Buqələmun adamlar

Buqələmun adamlar
8 aprel 2014
# 11:46

Ramilə Qurbanlı yazır...

Kişilər bir olmur, atam balası, -

qorxağı var, igidi var...

Adamlar bir olmur. Sadəsi var, mürəkkəbi var. Yaxşısı var, pisi var. Eləsi var mələk cildində görünür, tanıdıqca bu mələyin içində iblis oturduğunun şahidi olursan. Yaxud əksinə, adam var ki, üzündən zəhrimar tökülür, ünsiyyətdə olduqca aydınlaşır ki, adam əslində göründüyü kimi deyil, qəlbən kövrəkdir, həssasdır, əlindən də pislik gəlmir. Sadəcə həyat tərzi, keçdiyi kəşməkəşli yol onun simasına zəhrimar hopdurub.

Adam var həqiqəti dediyi üçün sevilmir, hamı ondan uzaq durmağa çalışır, çünki həqiqət acıdır və heç kimə lazım deyil. Şirin yalan deyib “sevimli” olmaq indi daha çox dəbdədir. Bunun üçün gərək səmimiyyət deyilən nəsnə səndən çox-çox uzaqlarda olsun, ağzını qoyub Allah yoluna, ağına-bozuna baxmadan yalan de, nə qədər lazımdır, bu arada vicdanı da dan, insana xas nə varsa, hamısından da əl çək, ol bir manqurt. Məsələn, keçəl qıza de ki, ölürəm sənin hörüklərin üçün, sənə çox yaraşır. Yaxud alçağın birinə de ki, sən bu qədər insanpərvərsən, Allah gözdən-nəzərdən saxlasın bu insanlığını. Bu gedişlə işin xod gedəcək, hamıya sən lazım olacaqsan, hamı tərifdən xoşlanır, tənqid kimsəyə gərək deyil.

Nə badə, dostcasına bir tənqid deyəsən, səmimiyyətlə, hər şeyin onun üçün yaxşı olmasını ürəkdən istəyərək – qəbul olunmayacaq, əksinə onun üçün dost olduğun anda düşmənə çevriləcəksən. Bir gün görəcəksən ki, gerçək dostun səndən çox uzaq düşüb, onu istəməyən, amma yalandan tərifləyən kəslərlə oturub-durur, üstəlik sənə də çəpəki baxır.

Adam var ki, elə üzünə baxan kimi bilirsən ki, bu adam müsbət adam deyil, daxilən nə isə bir itələmə qüvvəsi hiss edirsən onda. Aydınlaşdıra, soruşan olsa izah belə edə bilmirsən bu necə adamdır, amma özün öz həqiqətinə inanırsan-bu adam yaxşı adam deyil, vəssalam. Əksər hallarda da belə olur. Bu da qorxulu deyil, çünki adam zatən simasından bəlli edir.

Elə gözəl insanlar var-baxan kimi insanın simasında bir nur görürsən, səni özünə çəkir, onunla ünsiyyətdən zövq alırsan, həyat eşqin artır, aurası adamı insanlığa kökləyir. Nə gözəl, kaş, belələri çox olsun həyatda.

Ən dəhşətlisi odur ki, qarşındakı haqqında müəyyən bir fikrə gələ bilmirsən, bəzən sənə yaxşı təsir bağışlayır, bəzən pis. Buqələmun kimi dəyişkəndir, dünən pislik etdiyinin şahidi olursan, bu gün o elədiyini qarşında elə əsaslandırır, özünü sənə elə göstərir, deyirsən yəqin adam bir şey bilib ki, elə eləyib də. Özlüyündə haqqında bir qərar verə bilmirsən, bir gün sənə elə gəlir ki, bu adam nə isə gizli işlər çevirənə oxşayır, sabahısı gün onun haqqında dünən düşündüklərin üçün özünü qınayırsan, özündən şübhələnirsən ki, adam haqqında heç nədən bədgüman olmusan. Özünü sənin ən yaxın adamın kimi göstərib ayağının altını elə ustalıqla qazır ki, beləsi uçuruma yuvarlanırsan və ilk “köməyinə çatan” da özü olur, halına yanırmış kimi, əl uzatmağa hazırmış tək. Amma əl uzatmır, bu an şübhələnirsən, sabah yenidən ondan şübhələndiyin üçün özünü qınayırsan... Beləcə uzun illər, bəlkə də ömür boyu onun əsil siması bəlli olmur. Beləsi çox qorxuludur, çox.

Qalan bütün insanlar bir olmasa da, insandır.

Bir də əsas odur özün özünü müəyyənləşdirməyi bacar-mən necə insanam, dəyişə bilməsən də-necə olduğunu bil.

Kişilər bir olmur, atam balası, -

qorxağı var, igidi var...

# 4238 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #