Xain Hüseyn Cavid

Xain Hüseyn Cavid
6 aprel 2013
# 07:30
Kənan Hacı

İndi çoxları öz nəsil şəcərəsini qurmağa çalışır, yeddi arxa dönənini axtarıb tapır, bəziləri bu nəsil şəcərəsinin budağını qəsdən əyərək aparıb gah Şah İsmayılın, gah imamların, gah da xan-bəy nəslinin üzərinə yönəldirlər və beləliklə, izi dolaşıq salıb gələcək nəsillər üçün problem yaradırlar. Guya bunlar xan-bəy nəvələridirlər, köklü nəsildirlər. Amma tarix bu saxtalığı qəbul eləmir. Gərək bunu unutmayaq.

Mənim anamın atası Mir Cavad Səttarxanın yaxın silahdaşlarından biri olub, məşrutə inqilabında fəal iştirak edib və tutatut başlayanda at belində bu taya qaçıb və gəlib Buzovna kəndində qərarlaşıb. Həmin gün onun bütün silahdaşlarının artıq soyumuş cəsədi Təbrizdə dar ağacında yellənirdi. Ata-anası, qardaş-bacıları o tayda qalıb. Buzovnada kargüzarlıqla məşğul olan Muxtar kişinin qızı Bikə ilə evlənib, elə bu kənddə də yaşamağa başlayıb. Bu izdivacdan iki oğul, üç qız dünyaya gəlib. Murtuza, Müştəba, Möhtərəm, Ələviyyə, Xədicə.

Övladlarından heç birinə atalarının vətənini görmək qismət olmadı. Anam Təbrizi görməyi necə də şiddətli şəkildə arzulayırdı... Bu şəhər həmişə mənim üçün əfsanəvi bir tülə bürünmüş, heç vaxt gerçəkləşməyəcək uzaq, dadlı bir xəyal olmuşdu. Amma sən saydığını say, gör fələk nə sayır. Anama nəsib olmayan xoşbəxtlik gözlənilmədən mənə nəsib oldu; mən adi günlərdən birində sübh tezdən Bakıdan çıxıb axşam Təbrizə yetişdim. İlahi, Təbrizə yol bu qədər yaxın imiş!.. Bu barədə “Ömürdən uzun həsrət” adlı yol qeydlərimdə təfsilatı ilə yazmışam. Biz şəhərə çatanda hava büsbütün qaralmışdı və selləmə yağış yağırdı. Təbrizdə qaldığım ilk gecə içim təlatümləndi, bir şeir də yazdım:

Babam Təbrizdə doğuldu,

mən Bakıda,

Təbriz anamın ömürdən uzun həsrəti oldu,

İndi mən Təbrizdəyəm;

şəhərə yağış yağır,

məni qarşılamağa gəlmiş Səttarxana:

- Mən Cavadın nəvəsiyəm,-deyirəm.

- Nə yaxşı gəldin!-deyir,

- bilirdim gələcəksən.

Baban Təbrizdən çıxanda da

yağış şəhəri islatmışdı,

məşrutəçilərin cəsədləri

dar ağacında

inqilab saatının kəfgiri təki yellənirdi,

boş qalmış kəndirdə

qara bulud boğulmuşdu;

ora babanın yeriydi...

Onun bir “Zinger” tikiş maşını vardı, bu yaxınlara qədər qalmışdı, bu tikiş maşının aqibəti haqqında irəlidə danışacağam. Babam züryətini dərziliklə dolandırırmış, köhnə kişilərin dediyinə görə, yaxşı kostyumlar tikərmiş, hətta qaragülə papaq tikdiyini də deyirlər. O, kənddə Ağa adıyla məşhur imiş, heç kəs onun əsl adını bilmirmiş. Anam Xədicə xanım danışırdı ki, Ağanın çox güclü savadı vardı, ərəb-fars dillərini yaxşı bilir, bu dildə tarixə, astronomiya elminə, təbabətə, dinə aid kitablar oxuyurdu. Zəngin kitabxanası olub, təəssüflər olsun ki, vəfatından sonra bu kitabxana nadan insanların əlinə keçib və son dərəcə qiymətli kitablar it-bata düşüb. Anam danışırdı ki, Ağa Hüseyn Cavidin “İblis” əsərini dönə-dönə oxuyurdu, şairin qara cildli kitabını əlində sanballayıb “bu kitabın qiyməti yoxdur!” deyirdi. Rəhmətlik mütərəqqi fikirli adam idi. 37-ci il repressiyası başlayanda Hüseyn Cavidi də həbs edirlər və bu xəbər Ağaya çox pis təsir edir. Çoxları ona deyirmiş ki, o vətən xaininin kitabını evindən rədd elə getsin, sonra başın ağrıyar. Amma Ağa ömrünün son gününəcən o kitabı heç kəsə vermədi.

37-nin tutatut vaxtlarında İrandan bu taya qaçıb gələnləri Qırğızıstana, Qazaxıstana sürgün edirdilər. Neçə dəfə Ağanın da sorağını alıb gəlibmişlər, onu sürgün olunmaqdan kənd camaatı qoruyub, kimdən soruşublar, deyib, o həmşəri deyil, ağır seyiddir, ona toxunmayın, cəddi sizə qənim olar. Əllərini üzüb çəkilib gediblər. Yoxsa, kişi əlli-ayaqlı gedəcəkmiş.

Ağa ağır-saytal kişi imiş, bəstəboy, qarabuğdayı adamdı, dümağ saqqalı vardı, başına həmişə fəs qoyurdu. Bizim ailə albomunda onun vur-tut bircə şəkli var. Murtəza dayımgildə də bir şəkli var, 1937-ci ildə çəkilib, həyətimizdəki çarhovuzun qırağında nəvəsi körpə Cavidlə birlikdə çəkdirib, başı açıq, ağ, uzun tuman-köynəkdədir. Bu şəkli mən lap bu yaxınlarda görmüşəm, artıq 91 yaşı adlamış dayım arvadı Mehri xala yetmiş ildən artıqdır ki, bu nadir fotonu qoruyub saxlayır. O şəkildə özünün on səkkiz yaşı var, şəkildəncə görünür ki, olduqca gözəl bir qız olub. Restavrasiyaya ehtiyacı var, deyirəm. Mənə ürək qızdırmır, “heç kimə vermirəm, it-bata düşər”, deyir...

# 3510 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #