Milli mazoxizm

Milli mazoxizm
11 mart 2013
# 11:46

“Danabaş kəndinin əhvalatları” povestində ilginc bir məqam var... İlginc məqamlar çoxdur da, mən yalnız birindən bəhs etmək istəyirəm.

Əsərin baş qəhrəmanı Xudayar bəy Zeynəblə kəbin kəsdirmək üçün qazının yanına gedir. Qazı bu naqolay işin müqabilində ondan bir kəllə qənd istəyir. Bəyin pulu yoxdur... Amma şirin dilinə salıb milliyyətcə erməni olan Karapet ağadan nisyə qənd alacağını düşünür.

Bu da Karapetin dükanı... Xudayar bəy söhbətə körpü salmaqdan ötəri Karapet ağadan çubuğunu yandırmaq üçün od istəyir.

Karapet ağa onun üstünə acıqlanıb dükandan qovur. Ancaq Xudayar bəy getmir, xoruz ədasıyla “mən elə-belə adam deyiləm, filan kəndin katdasıyam”,- deyir. Karapet ağa daha da əsəbiləşir: “Başlaram sənə də, sənin kəndinə də!”

Əlindəki şallağın burda işləməyəcəyini anlayan bəy anındaca çevik beynini işə salır, yağlı müştəri olduğuna işarə vurur. Bu zaman erməni (xarakterə diqqət!) yüz səksən dərəcə dönür...

Elə ki, Xudayar bəyin qəndi nisyə almaq istədiyini bilir, çıxış vəziyyətinə qayıdır və deyir: "Di get, çıx get! Tez ol get burdan! Elә bu saat çıx get."

Mirzə Cəlilin əsərlərinin motivləri ilə çəkilmiş “Qəm pəncərəsi” filmində isə (ssenari müəllifi və rejissoru Anar) Səyavuş Aslanın canlandırdığı Karapet ağa belə deyir:

“Rədd ol burdan, supa oğlu supa!”

Mirzə Cəlil yaratdığı situasiyada yazıçı təmkinini pozmur, amma Anarı əsəbiləşdirir.

Açığını deyim ki, mən bu məsələdə hörmətli baş yazarımız Anar müəllimin tərəfindəyəm! Nədən ki, bu əsəri qəzəb ifadə etmədən oxumaq olmur. Bax, elə götürək Zeynəbin biricik oğlu, Xudayar bəyin qızının nişanlısı Vəliqulunu. Onun anasını sürüyüb bu qurumsaq adamın ayaqları altına sərməyinə səbirlə yanaşmaq imkansızdır. İstər-istəməz içindən keçirirsən: “Boyuna boz ip ölçüm, ay belə oğul!”

Xudayar bəy göz görə-görə Zeynəbin və Məmmədhəsən əminin ailəsini, eyni zamanda öz külfətini zəlil günlərə qoyduğu, o boyda Danabaş kəndinin əhli-əyalını şallağı başının üstündə fırlayaraq heyvan kimi qabağına qatıb istədiyi yerə sürdüyü halda rus məmurlarına yaltaqlanır, onların qarşısında quyruq bulamağı özünə şərəf sayır. Üstəlik, adi bir mağaza müdirinin qarşısında aciz qalır. Çünki o, ermənidir!

Məncə, Mirzə Cəlil bu ilginc məqamla çox dərin bir mətləbə işarə vurur: biz yalnız öz üzərimizdə qələbə çalanlardan, özümüz özümüzü zəbun edənlərdənik! Bir xalq göstərə bilməzsiniz ki, əlimizdən bizar olsun. Və bir xalq göstərə bilməzsiniz ki, dünya malı üçün özünü başqalarından daha artıq bizar etsin. Bizim şətəl yalnız özümüzə keçir.

Bu barədə Sabir də yazıb: “Öz qövmümüzün başına əngəl-kələfiz biz”

Mən isə bunu mazoxizm adlandırardım. Milli mazoxizm!

Unutmayın, mazoxizm həm də xəstəlikdir!

# 3683 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #