Kitab çıxartmaq axmaqlıqdır!

Vüqar Babazədə, yazar

Vüqar Babazədə, yazar

6 yanvar 2022
# 11:30

Bu yazı, yazıçı olmaq arzusunda olan gənclərə həsr olunur. Ona görə ki, bu yazını onlara ithaf etməkdən başqa əlimdən heç nə gəlmir...

Əvvəlcə, onu nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda kitab çıxartmaq axmaqlıqdır. “Niyə axmaqlıqdır?” deyə soruşsanız, bu sualın cavabını bir azdan ətraflı şəkildə sizə izah edəcəyəm. Amma müqəddiməni kövrək notlarla davam etmək istəyirəm. Çünki şeytan məni də yoldan çıxartdı və durduq yerə özümü zibilə salıb ədəbiyyatla, yazı ilə məşğul olmağa başladım. Azərbaycanda kitab yazmaq, təxminən səhrada qışqırmağa bənzəyir. Sənə heç kim qulaq asmır, heç kim dinləmir, bir Allah bəndəsinin marağında deyilsən. Öz-özünə qışqırırsan, əziyyət çəkirsən, vaxtını və ömrünü ziyan edirsən. Halbuki bu şeylərin əvəzinə, bu şeylərə ayıracaq vaxta, daha qiymətli, daha dəyərli şeylər edə bilərsən.

Azərbaycanda kitab çıxaran orta-statistik bir gənc, demək olar ki, bazardan tamamilə xəbərsizdir. O, zəngin xəyallar arxasınca düşməyi, öz ədəbi və bədii təxəyyülündə dombalaq aşmağı arzulayır. Həmin gənci qohum və dostlarından başqa heç kim tanımır. Heç bir kütlə onun kim olduğunu bilmir. Azərbaycanın indiki ədəbi prosesindən tamam xəbərsiz olan, istedadlı, – vacib olduğu üçün bir də qeyd edirəm – istedadlı gənclərin kitab çıxardığını görəndə, elə bilirəm ki, onlar boşluğa, heçliyə tilov atırlar. Ordan nəsə tutmağı böyük həvəslə və şövqlə oturub gözləyirlər. Reallıqla üzləşmək istəmirlər. Çünki ədəbiyyat, yazı elə bir şeydir ki, o səni reallıqdan uzaqlaşdırır, şirin vədlər verir və nəticədə sən yekə bir heçlə qarşılaşırsan. İnsanın arzuları ilə potensialı üst-üstə düşməyəndə, birmənalı olaraq dərin kədər və təəssüf hissi ilə qarşılaşırsan.

Azərbaycanda kitab çıxaran istedadlı, – vacib olduğu üçün bir daha qeyd edirəm, – istedadlı gənclərə, əgər yekəbaşlıq kimi çıxmasa, bir-iki məsləhət vermək istəyirəm. Çünki bir müddətdir ki, bu işin içindəyəm, nəşriyyat sahəsində müəyyən qədər işləmişəm. Bu yazını da ona görə yazıram ki, mənə heç kim belə şeyləri deməmişdi.

Ölkəmizdə nəşriyyat sistemi, demək olar, hətta deyə bilərəm ki, yoxdur. Varsa da, bərbad gündədir. Olmamağı ondan milyon dəfə yaxşıdır. Yazıçını nəşriyyat yetişdirir, onu yazıçı kimi nəşriyyat formalaşdırır. Qonorar, stimul, reklam və promo işləri ilə. Nəşriyyat yazıçıya filan qədər pul verir və onunla müqavilə bağlayır. Hansı ki, yazıçı o pulla 4-5 ay özünü dolandırıb, ortaya bir əsər çıxarmalıdır. Həmin əsər deyilən vaxtda hazır olur və yazıçı onu müqavilə bağladığı nəşriyyata təhvil verir. Kitabın çap prosesi başa çatandan sonra nəşriyyat kitabın reklamını edir, insanlarda maraq yaradır və satışlara başlanır. Müqavilədən asılı olaraq, satışdan neçəsə faiz yazıçıya çata da bilər, çatmaya da bilər.

Azərbaycanda belə bir sistem yoxdur. Sən əziyyət çəkirsən, pis-yaxşı fərq etmir, nəsə yazırsan, vaxtını sərf edirsən, canınla əlləşib ortaya hələlik əllə tutula bilməyəcək bir məhsul qoyursan. Qalır bunun növbəti prosesləri. Növbəti proseslər isə, sizi inandırım ki, – sizə yalan borcum yoxdur, nə yazıramsa, tamamilə həqiqəti əks etdirən şeylər yazıram – yazı yazmaqdan daha çətin və məşəqqətli işdir.

Dünyada çoxlu peşələr var. Amma ən çətin peşə "yazmaqdır". Siz indi təsəvvürünüzə gətirin ki, peşələr içində ən çətin peşə olan yazmaqdırsa, ondan çətin nə ola bilər? Necə ola bilər?

İlk növbədə nəşriyyat tapmaq lazımdır. Hansı ki, bazarı bilmirsənsə, bu sənin üçün ciddi bir problemə çevrilir. Qalırsan ortada, heç kim sənə kömək etmir, heç kim sənə vaxt ayırmır. Kömək edən də, öz mənfəətini güdür.

Nəşriyyat tapmamışdan əvvəl bu sualların cavablarını özünüzdə müəyyənləşdirmək lazımdır.

1. Kitabın səhifəsi nə qədərdir? (Word faylında, A4 formatında, Times New Roman, 12, yaxud 13 şrifti ilə).

2. Ağ vərəq yoxsa sarı vərəq?

3. Qalın üz qapağı, yoxsa yumşaq (kartondan).

4. İçində şəkil varsa, rəngli olacaq, yoxsa rəngsiz.

5. Üz qapağı sadə olsun, laklı olsun, yoxsa qızılı haşiyəli? – bu cür estetik gözəlliklər, əlbəttə ki, pulunuzun miqdarına görə dəyişir.

6. Neçə tiraj?

7. Korrektə və redaktə lazımdırmı? – bu çox ciddi məsələdir, bir azdan bu haqda, yadıma düşsə, danışacağam.

8. Kitab hansı ölçüdə olacaq. Cib kitabı, standart ölçüdə, yoxsa daha yekə. – Bunu dəqiqləşdirmək üçün gedib kitab mağazasında kitablara baxın, ölçüsünü bəyəndiyiniz kitabın enini və uzunluğunu ölçüb, qeyd edin. Çünki nəşriyyat bunu sizdən tələb edəcək. Ölçüyə çox fikir verin, işini bilməyən, bacarmayan nəşriyyatlar ölçü barəsində çox biabırçılıq edirlər.

Bu suallara konkret cavablar tapandan sonra növbə nəşriyyat axtarmağa gəlir. Hazırda Azərbaycanda işlərini bəyəndiyim, peşəkar və normal nəşriyyatlar aşağıdakılardır.

1. Teas-press nəşriyyatı. – orta-statistik bir gəncin büdcəsinə uyğun deyil, heç zəng edib, onları narahat etməyə dəyməz.

2. Qanun nəşriyyatı.

3. Parlaq İmzalar nəşriyyatı.

4. Bookzone nəşriyyatı

Hələlik yadıma düşənlər bunlardır. Bu nəşriyyatlardan istənilən birinə müraciət edə bilərsiz. Keyfiyyət və sürət baxımından, hamısı normaldır. Yüksək standartlara cavab verməsələr də, normaldır. Hazırki vəziyyət üçün qənaətbəxşdir.

Azərbaycanda kitab çıxaran bir insanın, ilk növbədə, 700-1000 manat arası büdcəsi olmalıdır. Məlum məsələdir ki, çıxan kitab bestseller olmayacaq. Həmin kitabı, qohum-əqrəbadan, dost-tanışdan başqa heç kim almayacaq. Onların da mərifətsizləri hədiyyə istəyəcəklər. Ona görə də, çıxaracağınız ilk kitabdan hansısa kommersiya məqsədi güdməyin. Yalandan özünüzü inandırın ki, siz bunu ədəbiyyat naminə, arzularınız və xəyallarınız üçün edirsiniz. Ona görə də, ən yaxşısı, 100, yaxud 200 tiraj çap etməkdir. 200 tiraj, sarı vərəq, standart ölçü, – səhv eləmirəmsə, 14-ün 20-ə olmalıdır, amma dəqiq bilmirəm, nazik üz qapağı və 15-20 gün. Allah xeyir versin, 700-1000 manatınızı verin, nur topu kimi, heç kimə lazım olmayan bir kitabınız olsun.

Kitab çapını dəqiqləşdirdikdən sonra növbəti proses üz qapağı məsələsinə gəlir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, üz qapağına sarsaq, bayağı, şit şəkillər fikirləşməyin. Kitabın vizual görünüşü, onun hər şeyidir. Qətiyyən üz qapağına məşhur rəsm əsərlərini basmayın. Ümumiyyətlə, nə edirsiz-edin, bacardığınız qədər səliqəli, gözəl, estetik etməyə çalışın. Bunun ən yaxşı çıxış yolu, bir rəssamla danışmaqdır. Nəşriyyat dizaynerinə güvənmək, quyuya ipsiz tullanmaq kimi bir şeydir. Heç kim sizin üçün oturub üz qapağı fikirləşməyəcək. Beyninizdəkiləri rəssama deyin, yaxud roman nədən bəhs edir onu rəssama izah edin, o özü sizin üçün fərqli və maraqlı bir şey çəksin. Özünüz rəssam tapmayın, nəşriyyatlarda rəssam nömrələri olur, alıb danışın. 50-100 manat civarında bir məbləğ verib, yaxşı bir şey ala bilərsiz.

Üz qapağı məsələsini həll edəndən sonra, kitabın arxası üçün normal və fərqli bir şəkil çəkdirin. Dəniz qırağında, ağacların arasında, ya da Instagramda selfi edən yerdə şəklinizi kitabın arxa hissəsinə basmayın. Gedib bir fotoqrafa 20-30 manat verin, fotoaparatla normal bir şəkil çəkdirin. Daha, onsuz da, bu zibilin içinə düşmüsünüz. Adam zibilə düşəndə də gərək kişi kimi düşsün.

Kitab çıxmamış, onu mütləq və mütləq ədəbiyyat zövqünə güvəndiyiniz adamlara oxutdurun. Fikirlərini, tam səmimi olaraq rəylərini diqqətlə dinləyin. Bu sizi böyük biabırçılığa düşməkdən xilas edəcək. Adam ilk kitabdan böyük eyforiyaya qapılır. Yazdıqlarına aşiq olur. Belə olan halda, öz səhvlərini, yazdığın mətnin dəyərini gözlə görə bilmirsən. Kiməsə "mən kitab yazmışam" deməkdən utanmayın. Mütləq və mütləq 3-5 adama oxutdurub, onların fikirlərini alın.

Çap prosesi zamanı daima nəşriyyatda olun, işlərinizi özünüz idarə edin. Kitabınızı düzəldən və işləyən adamların başının üstündə dayanın. Diqqətli olmalarını, dönə-dönə tapşırın. Çünki bu işdə ən kiçik səhvin belə, bəraəti olmur.

Yazı uzandıqca, uzanır. Mənim də həvəsim yoxdur. Son zamanlar, yazmaq mənim üçün əziyyətə çevrilib. Əslində, Azərbaycanda nəşriyyat sistemindən və mağazaların özbaşınalığından, dərəbəyliyindən yazmaq istəyirdim. Necə gəlib bura çıxdım, bilmədim.

Ona görə, uzun olduğu üçün, yazını iki hissəyə bölürəm. Növbəti hissəsini gələn dəfə yazacağam.

# 6001 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #