Dəniz kənarında köhnə dostlardan Rizvanı görürəm. Başına böyük dəstə toplaşıb. Deyir: “Bu gün “Faust”u müzakirə edirdik. Bəziləri əsəri hətta almanca oxuyub. İntellektual söhbətlərdən yorulmuşam” – zarafatla deyir. Ona deyirəm ki, əslində bu vəziyyətə sevinmək lazımdır, çünki heç inanmıram hal-hazırda Tağıyev qəsəbəsindən Şıx çimərliyinə qədər bütün Abşeron sahilində bu dəstədən özgə “Faust”dan danışan olsun.
Bir neçə gün keçir, Rizvan bəy deyir: “Bu günkü mövzumuz Aşıq Alının “Nə qaldı” qoşmasının analizi idi. Mübahisə gedir ki, görəsən Alı “İpək tora halqa salma dəmirdən” deyərkən nəyi nəzərdə tutubdur. Bir ümumi nəticəyə gəlinmədi. Sənin nəsə versiyan yoxdur?”. Deyirəm yoxdur. Fikrim çimərliyin yanındakı villaların qanunsuz hasarlarının yanındadır. Az qalıram “Evrika” qışqıram. Aşıq Alı elə bu hasarları nəzərdə tutmuşdur. Böyük adamlar əsrlərin üzərindən görə bilirlər.
Keçən günlər Salman Rüşdiyə sui-qəsd olundu. Rüşdi Şərq ədəbiyyatını, Şərq tarixini, folklorunu əla bilən adamdır. Onun bəzi romanlarını oxuyanda elə bilirsən “Min bir gecə” nağıllarının növbəti bölümünü oxuyursan. İrticanın, senzuranın qabağına çıxmış hər kəsə hörmətlə yanaşmalıyıq. Əziz Nesini “Madımak” hotelində qətliam zamanı təpikləyən kütləni xatırladım. 1993-cü ildə Nesinə qarşı müsəlmanların hiddətində Rüşdinin “Şeytan ayələri”ni dərc etmək istəyi böyük rol oynamışdı. Yanılmıramsa, Nesin romanın bir hissəsini artıq türk dilinə çevirib öz “Aydınlık” qəzetində dərc etdirmişdi. Rüşdi bunu istəmirmiş, hətta deyəsən Nesini “pirat nəşr” iddiasıyla məhkəməyə vermişdi.
Yazıçıya, azad sözə qarşı çıxan irticanın kirli nəfəsini biz özümüz də vaxtaşırı hiss edirik. Rafiq Tağını növbəti dəfə xatırlasaq, yeri var. Salman Rüşdi 30 ildən çoxdur Qərb xüsusi xidmətlərinin qoruması altındadır. Bu illəri haqda “Cozef Anton” adlı bir sənədli əsər də yazıb. Sən demə Rüşdi dini radikallardan gizlənərkən özünə bu kod adını seçibmiş. İngilis yazıçısı Cozef Konradın və rus yazıçı Anton Çexovun adlarından düzəldilmiş gizli addır. Yenə buna baxmayaraq Rüşdini bıçaqladılar. Bu əhvalatı izləyəndə, düşünəndə başa düşürsən ki, Rafiq Tağının bizim mühitdə heç bir sağ qalmaq şansı yox imiş.
Rüşdinin Şərq mifologiyasını əla bildiyini yazdım. Onun romanlarında bu mifologiyaya yönəlik çoxlu ip ucları, modern terminlə yazsaq, linklər var. Məsələn, mən onun hansısa romanı sayəsində (yanılmıramsa “Harun və əhvalatlar dənizi”) sufi şair Fəridəddin Əttar-ın “Quşların söhbəti” əsərinin olmasını öyrənmişəm. Bu əsər çox gözəl bir əhvalatdan bəhs edir, istəyirəm onu hörmətli oxucularımız üçün yazım.
Deyir bir gün quşlar yığışırlar, hop-hop quşlarının mübahisəsindən sonra bütün quşların padşahını seçmək istəyirlər. Bu məqsədlə əfsanəvi Simurq quşunu tapmaq, quşlar padşahı vəzifəsini ona təklif etmək qərarına gəlirlər. Dağlar, dərələr aşırlar, min zülm görürlər, nəhayət axıra 30 quş qalır və bunlar gəlib Simurq quşunun yuvası olan vadiyə, Qaf dağlarına (oxu: bizim Qafqaz dağlarına) çıxırlar. Lakin burada heç bir Simurq gözə dəymir. Vadidə saf sulu göl varmış, quşlar əyilib su içirlər, güzgü kimi səthin üzərində öz əkslərini görürlər və başa düşürlər ki, Simurq elə onların özüdür. Fars dilində “si morg” ifadəsinin anlamı “otuz quş” demək imiş.
Çox demokratik rəvayətdir. Yazını da elə nikbin ruhla bitirmək istəyirəm. Hər kəs Simurqunu bulsun, amin.