Yuxu

Yuxu
12 dekabr 2012
# 08:00

Küçədə rastlaşdıq... Bizə tərəf gəlirdi. Onu heç vaxt görməmişdim, bəs niyə bu qədər tanış gəldi? Niyə ayaq saxladım? Nə idi küçədən keçəndən gələn bu doğmalıq duyğusu?

Məni heç vaxt görməmişdisə o niyə dayanıb baxmağa başladı? Sadəcə bu evdən çıxdığım üçünmü? Cavan oğlandı, gəzişir özü üçün, macəra axtarır - deyib keçmək istədim... məni adımla çağırdı.

Arxadan saçlarımı sığalladı... Üşəndim. Bu, nəsə fərqli bir sığal idi... Saçlarımın yarısı ağarıb, yarısı da boyanın altında hissiyatını itirib... Onlar artıq bir şey hiss edəcək yaşda deyildilər. Amma bu həmişə əskiyini hiss etdikləri birinin sığalı idi... Demək ki, dünyada heç vaxt görmədiyin insanı bir sığalından da tanımaq olarmış... Gecikmiş sığal məni ona tərəf döndərdi... Gözlərini gördüm... O idi. 29 yaşlı gənc... gedişindən 30 il keçən... yoxluğu özündən böyük olan insan...

- Mən Sizi çox axtardım... Bir gün gəldiyimdə ora xarabalığa çevrilmişdi... düz 20 il gəzdim o xarabalıqda Sizdən bir xəbər tutaram deyə. Mənim kimi bilirsən nə qədər adam dolaşır o xarabalıqda? Hamımız Sizdən bir əlamət axtarırıq o sahibsiz daş-divarın arasında.

- ...

Ürəyimdən isə keçir ki, “inanıram... Yoxsa ora boşuna “Ruhlar şəhəri” deməzdilər ki...”

- Ümidim gələn hər yerə getdim, başqa şəhərdə, kənddə yaşayan bütün qohumların evində Sizdən bir iz axtardım... Adınız belə keçmədi...

- ...

Demək istəyirəm ki, “müharibə qohumları çox dəyişdi, dünya sən görən dünya deyil...”

- Bu yaxınlarda o daş-divarın arasında atamı tapdım, o verdi mənə yeni ünvanınızı...

- ...

“Babamı bu yay itirdik” demək istəyirəm...

- Gözündəki xal olmasaydı çətin tanıyardım səni...

- ...

“Mən də xaldan tanıdım, bir də sığaldan...” deyəcəkdim...

- İşə bax... İlk dəfədir ki, özümdən yaşca böyük qadına sən deyirəm... neyləməli? Qızım məndən böyükdür...

- ...

- Yaxşı, burda dayanmayaq, məni evə dəvət eləmirsən?

- ...

- Yox, əmingilə gedək, qardaşım üçün də darıxmışam.

- ...

- Elə nigaran idim ki, atamdan bircə Sizi soruşdum. Dostlarımı da görmək istəyirəm...

- ...

- Niyə danışmırsan, qızım?

- ...

Nə danışacağımı bilmirəm... Nə deyim ona? 30 ildən sonra gördüyüm insana həqiqətləri desəm yenə ölməzmi? O, bu həyatın ancaq reklam çarxına baxmağa fürsət tapıb. Nə xəyanət görüb, nə doğmaları yadlaşıb... Nə çətinə düşüb, nə kimisə itirib... nə də... Bütün bunları bilsə yenə ölər axı... Yenə ölməsindən elə qorxuram ki, qışqırıb oyanıram...

# 5298 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #