Ginnesin rekordlar kitabına düşəcək Azərbaycan məktəbi

Cətkün kənd orta məktəbi

Cətkün kənd orta məktəbi

9 mart 2022
# 12:00

Kulis.az Vüsal Bağırlının "Çətkin kəndinin yeganə şagirdi…" adlı yazısını təqdim edir.

Saytda verilmiş mətni oxuya-oxuya, aşağıda açılan düzbucaqlı Yutub pəncərəsində videoya baxıram.

Axıb gedən kadrlarda Qusarın Çətkün kəndi göstərilir. Zolaqlı papağını gözünün üstünə basmış, qırmızı kurtkalı, qırmızı ayaqqabılı, sağlam görünüşlü oğlan soyuğun, şaxtanın allandırdığı yanaqlarıyla məktəbə sarı addımlayır.
Hər tərəf ağ örtüyə bürünüb, dümağdır.

Uşaq qara batsa da, hərdən büdrəsə də yolundan sapmır, istiqaməti düzgün tutur və inamla irəliləyir.
Köhnə məktəb binası lap dağın başında yerləşir. Məktəbin unikallığı rayon mərkəzindən 26 kilometr uzaqda yerləşməsində deyil. Heç dəniz səviyyəsindən 1500 metr hündürlük də bizi heyrətləndirə bilməz.
Nə çox belə, hətta daha yuxarıda, hündürdə yerləşən kənd məktəbləri.


İşin qeydi-adiliyi ondadır ki, Çətkün kəndinin gözünün ağı-qarası cəmi-cümlətani bircə şagirdi var.
O, da mətnin əvvəlində bəhs etdiyimiz həmin qırmızı kurtkalı, qırmızı ayaqqabılı, qırmızı yanaqlı oğlandır.
Adı Nadim. Soyadı Alxasov.

Amma burada məsələ tək Nadimin nadir, qəribə əhvalatıyla bitmir. Görüntüdəki başqa informasiya da bizi dərindən heyrətləndirir.

Belə ki, Çətkün kənd məktəbinin ümumi kollektivi cəmisi üç nəfərdən ibarətdir. Məktəbin gözünün ağı-qarası, aman-zaman bircə direktoru, bircə müəllimi və bircə şagird var. Necə deyərlər, üçü birində.


Bu, bəlkə də, sıradan olay deyil, Ginnesin rekordlar kitabına düşəcək hadisədir.

Köhnə məktəbə sarı uzanan yol qarlı, buzlu sürüşkəndir, sinif otaqları isə darısqal. Nadir təkdir. Onun heç sinif yoldaşları, dostları belə yoxdur.

Amma bütün çətinliklərə baxmayaraq Nadir hər gün məktəbə gəlir, sinfə girir. Oxuyur, çalışır, öyrənir.
Dərs otağı işıqlıdır. Divardan təqvim və arfimetika cədvəli asılıb. Nadim sinfə girər-girməz işgüzar, fərasətli görkəmlə belindəki ağır çantasını yerə qoyur, kitablarını partanın üstünə düzür. Dəftərini çıxarır, oturur və vərəqdəki mətni oxumağa başlayır.

Sonra müəllimi, həm də anası Lalə müəllim onu lövhəyə çağırır. Uşaq dünəndən qalmış yazını silir, yeni misalı ağ təbaşırlə qara müstəviyə yazır. Üçüncü sinif şagirdinin çətinliklərə, əziyyətə inadla sinə gərib hər gün məktəbə gəlməsi, oxuması, təhsil alması tamaşaçıda heyrət və təəccüb doğurur. Ürəyi riqqətə gətirir.

Videokadrlar, həm də yazımız məktəb direktoru Abdulxalid müəllimin sözləriylə bitir: “Kəndimizdə dördillik məktəbi bitirən uşaqlar bizdən xeyli uzaqda yerləşən Cağar kəndinə getməyə məcburdurlar. Məktəbimiz darısqal, köhnə və balacadır. Əgər burda yeni, geniş otaqlı məktəb binası tikilsə, bizim uşaqların əziyyətlə uzağa, başqa məktəbə getməsinə ehtiyac qalmaz”.

Söz əlaqədar təşkilatlarındır.

# 3170 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #