Peşmançılıq

Peşmançılıq
31 yanvar 2013
# 15:03

Bilmirəm nəylə bağlıdır, son vaxtlar yazıya əlim yatmır. Dəhşətli dərəcədə yorulduğumu hiss edirəm. Düşünürəm ki, bir qədər fasilə vermək məqamıdır. Belə bir hissi bir neçə il bundan öncə, lap dəqiq, 2006-cı ildə də yaşamışdım. Hətta o vaxt qəti qərara gəlmişdim ki, bir daha heç nə yazmayacağam və “Əlvida, ədəbiyyat” adlı iki hissədən ibarət olan geniş bir yazı da yazmışdım. O yazı mətbuatda dərc olunduqdan sonra səs-küyə səbəb oldu. Çünki həmin yazıda ədəbi mühitin boz-bulanıq mənzərəsini də cızmışdım və təbii ki, müəyyən adlar da çəkilmişdi…

O yazıda məni ədəbiyyatdan uzaqlaşdıran amillər geniş aspektdə təhlil olunmuşdu. O yazıdan sonra iki il heç nə yazmadım. Burda bir nə isə deyib ötüşək…

Amma bu dəfə həqiqətən də yorulduğumu hiss edirəm. Bəlkə də bu, son aylarda keçirdiyim ağır xəstəliklə bağlıdır… Başqa səbəblər də olmamış deyil. Düşünürəm ki, mənim yazmağım heç nəyi dəyişmirsə, bəlkə heç yazmayım? Bu barədə həyat yoldaşımın mənə verdiyi sualdan sonra düşünməyə başladım. Bu günlərdə yenə ədəbiyyat haqqında söhbət edirdik. O, qəfildən, heç gözləmədiyim bir cümlə işlətdi:

“Sənə qarşı laqeydlik buzu ərimir ki, ərimir. Bəs onda sən nə üçün yazırsan? Bəlkə heç yazmayasan?...”

Açığı, mənim üçün həqiqətən də gözlənilməz sual oldu. Heç vaxt onun haçansa mənə belə bir sual verəcəyini gözləmirdim…

Neçə gündür bu suala cavab tapa bilmirəm. Bəlkə elə doğurdan da “qələmi yerə qoymaq” lazımdır? Bəs sonra?.. İndən belə gedib özümə təzə bir çörək ağacı əkməyə və o ağacın böyüyüb bar verəcəyinə ömür çatarmı?!

İmkan olsa, yenidən kəndə qayıdıb sakit və dinc həyatımı yaşamaq istərdim. Con Apdaykın “Dovşan, qaç” romanının qəhrəmanı kimi bəzən insanlardan qaçmaq, qaçmaq, qaçmaq… istəyirəm. Adam bəzən öz doğma mühiti üçün vəhşicəsinə darıxmaq həddinə gəlib çatır və bu məqamda heç nəyə baxmadan çıxıb gedir, öz mühitinə qayıdır.

Heç bu qədər yorulduğumu xatırlamıram. Rəhmətlik Elçin Səlcuq darıxanda bu misraları deyərdi:

Gün gələr, sən də yorularsan yaşamaqdan,

Alnında açılar dərin-dərin qırışlar.

Gün gələr, sevdiklərin çəkilib gedər,
Sən bax, o zaman mənə bənzərsən…

Mən son vaxtlar tez-tez darıxıram və harasa uzaq bir yerə çıxıb getmək istəyirəm; elə bir yerə ki, heç kəs məni tapa bilməsin…

Həyata məğlub olduğunu dərk etməyin ağrısı çox dəhşətli olur. İyirmi, iyirmi beş yaşında özüm üçün müəyyən etdiyim hədəflərin heç birinə çata bilmədiyimi görəndə dəhşətli peşmançılıq hissi keçirirəm… Həyatımı düzgün qura bilməmişəm demək…

90-cı illərin əvvəllərində hər şeyi atıb Kiyevə gedəndə vətənə milyonçu kimi qayıdacağımı düşünürdüm. Bir müddət orda yaşadım. Bir aya bir “Jiquli”nin pulunu qazanırdım. Amma bir müddətdən sonra anamın yalvarışlarına dözməyib işimi-gücümü atdım və qayıtdım. Çünki onun məndən başqa bir kimsəsi yox idi. Nəticəsi də bu….

İndi böyük peşmançılıq hissi keçirsəm də bu, heç nəyi dəyişmir. Qatar çoxdan gedib… Əldə-ovucda göynərtili xatirələrdən başqa heç nə qalmayıb.

Neçə gündü o sualın üstündə baş sındırıram. Bəlkə…

# 3467 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #