"Gəncləri ölümə aparan adrenalin?!" - Yüksək sürətlə məzara yaxınlaşanlar

"Gəncləri ölümə aparan adrenalin?!" - Yüksək sürətlə məzara yaxınlaşanlar
5 sentyabr 2025
# 15:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

“Mən oğlumu, varlığımı itirdim. Qalan cavanları Allah qorusun. Gənclərdə nədir bu düşüncə, adrenalin?! Bir az da geridə qalanları, valideynləri düşünün”.

Bu sözlər avqustun 30-da Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Rüstəm İsmiyevin atası Şahin İsmiyevin gənclərə çağırışıdır.

Eyni bəlanın onun da qapısını hər an döyə biləcəyinin fərqində olmayan, daha doğrusu, əhəmiyyət verməyən biri üçün bu, sadəcə 4 cümlədir. Amma bir az düşünəndə bu çağırışdakı yanğını hiss etmək çətin məsələ deyil.

“Varlığımı itirdim...” Bir atanın faciəsi bundan artıq necə ifadə edilə bilər? Mentalitetimizə görə övladına sevgisini açıq ifadə etməyə, onu qucaqlamağa belə çətinlik çəkən bir ata öz oğluna dair dözülməz kədərini bundan daha dəqiq necə ifadə edə bilər?!.

Gəncləri başa düşürsən, adrenalin, həyəcan, əyləncə.. Bir az da özünü kimlərəsə göstərmək ehtirası... Canının heç bir əhəmiyyəti yoxmuş kimi gəlir adama. İnsan nə qədər gəncdirsə, ölümə bir o qədər böyük meydan açır, onunla vuruşa biləcəyini hesab edir. Amma onlara gərək Dəli Domrulun Əzraillə söhbətini göstərəsən ki, bəlkə, qismən də olsa, dərk edərlər.

Maşını sürətlə sürmək həyatı da elə göz qırpımında yaşamaq kimidir. Və dəhşətli qəzalar da göz açıb yumana qədər baş verir. Yüksək sürət nəticəsində ölürsən, ən yüngül halda şikəst olursan... Hər iki halda itirirsən - həyatını, ya da sağlamlığını...

Xüsusən, son zamanlarda bu qəzalar o qədər artıb ki, artıq dövlət səviyyəsində sürücülərdən xahiş olunur ki, avtomobili icazə verilən sürət həddində idarə etsinlər.

Məzun günündə özünü kiməsə göstərən gənclər, magistral yolda yarışanlar, sürməyi bacarmayıb sükan arxasına keçənlər... Acınacaqlı hal budur ki, özlərini də məhv edirlər, digər sürücülərə də təhlükə yaradırlar, geriyə isə valideynlərin doğmaların gözünün yaşından savayı “qazanc” qalmır... Yüksək sürət beləcə həndəsi silsilə ilə neçə insanın həyatına, sağlamlığına son qoyur.

Hələ sərxoş şəkildə yaxud narkotik vasitənin təsiri altında sükan arxasında olan taksi sürücüləri də daim gündəmdədir.

Hamı gərgindir, hamı harasa tələsir, hətta çətin testlərdən keçən avtobus sürücüləri də bu gün qalmaqallı hadisələrdə çox iştirak edir. Səbəb nədir?

Çünki empatiya hissi yoxdur. İşıqforun yaşıl işığının yanmasından bir salisə keçməmiş, hələ göz gördüyü siqnalı beyinə ötürməmiş arxadan siqnal səsi ucalır...

Sükan arxasında telefon istifadəsi də Əzrailin dəryazına dönüb. Bir əl sükanda, bir əl telefonda, bir göz yolda, bir göz ekranda, az qala ayaq barmaqları ilə də avtomobil idarə edə -edə mesaj yazırlar, zəng edirlər. Soruşsan, “mən yaxşı sürücüyəm, heç nə olmaz” cavabları hazırdı. Dənizdə ən çox boğulanlar üzməyi ən yaxşı bacaranlardır elə...

Ölüm hamı üçün var, amma Allahın yolladığı təbii əcəllə ölmək başqadır, kiminsə məsuliyyətsizliyinin, eqoistliyinin nəticəsində ölmək ayrı...

Həyat müştərəkdir, sükan arxasına oturub yola çıxan insan təkcə öz həyatı, sağlamlığı üçün deyil, digər sürücülərin də, yolu keçən piyadaların da həyatı, sağlamlığı üçün məsuliyyət və empatiya hiss etməlidir.

Buna görə də hər sürücü ayağını sürət pedalına basanda xatırlamalıdır: yüksək sürət evə yox, məzara yaxınlaşdırır...

# 356 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

18:13 5 sentyabr 2025
Səyavuş Aslan kimdir?

Səyavuş Aslan kimdir?

16:55 5 sentyabr 2025
Aktyor Jak Şarrye vəfat edib

Aktyor Jak Şarrye vəfat edib

16:01 5 sentyabr 2025
Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

15:30 5 sentyabr 2025
Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

14:28 5 sentyabr 2025
Gənc Tamaşaçılar Teatrının sentyabr repertuarı

Gənc Tamaşaçılar Teatrının sentyabr repertuarı

14:23 5 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər