıyırdı: “Saç-saqqalım ağardı, papa deyənim olmadı.” Rayonda neçə qızın qapısını döymüşdülər, hərəsi bir bəhanə ilə gətirmişdi. Biri demişdi daimi işi yoxdu, o biri demişdi yaşı çoxdu, bir başqası demişdi burnu böyükdü. Bəhanə çox idi. Z-nın ən böyük qüsuru kasıbçılıq idi.

Cavan, yaşlı, uşaq-böyük hər kəs Z-yə ağıl verirdi: əşi, rəhmətliyin oğlu, nə qalmısan qapılarda. Get birinin qolundan tut, qaçırt gətir, qohum-əqrəbanı da yığ, yüngülvarı qonaqlıq elə getsin.

Z əsir-yesir qalmışdı. Kimi qaçırtsın, necə qaçırtsın? Altında maşını yox, gözaltı elədiyi qızlardan heç biri öz xoşuyla gəlməyə razı deyil.

Günlərin bir günündə eşitdik ki, Z-nin bacısı öz rəfiqəsini qılıqlayıb, deyib, gəl səni qardaşıma qaçırdım. Rəfiqə zarafat kimi başa düşüb-doğru başa düşüb, necə olubsa, qoşulub bu Z-nin bacısına. Taksi tutublar ki, qızı rayondan çıxarıb, ara sakitləşənədək Z-nin şəhərdə yaşayan dayısıgildə saxlasınlar. Bunlar üçü şəhərə üz tutmağında olsun, qızın adamları ayağa qalxmağında.

Yolun yarısında polis postlarının birinə çatanda qız nə fikirləşibsə, qoşulub qaçmaq fikrindən daşınıb. Bir hay-haray salıb ki, gəl görəsən. Z ilə bacısı polisi heç cür inandıra bilməyiblər ki, bu qız öz xoşuyla gəlib. Taksi şoferi and-aman eləyib ki, qızın yol boyu səsi də çıxmayıb. Bu da Z-yə kömək olmayıb. Z ilə bacısını az qala tutub salırdılar içəri, ev-eşik, nə vardı satıb, güclə qurtardılar.

Azərbaycanda oğlanın qız qaçırması bineyi-qədimdən olub. “Dəli Kür” əsərinin qəhrəmanı Cahandar ağa camaatın kəbinli-talaqlı arvadını qaçırıb özünə arvad eləyir.

Nənələrimiz qızlarının qaçırılmasına faciə kimi baxmayıblar. O qədər arxayın olublar ki, qızları qaçırılanda... Yadımdadı, nənəmi hirsləndirəndə mənə şirin-şirin qarğış edirdi: “Səni görüm atların tərkində gedəsən, bala!”

Mən hansısa qızın könülsüz qaçırılmasına qarşıyam. Bu, mədəniyyətdən, insanlıqdan uzaq bir işdir. “Qafqaz əsiri” filminin qəhrəmanı tələbə Ninanın iztirablarını görmüsünüz.

Kişilərin bir çoxu düşünür ki, onların sevgisinə “yox” cavabı verən qadın sadəcə şıltaqlıq, naz edir. Məsələn, mən qız tanıyıram ki, dalınca düşən oğlanın inadını qıra bilmədiyindən təslim olub ərə gedib. Adama nə qədər elçi gələrlər? Onlarca dəfə oğlan elçi göndərib, qızın qabağını kəsib, iş o həddə çatıb ki, qızın könlü razı olmasa da, məhz o oğlana görə kənddə heç kəs cürət edib o qıza yaxınlaşmadığından, biabır-rüsvay olduğundan razılıq verib. Baxıb ki, ömür-gün gedir, ta əlac yoxdu, o oğlanı ya sevməyə çalışıb, ya da sevməsə də ərə getmək xatirinə gedib.

Çox maraqlıdı ki, mən zorla əl-qolu bağlanaraq qaçırılıb aparılan onlarla qadın tanıyıram ki, indi əriylə xoşbəxtdi və ərini sevir. Vaxtilə elədiyi şıltaqlığa görə özünü qınayır, hətta belə cümlə də işlədir: “Ağlım yox imiş ki, o vaxt mənim. Guya indi bundan yaxşısını tapacaqdım?” Bu tale ilə barışmaqdı, yoxsa illərlə bir yerdə yaşadığı kişiyə alışmaqdı, bəlkə də sevgidi, bilmirəm nədi... Amma sonu yaxşı bitən əhvalatdı.

Azərbaycanda əvvəllər də bir gənc qızı dörd oğlan bir yerdə qaçırırdı. (Toyuq deyil ki, günün günorta vaxtı oğurlayasan). Amma o qız bir nəfərin arvadı olurdu. Qalan üçü dostuna, əmisioğluna, bibisioğluna kömək edirdi. Kömək edirdi ki, ailə qursun. Kiminsə uşağının taleyi ilə oynamaq üçün bu addımı atmırdılar. Dörd oğlanın bir gənc qızı qaçıraraq zorlaması, sonra bir düzdə buraxması Azərbaycan üçün görünməmiş işdir. Vallah, kim nə deyir desin, mən üzümü o oğlanlara tutub demək istəyirəm: “Sizin ananız, bacınız yoxdu?” Anasına-bacısına hörmət qoyan oğlan belə bir iş tutarmı? Çünki bu iki primitiv cümlədən başqa həqiqətən ağlıma gəlmir ki, bu adamlara nə demək olar? Bu adamlarla necə davranmaq olar?!

# 1257 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #