Kulis.az Seymur Baycanın yeni yazısını təqdim edir.
Müğənnilər demişkən, yaxından tanıyanlar yaxşı bilirlər ki, əlimə nə keçirsə, qarşıma nə çıxırsa, gözümə nə görünürsə, maraqla oxuyuram. Təxminən on-on iki il əvvəl İrakli adlı bir dostumla Batumda balıq restoranına getmişdik. Mən restoranda başladım qalın menyunu oxumağa. İrakli menyunu maraqla oxuduğumu görüb dedi:
“Seymur, sən menyunu da kitab kimi maraqla oxuyursan”.
Son illərdə yuxarıda qeyd etdiyim mərəzim daha da şiddətlənibdir. Xəstəlik səviyyəsinə çatıbdır. Lap şitin-şorun çıxarmışam. Bəli, lap açıq danışsaq mən elə yazıları, elə kitabları oxuyuram ki, həmin yazılara, həmin kitablara ədəbi mühitimizin üzdə olan simaları heç gözlərinin ucuyla da baxmazlar.
Bu müqəddimə axı nə üçündür? İndi izah edəcəm.
Deməli, “ Ədəbiyyat qəzeti”nin saytında “Epoxal roman dilogiya - tale romanı...” adlı yazı oxudum. Birdə gördüm ki, yazıda bəzi cümlələr mənə tanış gəlir. Yaddaşımda son vaxtlar çox ciddi problemlər yaranıb. Bu məni həddindən artıq narahat etməkdədir.
Tomas Vulf deyirdi: “Yaddaş yazıçının sərvətidir”. Tomas Vulfun sözlərinə istinad etsək mən bir yazıçı kimi sərvətimi sürətlə itirməkdəyəm. Adi bir misal. Ötən həftə badımcan dolması bişirmişdim. Dolmanı yeyəndə hiss etdim ki, yeməkdə nəsə çatışmır, haradasa səhvə yol vermişəm. Axı mən harda səhvə yol vermişəm, axı bu yeməkdə nə çatışmır? Oturub ha fikirləşirəm bu ağır suallara cavab tapa bilmirəm. Handan-hana mənə əyan oldu ki, noxudun qabığın soymamışam.
“Epoxal roman dilogiya - tale romanı...” yazısında bəzi cümlələrin mənə hardan tanış gəldiyini tapmaqda incavara çox da əziyyət çəkmədim. Yadıma düşdü ki, yazıdakı bu tanış cümlələri Əli Novruzov “Gecikmiş hekayələr” kitabım haqqında yazmışdı. Hər iki mətni təqdim edirəm. Buyurun, müqaisələr aparın. Hər şeyə özünüz şahid olun.
“Epoxal roman dilogiya - tale romanı...” yazısından mənə tanış gələn cümlələr :
“Bizim yaxşı tanıdığımıza əmin olduğumuz professor Məmməd Əliyev oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. (Demək ki, hələ də Məmməd Əliyevi yaxşı tanımırıq). O, yeni romançı kimi ortaya çıxır və iki cildli roman-dilogiyasında 50-ci illərdən sonrakı Sovet dövrü Azərbaycanının ictimai, siyasi, sosial, mədəni-ədəbi həyatı professor, nəzəriyyəçi Məmməd Əliyevin qələmindən keçərək yeni interpretasiyada, bizə yeni forma və məzmunda təqdim edilib. Bu memuar roman-dilogiya bizim ədəbiyyatımızda bir qələm sahibinin bir ilki olmaqla yanaşı, həm də müstəqillik dövrünün müstəqil məzmunlu nəsr hadisəsidir. "Hər yeni şey unudulmuş köhnədir" deyimini bu epik romana tam rahatlıqla aid etmək olar, amma professor da, öz istedadının gücü sayəsində bu "yeni-köhnə" ilə sizi qətiyyən yormayacaq, əksinə, qarşınızda unutduğunuz, məcburən unudulan, ata-analarımızın, özümüzün yaşadığımız geridə qalan bir zamanı canlandıraraq təsəvvürünüzün yeni qatlarını təzələyə-təzələyə açacaq...”
Bu isə Əli Novruzovun “Gecikmiş hekayələr” kitabım haqqında yazdığı cümlələrdir.
Hə, onu da mütləq qeyd edim ki, bu cümlələr “Qanun” nəşriyyatında ikinci dəfə nəşr olunmuş “Gecikmiş hekayələr” kitabımda həm də annotasiya kimi verilib. Nəşriyyatdan mənə dedilər ki, kitaba annotasiya yazmaq lazımdı. Kitabıma annotasiya yazmaq mənim üçün məşəqqətdir. Axı öz kitabım haqqında nə yazım, necə yazım? Durub necə öz kitabımı tərifləyim? Amma mütləq nəsə yazmalı idim. Nəşriyyat məndən annotasiya gözləyirdi. Beləliklə, Əli Novruzovun kitab haqda yazdığı cümlələr yadıma düşdü. Həmin cümlələrdən annotasiya düzəltmək üçün istifadə etdim. Yoldaş Novruzovun özündən bu məsələdə icazə, daha doğrusu, halallıq aldım. Deyirlər ki, ən güclü biclik düzlükdü. Problemi yoldaş Novruzova olduğu kimi bildirdim. Dedim ki, “Gecikmiş hekayələr” kitabım təzədən nəşr olunur, nəşriyyatdan kitaba annotasiya yazmağımı istəyirlər. Mən də bilmirəm nə yazam? Qalmışam çətin vəziyyətdə. İcazə versəydin sənin kitab haqqında yazdığın cümlələrdən annotasiya düzəldirdim. Yoldaş Novruzov bu xahişimə müsbət cavab verdi. Buyurun, indi isə yoldaş Novruzovun “Gecikmiş hekayələr” kitabım haqqında yazdığı cümlələrlə tanış olun:
“Bizim yaxşı tanıdığımıza əmin olduğumuz Seymur Baycan oxucuların qarşısına bu dəfə maraqlı və gözlənilməz eksperimentlə çıxır. (Demək ki, hələ də Seymuru yaxşı tanımırıq) “Gecikmiş hekayələr”də Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmi Seymurun qələmindən keçərək yeni interpretasiya alır – Seymur 70 illik dövrün ədəbi materialını recycle prosesindən keçirərək onu bizə yeni forma və məzmunda təqdim etməyi çox yaxşı bacarıb. Sorokinin sosialist realizmi ilə eksperimentlərini xatırladan bu hekayələr bizim ədəbiyyatımızda həm bir ilk olmaqla yanaşı, həm də 2000-ci illərin əvvəllərindən başlayaraq alatorançıların “ədəbiyyatın başına açdığı oyunların” üzvi davamıdır. Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar, amma Seymur da öz istedadının gücü sayəsində bu yeni-köhnə ilə sizi qətiyyən yormayacaq, əksinə, üfüqünüzü açacaq”.
İndi, bu an, bu dəm ortada iki variant var. Gəlin bu iki variant nəzərdən keçirək.
Birincisi, “Ədəbiyyat qəzeti”nin ədəbi tənqid hissəsində təqdim olunan “Epoxal roman dilogiya - tale romanı...” adlı yazının müəllifi tipik ədəbi oğurluqla məşğul olubdur. Müəllifin yazıda verilən şəklinə baxdım. Ağsaqqal adamdı, saçları ağarıbdır. Sifətdən heç oğruya oxşamır. Mən bu adamı avtobusda, metroda görsəm yaşına, ağarmış saçlarına hörmət əlaməti olaraq qalxıb hörmət-izzətlə ona yer verərəm. Küçənin bu tayından, o tayına keçməkdə çətinlik çəkdiyini görsəm qolundan tutub ona küçəni keçməkdə köməklik göstərərəm.
İnsanın ağsaqqal yaşında oğurluq etməsinə inanmaq çox çətindir. Hər şeyi qoyuram bir tərəfə ağsaqqal yaşında oğurluq edən insan qəbir əzabından, o dünyadakı ağır suallardan qorxmur? Mən ateist ola-ola qəbir əzabından, o dünyadakı ağır suallardan qorxuram, bəs oğurluq edən ağsaqqal kişi nəyə, kimə arxayındır? Din haqqında məlumatım çox səthidir. Amma bir şeyi dəqiq bilirəm ki, “o tərəfdə” tapşırıq, kiminsə səni tapşırması, qohumluq əlaqələri, yerlibazlıq-zad keçmir. Güman edirəm ki, yazının digər hissələri də oradan-burdan yığılıbdı. Ağsaqqal yaşda oğurluq edərək bu qədər günaha batmaq nəyə lazımdı?
İkinci variant birinci variantdan daha maraqlı, daha ağlabatandır. “Ədəbiyyat qəzeti”nin ədəbi tənqid hissəsində gedən “Epoxal roman dilogiya - tale romanı...” adlı yazını düşünürəm ki, müəllif kimdənsə qonaqlıq almaq, kiminsə yanında hörmət qazanmaq məqsədi ilə yazıbdır. El arasında adətən bu kimi hallara “hamam suyu ilə özünə dost tutmaq” adı verilir. Çox güman müəllif yazısında təriflədiyi kitabı heç əvvəldən axıra qədər (ola bilsin, ümumiyyətlə) oxumayıbdı. Yazını da ərinə-ərinə, həvəssiz yazdığı hiss olunur. Yəqin, yazının müəllifi düşünüb ki, axı mən bu kitab haqqında görəsən nə yazım, necə yazım? Və ordan-burdan cümlələr yığmaqla özünə kamali-ədəblə yazı düzəldibdir. Son aylarda gənclərə verdiyim məsləhətə (başqalarının yazısının orasın-burasın rəndələyib özünüzə yazı düzəldin) hamıdan əvvəl bu ağsaqqal kişi əməl edibdir. Əgər, doğurdan da, belədirsə, bunun adı ədəbi oğurluq yox, “ədəbi avtoşluq” dur.
Şəxsən, mən, “Gecikmiş hekayələr” kitabım haqqında yazılmış cümlələri ağsaqqal kişiyə səmimi-qəlbdən halal edirəm. Halal xoşu olsun. Digər yazılarımdan da ürəyi istəyən vaxt gen-bol istifadə edə bilər. Həqiqətən də, bu yaşda “ədəbi avtoşluq”la məşğul olmaq hər adamın işi deyil.
Alqışlayıram, təqdir edirəm!