Kulis Mətanət Vahidin “Hekayənin indiki zamanı” silsiləsindən “Qurbanın oğlun olsun” essesini təqdim edir.
Səmavi kitablar “müəllifi”nin dinə münasibətlərindən asılı olmayaraq bütün yazarların sələfi olduğunu deyə bilərik. Dünya ədəbiyyatında dini motivlərə müraciətin onlarla uğurlu nümunəsi var: onlara istinadən müəlliflər insan zəkasına, inancına, Allah və din anlayışına fərqli münasibətlər nümayiş etdirirlər.
Səmavi kitablarda, demək olar ki, haqqında söz açılmayan heç bir mövzu yoxdur – həyat və ölüm, sevgi və nifrət, doğru və yalan, bağışlama və qisas, sədaqət və xəyanət kimi hər zaman insanın maraq dairəsində olan məsələlər bu və ya digər dərəcədə orada əksini tapır. Yazıçı üçün dini motiv də material ola bilər, bir şərtlə ki, mətn həmin mövzunu aktuallaşdıra bilsin, müasir insanın yaralarına toxunsun. Quranı da digər səmavi kitablar kimi, doqma olaraq qəbul etməyin əleyhinəyəm; oradakı mətnlər şərhə, çözümə açıqdır və xüsusən, yaradıcı insan üçün saysız-hesabsız yaradıcılıq imkanları açır.
Ötənlərdə Mirmehdi Ağaoğlunun Quran süjetləri əsasında yazılmış iki hekayəsini oxuduq: “Qurban” və “Nuhun xarratı”. Quran motivləri böyük İslam mədəniyyətinin əsasını təşkil edir. Digər səmavi kitablar kimi, o da insanları düşündürən xeyli məsələləri əhatə etdiyi üçün bütün dövrlərdə aktuallaşdırıla bilir. Hekayələrə gətirilmiş bu süjetlər İslamın müqəddəs kitabından çox əvvəllər digər səmavi kitablarda artıq yer almışdı – müəyyən dəyişikliklərlə Quran onları yenidən xatırladır.
M.Ağaoğlunun bu hekayələri Quranın ilk baxışda “epizodik” təsir bağışlayan, lakin əslində, dinin mahiyyətini üzə çıxarmağa vasitə olan fiqurları ilə bağlanan ayrı-ayrı rəvayətlərlə dialoqdur.
Diqqətimi isə daha çox “Qurban” hekayəsi cəlb edir: burada dini süjet modernləşdirilsə də, hadisələr, demək olar ki, eynilə təsvir olunur, bir fərqlə – hekayədəki İbrahimin allahı vəzifə aldığı valisidir, məşğulluq idarəsindəki postu, qazandığı puludur. Analoqu olmayan tədbir keçirmək arzusu ilə - Qurban bayramı “təbii” alınsın deyə, şəhər valisi İbrahimdən hamının gözü qarşısında oğlu İsmayılı qurban kəsməyi tələb edir. Əgər İbrahim peyğəmbər Allaha sevgi və sədaqətini nümayiş etdirmək üçün ona bir başqa sevdiyini – oğlunu qurban verməyə hazır idisə, “Qurban” hekayəsindəki İbrahim adı Allahqulu olsa da, iblisə qulluq edən valinin əmrini yerinə yetirməyə razılaşaraq allahsızlıq edir.
M.Ağaoğlunun Qurban bayramı günü yayımlanan bu hekayəsi oxucunu İsmayıl qurbanı ilə bağlı bəzi məsələlər haqqında düşünməyə də sövq edir. Biz inanclı insanlar olaraq, kor-koranə qəbul etməyə alışmışıq, bəzi şeyləri müzakirə etməkdən belə çəkinirik. Dərhal qeyd edim ki, əsla heç kimin dini inancını şübhə altına almaq, dəyərlərinə toxunmaq kimi bir niyyətim yoxdur. Lakin şüurlu insan olaraq, beynimizdə cığır açan suallar ətrafında düşünmək, onları müzakirə etmək hüququmuz, təbii ki, var.
Qurban bayramları ərəfəsində məni həmişə bir sual düşündürür: məgər sevginin sübuta ehtiyacı varmı? Allahı necə tanıyırsansa, o məhz o cürdür. Mən Allahın öz bəndələrini insanın öz övladlarını sevdiyindən artıq sevdiyinə inananlardanam və insan belə, öz sevdiyinə sınağın bu miqyaslısını qıymazsa, Allahın öz bəndəsinə bunu qıya biləcəyinə inanmıram. Onun belə bir qurbana, yaxud onun vasitəsilə sınağa ehtiyacı olduğunu düşnmürəm.
İslamdan və ümumiyyətlə, təkallahlı dinlərdən çox öncələr də qurbanetmə mərasimləri vardı və insanlar allahlarına müxtəlif canlılarla yanaşı, insanları da qurban edirdilər. Fikrimcə, monoteist dinlər onlardan fərqini - ədalətli, insanpərvər din olduğunu nümayiş etdirmək üçün İsmayıl qurbanı ilə bağlı rəvayəti uydurmuşdur. Qurandan öncəki kitablarda İbrahimin hansı oğlunu - İsmayıl, yoxsa İshaqı qurban etməli olduğu sualı açıq qalır. İslam alimləri isə bu məsələdə daha çox yekdillik nümayiş etdirirlər.
Allahın əmri və mənəvi normaların qarşılaşdırılması baxımından fikirlərimi İ.Kantın sözləri ilə ifadə etməyi məqsədəuyğun hesab edirəm. “Fakültələrin mübahisəsi” traktatında filosof qeyd edir ki, oğlunun qurban verilməsi əmrini alan İbrahim belə cavab verməli idi: “Mən əminəm ki, öz xeyirxah oğlumu öldürməməliyəm, amma mənə bu əmri verənin Allah olduğundan isə əmin ola bilmirəm.” Kantın “mənəvi dəyərlərə uyğun olmayan Allahın əmri ola bilməz” düşüncəsiylə razılaşmamaq olmur. Və elə bu nöqteyi-nəzərdən yanaşaraq, bəzi dini ayinləri Allahın ünvanına böhtan kimi qəbul edirəm.
Qurban yalnız onu tələb edənin qəddarlığının göstəricisi deyil, həmçinin və ondan daha da artıq qurban edənin qəddarlığıdır. Birinə “sevgi” və itaətini nümayiş etdirməli olduğu halda, digər tərəfdən insan qəddarlıqların ən dəhşətlisinə əl atır: övladını kəsməyə - nəyin, kimin uğrunda olursa olsun – bu, absurddan başqa bir şey deyil. Doğrusu, səbəb nə olursa olsun, hər hansı bir yolda könüllü şəkildə övladını qurban edə bilən valideyn məni qorxudur – istər müasir dövrümüzdə olsun, istərsə də peyğəmbərlər dövründə.
“Qurban” hekayəsində baş verənlərin absurd olduğunu, gerçək olmasının mümkünsüzlüyünü düşünürük. Amma öz əli ilə başını kəsməsə də, övladını nəyəsə, kiməsə, nə üçünsə qurban verən valideynlər o qədərdir ki... Müəllif sətirlər arasında gizlicə bunun da mesajını verir - sadəcə oxuyan üçün deyil, oxuyub düşünən diqqətli, həssas oxucu üçün...
Günlərin birində Onore de Balzakın dostlarından biri mansarddakı yazıçının yanına qalxmaq istərkən onun qəzəbli qışqırığını eşidir: “Mən sənə göstərərəm, alçaq!” Dostu Balzakın köməyinə tələsir, lakin içəri girib görür ki, o, masa arxasında oturub yazmaqla məşğuldur; sən demə, yaratdığı obrazına qəzəblənirmiş. Müəllifin obraza münasibəti onu hansı boyalarla təsvir etməsindən bəlli olur.
Mirmehdi dəyərlərini qorxularına uduzmuş qəhrəmanına nifrətini onu gülünc vəziyyətə salmaqla bildirir: “Mə... mə... mə...” - deyə valinin hüzurunda sözünü deyib başa vura bilməyərək “mələyən”, göstəridən sonra utandığından oğlunun üzünə baxa bilməyən İbrahim özü qurbandır – nəfsinin, acizliyinin, vicdansızlığının qurbanı.
Dini rəvayətdə olduğu kimi, hekayədə də oğlunun əvəzinə, İbrahimə kəsməsi üçün qoç göndərilir – bu dəfə qaldırıcı kranla. Düşünürük, doğrudanmı, İbrahimin oğlunu qurban kəsməyə razılaşmaqdan başqa çarəsi yox idi? Nədir insanı bu cür çıxmazlara salan? Hekayədən də göründüyü kimi, itirmək qorxusu.
Vali tərəddüd edən İbrahimin sözünü kəsərək onu hədələyir: “Kəs səsini! Sən öləsən səni iti qovan kimi qovaram! Nəslini bu rayondan didərgin salaram! Nə qədər ki, mən bu rayonda valiyəm, çörək tapmazsan. Arvadını da, qızını da... müəlliməlikdən çıxartdırram! Bütün günü maşınla rayonu bir-birinə vuran o avara oğlunu da basdırram içəri! Mənlə zarafat eləmə!”
İnsan gərək itirməkdən qorxmaya, qorxduğu dəyərlərini itirmək ola. Öz potensialına inanan insan bilir ki, burada olmasa da, bir başqa yerdə ona mütləq iş tapılacaq; daha az gəlirlə, daha çox əziyyətli, amma hər halda, bir parça çörəyi öz halal zəhməti ilə qazana biləcəyi bir işi olacaq. Belə olanda itirməyin dəhşətli qorxusu qarşısında insan vicdanını itirmək yolunu tutmur. Düz deyiblər, insan suya düşdüyü üçün deyil, sudan çıxa bilmədiyi üçün boğulur. Amma suya düşməmək ehtiyatını əldən verməmək sudan çıxmaqdan ötrü çabalamaqdan daha rahatdır. “Hər şeyinizin əlinizdən alınmasına göz yumacaq, susacaq, hər şeyinizi qurban edəcək qədər kiçilməyin, yox olmayın” - deyir “Qurban” hekayəsi. Reallığın içərisindən seçilmiş və konkret süjetlə ustalıqla uyğunlaşdırılmış bir nümunə, bir dərsdir bu hekayə - ibrət götürən üçün.
“Qurban” hekayəsində bədii təhkiyə, hadisədən hadisəyə keçidlərin fərqliliyi maraq doğurur. Lakin konkret zaman və məkana konkret söz və ifadələrlə göndərmələri mətnin qüsurlu cəhəti hesab edirəm. Çünki bu halda, mətn yazıldığı zaman artıq çözülmüş olur. Oxucu üçün isə bu cür mətnlərin “gizli kodlar”la yazılması daha “faydalı”dır.