Doğulub-böyüdüyüm və təhsil aldığım Saray qəsəbə orta məktəbinin yolu Kamil əminin “stolova”sının yanından keçirdi… O vaxt biz “stolova” filan bilməzdik, hətta oranın həndəvərinə yaxınlaşmağa belə cürət eləmirdik… Böyüklərin bizi oralarda görüb valideynlərimizə deyəcəyindən qorxurduq… Nə isə, ora bizim üçün əlçatmaz bir yer idi… Amma hərdən orda heç vaxt görmədiyimiz göy rəngli bir “Ford” dayanardı… O vaxt biz heç o maşının “Ford”, ya başqa bir marka olduğunu da bilmirdik, eləcə “uy daa, xarici maşın” deyib, ilk dəfə gördüyümüz bir avtomobilə uzaqdan həvəslə baxardıq… Bir dəfə deyəsən dərsə gecikmişdim, elə həmin o Kamil əminin “stolova”sının yanından keçəndə bu göy “Ford”un yaxınlaşdığını görüb, tələsməyimə baxmayaraq ayaq saxladım… Maşın yaxınlığımda dayandı… Kamil əmi maşından düşüb “alə, ay uşaq, gələ bu kanistri get quyudan bir az su doldur gətir” dedi.
Mən yerimdən tərpənmirdim, avtomobilin sürücü yerində televizordan tanıdığım aktyor Səyavuş Aslan oturmuşdu… O, mənim ona necə maraqla baxdığımı görüb aşağı düşdü və gülümsəyərək bizim doğma Saray ləhcəsiylə “alə, ay qırışmal, eşitmirsən sənə nə diyirlər?” dedi… Mən tez kanistri alıb cumdum quyuya tərəf… Qabı yaxaladım, ağzınacan doldurub gətirdim…
Kamil əmi mənə “hə, sağ ol, hindi davay, birbaş mektəbüvə!” dedi… Bu vaxt aktyor Kamil əmiyə: “diyan ay əmioğlu, mektəb qaçmır ki”, sonra mənə: “alə, bacıoğlu mənə görə nə qulluğun?” dedi… Mənim fikrim həm də “göy maşında” qalmışdı… “Olar bir az maşında oturum?” dedim… O, bərkdən gülərək “alə, maşın qurbandu sənə” dedi… Məktəb artıq yadımdan çıxmışdı, həm də maşında ona görə oturmaq istəyirdim ki, gedib sinifdə and içib, yalan danışana böyük yerdən söyüş qoyub uşaqlara deyim, “mən o xarici maşında oturdum".
Səyavuş əminin məndən xoşu gəlmişdi deyəsən, Kamil əminin etirazlarına baxmayaraq məni kababa qonaq da etdi… Nə isə, həmin gün mən dərsə getmədim, amma əvəzində həvəsində olduğum o “göy maşın”da oturdum, aktyorun bizim Kamil əminin doğmaca əmisi oğlu və saraylı olduğunu da bildim, ilk dəfə bizə həmişə qapıları bağlı olan “stolova”ya da girdim, hətta orda oturub Səyavuş Aslanla və Kamil əmiylə kabab da yedim… Onu axırıncı dəfə Kamil əminin yasında gördüm… Amma birinci dəfə ağlayan… (Nədənsə uşaq vaxtı hamıya elə gəlir ki, adamı güldürən adamlar heç vaxt ağlamırlar)
Bir də onunla 1995-ci ildə AzTV-da yeni işə başladığım vaxt qarşılaşdıq. Tamaşada çəkilişdə idilər. Yaxınlaşıb salam verdim, məni tanımadı. Amma mən özümü ona nişan verdim. Özünəməxsus tərzdə “ooo bacıoğlu, böyük kişi olmusan ki, maşallah” dedi… Kəndə çoxdan gəlmədiyini söylədi, bəzi adamları xəbər aldı… Mən ona zarafatla “Səyavuş müəllim, uşaqlıqdan Sizə bir qonaqlıq borcum var, çəkilişdən sonra hara deyirsiz gedək” dedim… O, bərkdən gülərək “alə, mən day kəbleyi adamam, stolovaya zada getmirəm” söylədi. Amma hərdən bulvarda “məşhur çayxana”da görüşüb, söhbət edərdik…
Onunla hər görüşdən sonra evə gələndə yenə məhlə uşaqlarına Səyavuşla çay içdiyimi, söhbət etdiyimi elə hardasa o vaxtkı “uşaq sevinci” ilə danışırdım (amma bu dəfə andsız və söyüş qoymadan, çünki artıq böyümüşdük və həm də bu normal idi, çünki mən TV-da işləyirdim), dinləyənlər də elə o “uşaq təəccübüylə” dinləyirdilər… Çünki Səyavuş Aslan həm də bizim kəndin FƏXRİ idi…
Deyirlər həyatda əvəzolunmaz, təkrarolunmaz insan yoxdu. Çoxu bu fikirlə razılaşsa da, mən bu fikirlə heç vaxt razılaşmamışam… Niyə…? Bax indi Siz deyin, Qurban dayı, Dadaşbala, Saqqal Ramiz, Mindilli, Şubay, Hacı Kəmyab bundan sonra Səyavuşdan savayı kim olacaq…? Amma onlar hamısı Səyavuş idi…