Qadın olmaq

Qadın olmaq
25 aprel 2017
# 15:34

Deyirlər heç bir qadın bir-birinə bənzəmir. Hər bir qadında yalnız onun özünə məxsus olan cizgilər var.

O da belə özəl qadındır. Hər halda ekrandan tamaşaçıya fərqli təsir bağışlayır. Ölçülərinin qeyri-standart olmasına rəğmən, uzun müddət ətrafdakıların baxışlarını məşğul edə bilir. Zahirən gözəl olmasa da, özünəməxsus ədalarıyla cəlb edir. Yalnız ədalarıylamı? Bu xanımda sirli bir cazibə var. Əslində zahiri gözəllik anlayışı aldadıcıdır. Zövqlər mübahisə predmeti deyil. Gözəllik daha çox zövq məsələsidir.

“Qadında əsas olan gözəllik deyil, şarm və özünü təqdim etmək bacarığıdır”. Bunu məşhur fransız xanımlardan biri deyib.

Və qadın olmaq bəlkə də ən böyük incəsənətdir.

Qəhrəmanım özünü necə var, elə qəbul edib. Dəyişməyə çalışmayıb. Əksinə, öz qeyri-standart ölçüləriylə bir çox standart gözəlləri vizual olaraq üstələyib. Yəqin qadın olmaq elə budur...

Bu yaxınlarda bir tele-müsahibəsinə baxdım. Tamamilə fərqli qadın gördüm. Dəyişib, arıqlayıb. Gözlərinə xəfif kədər çöküb.

Nədənsə mənə elə gəldi ki, bu modelyer xanımın müsahibə vaxtı dedikləri, onun əsl fikirlərini gizləmək üçündür. Bütün görkəmi, danışıq tərziylə yeniydi, tamaşaçıyla fərqli təmas yaradırdı.

Və qara, sadə paltarı, xəfif kədəri ilə yenə “qadın” idi, “dişi” idi. Elə onunla üz-üzə əyləşmiş standart gözəl də “qadın olmağın” sirlərini öyrənmək istəyirdi.

“Sizin adicə şal örtməyiniz də əcaib gözəldir! Yerişiniz, duruşunuz... Bu qədər “dişi” olmağı necə bacarırsız?”

“Mənim içimdə artistlik var”, modelyer xanım deyirdi. “Və içimdə fərqli qadınlar yaşayır; Sibel Can, Hülya Avşar, Seda Sayan... Mən hər gün onlardan biri oluram”.

Bəs bu anda o kim idi? Öz qeyri-mütənasib görkəmiylə diqqətləri özünə çəkən bu qadın?.. Sibel Canmı, Hülya Avşarmı, ya Seda Sayanmı? Əslində mənə elə gəldi ki, “artistlik” mövzusuna incəliklə toxunan bu xanım bunları deməklə həmsöhbətinə sanki bir şans verir, öz “dişiliyini” bir az pərdələyirdi.

Yazımın qəhrəmanı olan bu xanım - Nur Yerlitaş Türkiyənin ən bahalı modelyerlərindən biridi. İllərdən bəridir, qadın libaslarının ən gözəl nümunələrini yaradır. Onun libasını geyinə bilmək böyük prestij sayılır.

Əvvəllər özünə məxsus kiçik bir mağazası vardı. Ən böyük arzusu isə atelye sahibi ola bilməkdi. Özündə bu yaradıcı gücü hiss edirdi. Bir dəfə Milana səfər edən Nur Yerlitaş gözəl libasların qoyulduğu bir vitrinin qarşısından keçir. Heyranlığını gizləyə bilməyən xanım öz məsum xəyallarını düşünərək vitrinin qarşısında durub ağlayır...

Günlərin birində xəyalları gerçək olur. Öz atelyesini və “Nur Yerlitaş” brendini yaradır.

“Mən həyatım boyu gözəl bədən ölçüləri olan qadınlar üçün paltar tikdim. Əslində isə mən öz xəyallarımda olan, geyinmək istədiyim, amma bədən ölçülərimin buna imkan vermədiyi libasları yaradırdım. Bəlkə də zərif, arıq olsaydım, heç vaxt belə modellər düşünə bilməzdim.”

Bu açıqlama onunla üz- üzə əyləşmiş aparıcı üçün də yenilik idi. Sual modelyerin yeni görkəminə işarəydi: “Yəni belə çıxır, bundan sonra tikməyəcəksiz?”

Modelyer yenə fikirlərini ustalıqla pərdələmişdi...

Əslində öz istəyi ilə arıqlamayıb. Bir il qabaq ağır xəstəlik səbəbindən əməliyyat keçirib. Həkim bəzi yeməkləri ona qadağan edərkən əslində həyatı boyu arzuladığı bədən ölçülərinə qovuşmaq şansı verib... Bu sirli qadının gözlərindəki xəfif kədərin sirrini indi anlayırdım. Amma xəstəliyi üzündən yaşadığı heç bir əksiklik, heç bir qüsur onun “dişiliyini”, “qadınlığını” zədələyə bilməyib.

Əksinə, fərqli, yeni bir qadın meydana çıxıb və yenə təəccübləndirib.

“Mənim içimdə hər cür qadın var. Həm qaraçı ruhlu, həm də saraylardan çıxmış kübar bir xanım. Bu qadınların biri də sənsən”. – Bu son sözləri onunla üz-üzə əyləşmiş aparıcıya aid idi. Hiss elədim ki, o anda bu standart gözəlin bu komplimentdən başqa heç bir silahı yoxdur. Bəlkə də qəhrəmanımız ona bərabər şərtlərdə “mübarizə aparmaq” şansını verirdi.

Bu maraqlı həmsöhbətə - Nur Yerlitaşa baxaraq düşündüm ki, əslində hər bir qadın özünü xilas etmək istəyr. Heç kim fərqinə varmasa da, hər an bu mübarizə gedir.

Heç bir sınağa baxmayaraq, yenə güclü qadın olmağı bacaran qəhrəmanım bəlkə də həmin an növbəti mücadiləsini edirdi. Hərdən gözlərinə xəfif kədər çökür, o isə ehmalca bir toxunuşla onu özündən kənar edərək, içindəki gözəl və əlçatmaz qadınlardan birini sərgiləyirdi...

# 2092 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #