Meşşan qadınlarımız

Meşşan qadınlarımız
29 sentyabr 2014
# 11:45

“Patrisiya:

- Sən mənə “Dior”dan don alarsan?

Mişel:

- Heç vaxt. Ən yaxşı donlar hazır geyimlərin satıldığı dükanlarda olur. Yox, “Dior”dan don almaq lazım deyil”.

Jan Lyuk Qodarın “Son nəfəsdə” filmindən

Facebookda - Çe Gevaranın rəsminin fonunda sanki hansısa firmanın məhsulunu reklam edirmiş kimi poz verən gənc qızın profilinə rastladım.

Bərabərlik, sosial ədalət, insan istismarına, kapitalizmə qarşı mübarizə aparan Çe Gevara ilə moda industriyasının təbliği ruhunda nümayişkaranə poz verən gənc qız arasında əlaqə tapmağa çalışıram.

Ən asan, məntiqli cavabın üzərinə dayanıram: qadın təbiətcə burjuadır.

Məsələn, biz Çe Gevaranın təsviri olan boyunbağı taxırıq və ya köynək geyirik, amma bu zaman onun şəxsiyyəti, mübarizəsinin motivləri bizi maraqlandırmır. Çünki onun adı hər şeydən əvvəl bizim üçün populyar markadır, brenddir. Gevara fondur və biz bu fonda mümkün qədər özümüzü qabartmağa çalışırıq. Və bu halda kapitalizm dünyasının alğı-satqı obyektinə çevirdiyi Çe Gevaranın şəxsiyyəti ikinci plana keçir.

Sosial şəbəkələrdə qadınların paylaşdığı fotolarda meşşanlıq intonasiyası güclüdür. Fotolarda qadın hamıdan yaxşı, fərqli, çəkici görünmək iddiasındadır. Qiyafətlərini, aksessuarlarını, ayaqqabılarını və bunların marka olduğunu xüsusi vurğulamaq istəyir. Aldıqları geyimləri sosial şəbəkədə paylaşmaq da məhz qadınlara məxsusdur.

Tanış bir qadın var. Yeni aldığı donu geyinən gün etiraz aksiyasına cağırılmışdı. Çox düşünüb daşındıqdan sonra getməkdən vaz keçdi. Düşündü ki, birdən orda nəsə baş verər, qarışıqlıq yaranar, arada donun cırılar, ya ləkə düşər.

Keçən il idi deyəsən. Qan Turalı, Seyfəddin Hüseynli, Qismətlə eyni məclisdəydik. Onlar hansısa ədəbi əsəri müzakirə edirdilər. Arada üzümə baxıb danışır, fikirlərinin təsdiqini tapmağa çalışırdılar. Mən də özümü guya onları dinləyirəmmiş kimi göstərirdim, yalandan başımı tərpədirdim. Əslində başqa şey düşünürdüm. Beynimdə şüur axını fırtınası baş verirdi yenə : “Nə darıxdırıcı söhbətlər edirlər, intellektual-kitab kişilər bu söhbətlərlə adamın ömrünü çürüdərlər. Görəsən, özümə necə dodaq boyası alım, birdən mağaza bağlanar, mütləq bu gün almalıyam. Hələ aptekdən də gün kremi, kokos, şaftalı, itburnu yağı almaq lazımdır. Ay Allah, başım da ağrımağa vaxt tapdı, gedən kimi lavanda vannasında dincəlmək lazımdır, yoxsa vaxtından əvvəl qocalaram”.

Qadın formaya, görüntüyə önəm verir. Onun üçün gözəl görünmək, markalardan geyinmək sosial statusdur. Özünü təsdiqdir. Natamam eqosunu tumarlamaqdır.

Təsadüfi deyil ki, reklam, moda və gözəllik sənayesinin əsas siması, qəhrəmanı qadındır.

Amerika yazıçısı, siyasi fəal, qalmaqallı feministlərdən biri Naomi Vulf “Gözəllik haqda mif” əsərində müasir dünyada norma sayılan gözəllik anlayışını yeni baxış bucağından araşdırır. Vulfa görə kişi dünyası qadını məqsədli şəkildə gözəlliyin əsiri edir.

Mövcud situasiyada kişi təklif və manipulyasiya edəndir. Qadın isə ona könüllü təslim olan, ətalətdə yaşamaq istəyəndir. Qadın alternativ təkliflər vermək istəmir. Çünki meşşanlığı mahiyyəti diktə edir.

Məqaləni yaza-yaza beynimin bir hissəsində tamam başqa şeylər dolaşır. Paralel olaraq düşünürdüm ki, sabahkı məclisə hansı qiyafətlə gedim, hava quru olsa əla olardı, burnu açıq tufli, yüngül jaket, mavi-qırmızı güllü şarfımı geyərdim və s.

Bir əlim klaviaturada qeyri-ixtiyari çönüb sabah havanın necə olacağını soruşuram. Səbəbini deyəndə, Mimehdi “Siz qadınlar busuz da. Elə ona görə də filosof çıxmayıb aranızdan. Yəqin Vircinya Vulf da roman yazanda toya nə geyinəcəyini düşünürmüş”.

# 5232 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #