Bekketin utancaqlığı

Bekketin utancaqlığı
10 may 2018
# 13:30

Eyyub Məmmədov

- Dünən ! Bu nə deməkdir? Dünən !

- Dünən bu lənətəgəlmiş gün başlamazdan əvvəlki günə deyilir. Mən sənin mənə öyrətdiyin sözləri işlətməklə danışmağa çalışıram. Əgər bu sözlərin sənin üçün daha heç bir əhəmiyyəti yoxdursa , onda zəhmət çək mənə başqa sözləri öyrət. Ya da imkan ver susum.

Samuel Bekketin “Endşpil” əsərindən.

Bekket çox qəribə bir insandır. Təkcə fenotip olaraq ilk baxışdan qarşısındakı istənilən adamda maraq cəlb eləyən yazıçının daxili dünyası da elə siması qədər ahəngsiz və narahat görünür. Bilmirəm, bəlkə də bu narahatlıq onun gənclik illərində Coysla tanışlığındandır irəli gəlir, ya nədir, amma dəqiqi budur ki, bu tanışlıq onun istər dünya görüşün formalaşmasında, istərsə də fəlsəfi-estetik seçimində böyük rol oynayıb. Coys kimi bir dühanın qızı tərəfindən təklif olunan sevgini rədd etməsi də elə bu qəribəliyin təcəssümüdür. Və yaxud da başqa bir misal. Olsun ki, bu səpkidə bir lətifə onun əsərlərində oxucunu təəccübləndirə bilsin, amma, bu həqiqətdir. Bekket bəzən özünə yaraşmayan öldürücü sinizmini işə salır:

- Tanrı belə bu dünyanı altı günə yaratdı. Sənsə bir paltarı üç aydır tikib qurtara bilmirsən.

- Bir onun yaratdığı dünyaya bax. Bir də mənim tikdiyim paltara .

Beketti ilk dəfə dörd il bundan qabaq oxumuşdum. Son günlərdə yenə oxudum. Bu dəfə başqa əsərlərini. Amma effekt yenə eynidir. O vaxt oxuyanda hansı hissləri keçirmişdimsə bu dəfə də eynisini yaşadım. Və Bekket ömrün harasında olursa olsun səninlə qarşılaşırsa hiss edirsən ki, bu qarşılaşma sonuncu deyil. Belə bir şey yenə nə vaxtsa təkrarlanacaq. Aradakı zaman intervalı isə insan ekzistensiyasının ən ağrılı məqamıdır. Bekket intervalı özünə məxsus metafora ilə izah edir:

“Otaqdakı iki əşya ən vacib əşyadır mənimçün . Yemək qabı və tualet üçün qab”.

Ömrü bu iki əşya arası intervalında görən Bekketin əsərlərində qəribə bir auditivlik var. Üstündən dörd il müddət keçməsinə baxmayaraq “Molloy”-un finalındakı yağışın səsi hələ də qulağımdan çəkilmir. Ancaq sözün ilkin olduğuna inananların dünyasında söz varlığı vizual cəhətdən ifadə edə bilmədiyindən Bekketin üslubunda təsviretmə, duymağa nisbətən daha müşkül məsələdir. Bir növ xəstə assosasiyaların yaratdığı boğulmağa bənzədiyindən mətnin ortasında məzmunun əlini-ayağını yığmaq olmur. Bekketin əlsiz, ayaqsız, dilsiz, kar qəhrəmanlarından fərqli olaraq mətni oynaqdır - daim hərəkətdədir. Mətn sənə gəlmir. Gərək sən onun ardınca gedəsən. Və bu trofeyi qazanmaq üçün Bekket oxucunu bir xeyli yorur. Bütün bu əziyyətin sonunda isə görürsən ki, əslində , biz mətndəki situasiyaya deyil, situasiyada baş verən hadisələrə deyil, o hadisələrin doğurduğu effektə proeksiya olunuruq.

Onun qəhrəmanları çoxluq olaraq bu gündə - bu gün üçün yaşaya bilməyənlər – keçmişin xiffətini çəkənlərdir. Və burada biz Bekketdən insan sevgisinin sərhəd tanımayan bir özəlliyini görürük. Qəhrəmanlarının məhv olmaması üçün Bekket onları yaddaş pozuntusuna düçar edir. Əks halda həyatını lent yazısındakı kimi özüylə daşımağa məcbur olsaydı Kropp bu keçmişi ilə üzləşməkdən məmnun qalardımı? Yəqin ki yox. Elə buna görə də Bekket mənim qəhrəmanımdır. Bekketin yaratdığı mətnin qaydaları “altı günə” yaradılmış dünyanın qaydalarına istinad etmir. Əksinə, bu “altı günlük” dünyada əbədi lənətə düçar olunmuşlara oxunmuş elegiya kimi səslənir bəzən qulaqlarımda. Daha çox iç monoloqlara yönəlmiş bu əsərlərdə insan varoluşuna baxış Kamyudan fərqli olaraq passiv faza ilə tamamlanır. Bekketin antiqəhrəmanları mənəvi şikəstlikdən daha çox bioloji şikəstlikləri ilə “zəmanəmizin məğlublarıdır”. Bu biolji şikəstlik onları dünya ilə, mövcudluqla münasibətdə əqli seçimlərdən uzaqlaşdırır. Həyat Bekketin əsərlərində özünün inkar etdiyindən fərqli olaraq ümumi bir varoluş aspektindən dəyərləndirilir, bəzən isə bu dəyərləndirilmə Endşpil nöqtəsində daha çox kor bir qəzaya tabe olma, fatalizm önündəki məğlubiyyət və nəhayətində ümumi kadrların dayanması, stop verilərək lent yazısının bitiminə bənzəyir.

Assosial və kütlə qarşısında çıxış etməkdən elə də xoşlanmayan Bekket buna görə dərs dediyi universitetdən işdən çıxır. Yəqin ki, həyatı “yemək qabı ilə tualet qabı arasındakı məsafə olaraq” görən ruh adamı üçün belə şeylər çox da müzakirə mövzusu olmamışdır heç vaxt. Ancaq, onun bir cümləsini ən pis vaxtlarımda özüm üçün sehrli bir mantra olaraq təkrarlamışam:

“Yenə də cəhd et, yenə məğlub ol! Bu dəfə daha yaxşı məğlub ol” .

# 2429 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #