Mövludun dinlədiyi son musiqi

Mövlud Mövlud, yazar

Mövlud Mövlud, yazar

11 yanvar 2022
# 11:30

Hamımız dinlədiyimiz türkülərin tayıyıq

Aqşin Yenisey

"Bizimkisi bir aşk hikayesi..."

Kayahanın bu məşhur mahnısını dəfələrlə bir yerdə dinləmişik. İçkili, ayıq, yolda, küçədə, parkda. Mövlud hər dəfə yarızarafat, yarıciddi deyirdi: "Adam bu mahnıya qulaq asanda istəyir gedib sevgilisindən ayrılsın".

Onda ikimizin də sevgilisi yoxdu. İkimiz də tənhaydıq. O, özündən yaşca böyük bir qızı sevirdi, mən başqa bir qızı unuda bilmirdim. Mahnını dinləyəndə Mövludun başını xəfifcə yelləməsi, gözlərinin yaşla dolması fonunda sakit-səssiz uzaqlara dalırdım.

"Bana esmeyi anlat... esib geçmeyi anlat"

Leman Samın mahnısını Mövlud mənə dinlətmişdi. Deyirdi, Elçibəy də bu mahnını sevirdi. Biz Elçibəyi sevdiyimizdən daha çox sevmişdik mahnını. O günlərdə hansısa məclisdə Mövlud bu mahnını qoydu, içəri Leman Samın hüznlü səsi doldu, kimsə Elçibəyin dəfnindən danışdı və mənim içkidən bulanıq görən gözlərim yaşardı. Mövlud mənimlə göz-gözə gələndə mahnını saxladı: "Dərdiş, kövrəldin deyən". O, mənim hüznümü tutmuşdu, atamın bir vaxtlar Elçibəyin yanında işləməsi, anamın "o kişi bizə çörək verib" dediyi xatirə Mövludun yadından çıxmamışdı, mənim kövrək üzümdən o xatirəni oxuyub susmuşdu.

Aşıq mahnılarına, saz havalarına, əsas da Ruhaniyə qulaq asırdıq. Aşıq Ədalətin ifalarına daha çox. Yaman sevirdi onu. Bədbəxt adamdı deyirdi, heç kim onu başa düşmədi. Deyirdi, mənə layla çalırlar, indi yuxuya gedəcəm. Ona aşıq mahnıları ruhani yuxu gətirirdi, uşaqlığındakı sadəliyi dirildirdi. Sonra deyirdi ki, toyumda qabaq-qənşər Ruhani oyanayarıq. Gülürdü bunu deyəndə...

Mən o aşıq mahnılarından, saz havalarından qorxurdum, yadıma atam, köçüb getdiyimiz Gürcüstan düşürdü, deyirdim, söndür onu. Mövlud başa düşürdü, israr etmirdi və mahnını telefonundan söndürürdü: o saz havası onun içində, vücudunda davam edir, bütün hüceyrələrini dolaşırdı. Ardınca... O boyda ozan sənətindən birbaşa pop, rok musiqiyə keçirdik - Emre Aydın, Duman, Çelik...

Şamaxıya gedirdik. Müsabiqədə yer tutmuşduq. Mövlud Ahmet Kayanın diskini gətirmişdi. Yol boyu Ahmet Kayanı dinlədik. Orda Mövlud Ahmet Kayanın mahnıları fonunda sevdiyi qızla bağlı əhvalat danışdı. Danışdı ki, qıza zəng eləyib dedim, kəndimizdəyəm, itimiz böyüyüb, nənəmin beli əyilib, anamın saçları ağarıb. Qız gülürdü, Ahmet Kayanın damar mahnısı zümzümə edirdi, Mövlud bu nadanlığı bağışlaya bilmədiyini deyirdi. Deyirdi ki, mən elə qızı necə sevə bilərəm, o mənim dərdimi anlamırsa. Sonra Ahmet Kaya susdu. Və biz bu dəfə musiqisiz Mövludun sükutuna tamaşa elədik.

Sezen Aksunu yaxın qoymurdu, deyirdi, qancıx həyatımızı məhv edir, qoymur rahat nəfəs alaq. Neşat Ertaş, Musa Erol, dalınca da Alim Qasımov - üst-üstə içilən araq kimi təsir edirdi.

Son gün dinlədiyi bir musiqini mənə dinlətdilər: Farid Farjad - Golha. O musiqini dinləyəndə qulağımın dibində kimsə qışqırır, ağlayır... O musiqinin kədəri məni tərk etmir. Musiqi məni öz ağırlığı, çıxılmazlığı, əlacsızlığı ilə zəhərləyir. Mövludun həyatındakı zədələri bu musiqiylə nota keçiriblər elə bil. Özünə o qədər oxşayır ki o musiqi, hər dəfə hardasa qabağıma çıxanda elə bilirəm kəlbətinlə əlimi, qolumu dartıb çıxarırlar...

Unuda bilmirəm dinlədiyimiz mahnıları... Hamımız dinlədiyimiz mahnılara oxşayırıq əslində...

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #