Kulis.az Orxan Pamukun “Salman Rüşdi: Şeytan ayələri və romançının azadlığı” essesini təqdim edir.
İlk baxışda hər şey “magik realizm”lə yazılmış o romandakı şişirdilmiş səhnələri yazan, kitabına maraq oyatma xəyalları quran bir yazıçının arzularını xatırladır: böyük bir hissəsi Hindistanda, Bombeydə doğulub-böyüməyin və İngiltərədə, Londonda mühacir həyatı yaşamağın problemləri və təfərrüatları üzərində qurulmuş bir roman, Hindistanda, Pakistanda və əksər islam ölkələrində qadağan olunur. Roman və müəllifi kimi kitabın nəşr olunub satıldığı Amerika və İngiltərədə də əleyhinə mitinqlər, yürüşlər keçirilir. Kitabın satıldığı kitab evləri də təhdidlərə məruz qalır, meydanlarda kitabla yanaşı yazıçının kuklası da yandırılarkən Xomeyni romançının başına pul qoyur. Bəziləri yazıçının girdiyi dəlmə-deşikdə ömrünün axırına kimi gizlənməsinin gərəkliliyini vurğulayır, bəziləriysə estetik əməliyyatla başqa bir sifətə və xarakterə bürünüb adam arasına çıxmasını. Dünya televiziyaları bir tərəfdən ağlasığmaz həddə çatan bu insan ovunu az qala “canlı olaraq” yayımlayaraq, sui-qəsdçilərin haradan, hansı qapıdan, bacadan içəri soxulacağını təxmin edərkən, bir tərəfdən də fikir azadlığı, romançının təxəyyül dünyasının sərhədləri haqda müzakirələrə girişirlər. Fikir və söz azadlığı kimi islamiyyətlə yaxından əlaqəli olan bu mövzuda, fikir və söz azadlığı tez-tez məhdudlaşdırılan bir islam ölkəsində yaşayan bizlər isə, həmişəki vərdişimizlə qulağımızın dibində baş verən oyunu ancaq seyr etməklə, ayaq alıb yeriyən insan ovunun xarici mediadan gələn təfərrüatlarıyla başımızı qatırıq.
Xeyr, bizdə də bu mövzuyla maraqlananlar var, di gəl ki, eynən İranda olduğu kimi hadisənin üstündə o dəqiqə tullananlar romanı oxumayanlardır və ümumiyyətlə, roman oxumayanlardır: sanki mövzu islam tarixiylə bağlı teolojik bir mübahisəymiş kimi Diyanət İşləri Nazirliyinin əmri üzrə fətva komissiyası tezbazar yığışır, romanı oxumayan imamlar romanı oxumayan camaat üçün vəzlər verir, kitabı oxumayan jurnalistlər kitabı oxumayan professorlara teolojik suallar ünvanlayıb kitabı oxumayan oxucular üçün teolojikdən daha çox üz qaraldan bir xəbər başlığı qoyurlar: “Öldürülsünmü, öldürülməsinmi?”
Salman Rüşdinin “Şeytan ayələri”, eynən ikinci romanı “Gecəyarısı uşaqları” kimi son iyirmi ildə dünya romançılığında tez-tez müraciət edilən “magik realizm”in damğasını daşıyır. Mütəmadi təqlid edilən, ən yaxşı nümunələri bizdə də nəşr olunan Günter Qrassın “Tənəkə təbil”iylə Qarsiya Markezin “Yüz ilin tənhalığı” və kökü ta Rableyə qədər gedib-çıxan bu formada yazılmış romanlarda, yazıçı qəhrəmanlarını və dünyasını fiziki dünyanın qayda-qanunlarıyla məhdudlaşdırmır. Bu romanlarda heyvanların danışdığını, insanların qanadlandığını, ölülərin dirildiyini, sevimli xortdanların və kabusların baş alıb getdiyini, əşyaların canladığını və eynən “Şeytan ayələri”ndə olduğu kimi hadisələrin həmişə bir qeyri-adi həddə çatdığını görürük. Qəhrəmanların cinlər, ifritələr və şeytanlarla boğuşduğu, insanın şeytana ya da keçiyə çevrildiyi “Şeytan ayələri” əsərində əslində realist romanla da nəql edilməsi mümkün olan iç-içə keçmiş iki hekayə, ingilisləşən iki bombeyli hindlinin Londondakı hekayəsi nəql olunur.
Cəbrayıl Farişta dini rollarla (Hind Allahları) məşhurlaşmış, uşaqlığı və gəncliyi İstanbula oxşayan bir Bombeydə keçən, bizim Yeşilçama bənzəyən bir film mühitində ulduza çevrilən bir aktyordur. Saladin Çamça isə, eynən Salman Rüşdi kimi varlı bir biznesmen olan atası tərəfindən orta təhsil almaq üçün İngiltərəyə yollanan, müsəlman mənşəli bombeylidir (Rüşdü romanın bir yerində “İngilis dilinə tərcümə olunan bir hindli” deyir). Bu iki qəhrəmanı Bombeydən Londona etdikləri bir təyyarə səfəri birləşdirir. Hind Hava Yollarının təyyarəsi (Söz oyunlarına düşkün olan Rüşdi təyyarənin adını “Bostan” qoyub) Sikx terrorçuları tərəfindən əsir götürülür, yerə endirilir, təzədən havaya qaldırılır və Londona çathaçatda partladılır. Bütün sərnişinlər ölsə də təkcə iki qəhrəman cənnətdən enişi xatırladan uzun bir enişdən sonra qarla örtülü İngiltərə sahilinə sağ-salamat, lakin Kafkanın məşhur qəhrəmanı kimi dəyişərək enirlər. Saladin Çamça səsləndirmə sənətçisindən ayaqları tüklü, buynuzlu həqiqi bir keçiyə çevrilir. Onun qabağından sürüşən ulduz Cəbrayıl Farişta isə fiziki olaraq yox ruhən dəyişir: tibbi müdaxilələrə təskinlik tapa bilən meqalomanca bir qəzəblə özünü həqiqi bir Cəbrayıl, Həzrəti Məhəmmədə “Quran”ı endirən mələk Cəbrayıl olduğuna inanır. Düşdükləri İngiltərə sahilindən iki qəhrəmanın ingilis cəmiyyətinin içində Londona (romandakı adı Eloven Diyoven) edəcəkləri səfər əslində Londondakı hindli və pakistanlı mühacirlərin hekayəsidir.
Bir-biriləriylə bir növ ekizlər temasıyla bağlı olan, yaxşıyla pis kimi bir-birindən hər qopmalarında bir-birini tapan, şeytan və mələk olmaq arasında qərarsızlıqlar yaşayan bu iki qəhrəmanı maraqlı edən cəhət mənim “magik realizm” romanları oxuyarkən hey hiss etdiyim kimi başlarına gələn qeyri-adi sərgüzəştlərin rəngləri deyil. Onsuz da, geriyə qayıdışlar, xatırlamalar, mövzu xaricinə çıxmalar, alt hekayəciklərlə hörülən roman toxuması bu hekayələrə yox, oxucuya yeri gəldikcə romandan xaric uzun nitqlər danışan əhvalatçının (Marqaret Tetçerin siyasəti uzun-uzadı tənqid edilir) özünə diqqəti yönəldir daima. Həm forma baxımından həm də mövzu baxımından təkcə son illərdə yayımlanan digər romanlarla müqayisədə belə çox uğurlu bir roman deyil “Şeytan ayələri”. Kitabı oxuyarkən ən çox marağıma səbəb olan məqam bəzən Saladin Çamça, bəzən Cəbrayıl Fariştanın ağzıyla danışan əhvalatçının Bombeydəki uşaqlıq və gənclik günlərini islami mifologiyayla bəzənmiş bir dillə danışmağı oldu (ana dilləriylə deyil, ikinci bir dillə yazan bir çox yazıçı – Nabokov, Kabrera İnfante – kimi, Rüşdi də söz oyunlarını, daxili qafiyələri, az istifadə olunan sözləri, uydurma sözləri xoşlayır). Əhvalatçının yoxsul ölkədəki bu “müsəlman uşaqlıq” günlərindən uzaqlaşdıqca qəhrəmanlarıyla bərabər bir növ dəyişikliyə, qəzəbə və dil və mədəni çevrilişə məruz qaldığına şahid oluruq. İllər sonra ölkəsinə qayıtdığı vaxt atası Çingiz artıq ingilisləşən oğlu Saladinə yazıçının yaxşıca təsvir etdiyi bir ailə səhnəsində dolayı yoldan belə bir qəzəbli söz deyir: “Əgər xarici ölkəyə öz nəslinə nifrət etmək məqsədiylə getmisənsə, öz nəslin də sənə qəzəbdən başqa bir hiss bəsləməz!”
Xomeyninin ölüm fətvası təkcə “Şeytan ayələri”ni deyil, Rüşdinin digər kitablarının da tərcümə cəhdlərini yarımçıq qoydu.
Və beləliklə, “Quran”a dair araşdırmaları ucbatından öldürülən Turan Dursuna seyrçi qalan ictimaiyyətə Rüşdiyə yönələn təhdidlərlə maraqlanarkən nə qədər səmimi olduğunu müəyyənləşdirməliyik.
“Ötə rənglər” kitabından
Uyğunlaşdıran: Məhəmməd Tanhu