Başqa mən - Aliyə Kərimzadənin hekayəsi

Başqa mən - Aliyə Kərimzadənin hekayəsi
5 sentyabr 2025
# 14:15

Kulis.az Aliyə Kərimzadənin “Başqa mən” hekayəsini təqdim edir.

Salvador artıq neçə ildir ki, eyni marşrutla evə dönürdü. Hər gün saat 18:47-də metrodan çıxır, əllərində köhnə, yüngülcə əyilmiş iş çantası, başı aşağı, düşüncələri isə uzaqda olurdu. Həyat onun üçün sanki donmuş bir görüntü kimi idi – eyni küçələr, eyni səs-küy, eyni adamlar. Hətta yolun kənarındakı köhnə kafedən gələn səslər, qırıq stulda oturan qoca, vitrinlərdəki saralmış manikenlər belə dəyişmirdi.

İşində isə vəziyyət daha da pis idi. Müdiri ilə aralarında daim gərginlik var idi. Müdiri heç vaxt onun zəhmətini qiymətləndirmir, hər səhvini böyüdür və onu tamamilə bezdirirdi. Hər dəfə iclaslarda və ya layihələrdə özünü göstərməyə çalışdıqca sanki daha da görünməz olurdu. Uğura yaxınlaşdığı yerlərdə isə müdirin onu gözdən salmaq üçün gətirdiyi maneələr, bəhanələr onu əməlli-başlı yormuşdu. Salvador inanırdı ki, onun dünyasında ədalət yoxdur, burada hər kəs özünü düşünür, dürüstlük və vicdan isə unudulmuş anlayışlara çevrilib.

O təkcə işdən deyil, elə həyatın özündən də bezmişdi. Gecə yatarkən ürəyində sanki ağır daşlar vardı. Arzuları, həsrətləri, reallaşmamış planları bir-bir hafizəsində canlanırdı. Həyat beş il əvvəl ailəsini, tanışlarını tərk edib bu şəhərə köçəndə ümid etdiyi kimi irəliləmirdi, əksinə sanki onu sınayırmış kimi sərt üzünü göstərməkdən heç vaz keçmirdi.

“Nə üçün bütün əziyyətlərimə, çalışmağıma baxmayaraq heç nə istədiyim kimi deyil?” – deyə düşünürdü. Həyatının hər anında ədalətsizlik vardı və artıq qəbul etmişdi ki, heç vaxt özü olmaq, istədiyi kimi yaşamaq imkanı yoxdur.

Salvadorun gözlərindəki o sönük işıq yorğun bir adamın əlaməti idi. Onun üçün hər gün işdən çıxıb evə getmək sadəcə monotonluğun bir parçası idi. Bir sözlə, həyatın rəngi onun üçün solmuşdu, ümidləri isə getdikcə azalırdı.

Ta ki o günə qədər...

O gün işdən çıxanda havada anlaşılmaz bir gərginlik hiss elədi. Qəribədir, əslində hava əvvəlli kimi idi - nə yağış, nə külək, nə də qaranlıq. Amma içində sanki nəsə dəyişmişdi, bəlkə də özündə bir şeylər qırılmışdı.

Hər gün keçdiyi paltar vitrininin önündən keçərkən addımları qeyri-ixtiyari yavaşladı. Gözü heç planlamadığı halda sağ tərəfdəki şüşəyə sataşdı.

Və...orada özünü gördü.

Amma şüşədə gördüyü sadəcə bir əks deyildi. Şüşədəki “o” biraz fərqli idi. Geyimi daha zövqlü, səliqəli idi, baxışlarında qəribə bir dərinlik vardı. Üzündəki ifadə isə tanımadığı bir əminliklə dolu idi. O, sakit və inamla gülümsəyirdi.

Salvador yerində donub qaldı. Bədənində qəribə bir titrəmə hiss etdi. Elə bir içində bir şey sındı, ya da çoxdan susmuş bir hiss oyandı. Geri çəkildi... Təkrar baxdı. Əgər bu əksi olsaydı, hərəkətləri eyni olmalı idi, amma vitrindəki “o” sadəcə onu izləyirdi. Hərəkətsiz, amma canlı görünürdü. Sanki o baxışlarda, o duruşda bir növ səssiz çağırış vardı.

Salvadorun boğazı qurudu. Damarlarında qopan hislərə ad qoymaq çətin idi – qorxu, heyrət, maraq...və bir az da həsəd. Çünki vitrindəki o adam ona bənzəyirdi, amma onun əsla ola bilmədiyi biri idi.

***

Salvador həmin gecə yatmazdan əvvəl özünə söz verdi: “Unudacam! Bu yəqin yorğun beynimin oyunudur. Sadəcə mənim əksim... başqa heç nə”.

Amma səhər oyananda düşündüyü ilk şey yenə o vitrindəki “digəri” oldu.

İşdən çıxanda özünü toplayıb marşrutunu dəyişməməyə qərar verdi. Vitrinə yaxınlaşdıqca ürəyi daha da sürətlə döyünməyə başladı. Yeridikcə özünə təlqin edirdi: “Başını çevirmə. Sadəcə yanından öt və keç. Orada heç nə yoxdur, heç nə görməyəcəksən”.

Amma gözlər öz bildiyini edər - yenə baxdı, yenə “o” orada idi. Bu dəfə daha aydın, daha qətiyyətli görünürdü. Baxışları kəsici, qaməti dik, geyimi isə Salvadorun heç vaxt cürət etmədiyi qədər cəsarətli və seçilən idi. Vitrinin o üzündəki “başqa mən” indi daha da canlı görünürdü. O tək deyildi. İndi yanında bir qadın da dayanmışdı – sadə, amma cazibədar bir qadın. İkisi birlikdə gülürdülər. Həqiqi və səmimi bir gülüş.

Salvador bir anlıq başını yana çevirdi. Boğazında qəhər düyünləndi. Bu gülüşü o qədər uzun müddətdir ki, unudub...İçində kədər və həsədin qarışığı qəribə bir hiss doğuldu. Elə bil kənardan özünü izləyirdi. Amma bu, onun yaşadığı deyil arzuladığı həyat idi. Və o an Salvador anladı ki, vitrindəki sadəcə əksi deyil. Bu əslində bir ehtimaldır.

Üçüncü gün daha erkən getdi. “O” yenə orda idi, sakitcə dayanmışdı, baxırdı və gülümsəyirdi.

Dördüncü gün işdən çıxış saatını dəyişdi. Hətta metrodan başqa çıxışdan çıxdı, telefonuna baxaraq diqqətini yayındırmağa çalışdı.

Amma hər dəfə vitrinin önündən keçəndə “o” orada idi. Sanki onu gözləyirdi və hər dəfə Salvador vitrinin önündən keçəndə şüşənin o tayındakı Salvador sakitcə ona baxırdı. Nə bir jest, nə bir işarə, sadəcə gözlərini dikib durur ara-sıra gülümsəyirdi.

Salvadorun içində qəribə bir gərginlik yığılırdı. Əvvəllər vitrinin önündən sadəcə keçirdi. İndi isə bu keçid artıq sadə bir yol yox, həyatının çatlağına çevrilmişdi.

Beşinci gün artıq nəinki maraq, hətta şübhə də öz yerini aldı. Bəlkə də doğrudan da ağlını itirirdi? Yoxsa bu uzun illərin yorğunluğun, rutin həyatın yaratdığı bir hallüsinasiya idi? Bir anlıq psixoloqa getmək istədi. “Bəlkə də bu müalicə olunmalı bir şeydir...” – deyə düşündü. Amma sonra içindəki o tanış, lakin etiraf olunmayan hiss baş qaldırdı... həsəd...

Altıncı gün axşamüstü Salvador addımlarını daha da yavaşlatdı. Qalxan toz, insanların səsi, telefon titrəyişləri - hamısı kənarda qaldı. Artıq bu vitrinin qarşısından keçmək bir vərdiş deyil, müqəddəs bir ayinə çevrilmişdi. Ayaqları sanki yerə mıxlandı. Daxili səsi onu geri çəkirdi. “Nə edirsən? O sadəcə sənin əksindir. Bu dəli oyundan çıx artıq!” Amma ürəyində başqa bir səs var idi - daha dərin, daha cəsarətli, az qala iblisvari bir səs pıçıldayırdı: “Bəlkə bu yeni həyata açılan bir qapıdır? Bəlkə bu, illər əvvəl səhv buraxdığın yolayrıcıdır?”

Salvador bir neçə saniyə gözlərini yumdu. Sanki içindəki bu səsi boğmaq istəyirdi. Amma yenə baxdı və “o” – vitrindəki “başqa mən” yenə orada idi. Bu dəfə daha yaxın görünürdü. Gözləri daha canlı, baxışlarında qəribə bir nur vardı. Onun içində nəyisə görür, nəyisə bilirdi. Salvador nəfəsini tutdu və addım atdı. Vitrinə bir qarış qalmış dayandı. Barmağını yavaşca şüşəyə uzatdı. O biri tərəfdəki “digər Salvador” da barmağını uzatdı... Amma eyni anda deyil. Yarım saniyə gec. Və o anda sanki zaman çatladı. Salvadorun beyni bu ani fərqi dərhal dərk etdi. Bu, sadəcə əksi deyildi, başqa bir varlıq idi.

Nəfəsi sanki sinəsində ilişib qaldı, bədənində min iynə gəzdi. Qarşısındakı vitrində onun “güclü”, “azad” və “həyat dolu” versiyası dayanmışdı. Şüşənin arxasında gördüyü adamın gözlərində bir sakit inam, bir həyat doluluğu vardı. O həyat ki, Salvador heç vaxt yaşamamışdı. Və o an düşündü: “Bəlkə də mən yanlış həyatı yaşayıram?”

***

Salvador o gecə yata bilmədi. Gözlərini tavana dikmiş , şüşənin o üzündəki özünü düşünürdü. Əslində bu, artıq sadəcə bir maraq deyildi. Bu ağrılı bir ehtiyaca çevrilmişdi. Bilmək istəyirdi ki, “o” kimdir, haradandır və nə üçün onu izləyir?

Növbəti gün Salvadorun oyanışı əvvəlki günlərdən fərqli oldu. Elə bil bədənini, ruhunu ağır bir yük basırdı. İşə getmək üçün heç bir istəyi yox idi. Telefon zənglərini cavabsız qoydu, mesajlara cavab vermədi. Səbəb göstərmədən məzuniyyət götürdü. Ürəyində boşluq, ümid, qorxu və maraq dolu bir qarışıqlıq vardı.

Günortadan sonra yenidən vitrinin özünə gəldi. Addımları ağır, gözləri yorğun idi. Vitrinin önünə keçdi.... və “o” orada idi.

Bu dəfə vitrinin içindəki “digər Salvador” əlində bir kağız tutmuşdu. Kiçik, bükülmüş bir kağız. Salvador gözlərini qırpmadan baxırdı. Daxildəki “o” kağızı yavaşca şüşəyə yaxınlaşdırdı və orada saxladı. Kağızda sadəcə bir cümlə yazılmışdı: “Sən harada səhv etdin?”

Salvadorun ürəyi sanki yerindən çıxacaqmış kimi döyünürdü. Dünya sanki səssizləşdi, yalnız bu sual onun beynində əks-səda verdi. Bu nə idi? Oyundur? Psixoz? Yoxsa nəsə daha dərin... daha real bir şey?

Bir anda vitrindəki şəklin fonu dəyişdi. Arxa tərəfdə Salvadorun heç görmədiyi mənzərə canlandı. “O adam” bir səhnədə idi. Tamaşaçılar qarşısında çıxış edirdi. İşıqlar yanır, tamaşaçılar coşqu ilə onu izləyirdi. Alqış sədaları, gülüşlər, kameraların flaşları... Bu Salvadorun həmişə xəyal etdiyi həyatın parçası idi.

Əlini yenə şüşəyə toxundurdu. Bu dəfə başqa bir şey hiss etdi. Şüşə nəfəs alırdı. Birdən vitrindəki “digər mən” dilləndi. Amma səsi heç bir yerdən gəlmirdi. Sadəcə Salvadorun beynində eşidilirdi: “Əgər istəyirsənsə, dəyişdir”.

O an küçənin səsi kəsildi. Salvadorun başı gicəlləndi. Şüşənin içindəki dünya parıldamağa başladı. Sanki bir pərdə çəkildi və “o dünya” daha canlı, daha cazibədar göründü. Orada hər şey yerində idi – sevgi, uğur, azadlıq. Və o dünyada Salvador artıq sadəcə izləyici deyildi.

***

Salvador növbəti gün vitrinin qarşısında bir daha dayandı. Bu, artıq gündəlik bir yol deyil, bir çağırış idi. İçindəki qorxu susmuşdu. İndi təkcə bir fikir var idi: “Baxıb keçmək kifayət deyil, əgər bu gerçəkdirsə, içəri girməlisən”.

Şüşə yenə isti idi və yenə nəfəs alırdı. Sanki “o dünya” qapısını açmış Salvadoru gözləyirdi. “Digər Salvador” içəridə dayanmışdı. Bu dəfə o bir addım geri çəkilmişdi. Arxasında gözəl, işıqlı küçələr, gülən insanlar, dəbdəbəli və gözəgəlimli bir həyat var idi.

Salvador əlləri titrəyə-titrəyə şüşəyə toxundu və əlləri şüşədən içəri keçdi. Ovucları artıq vitrinin içindəki hava ilə dolmuşdu. Soyuq deyildi, isti, rahat bir boşluq idi. Qarşı tərəfdəki “başqa mən” sadəcə baxırdı. Gözlərində nə qəzəb, nə sevinc, nə də qorxu var idi - sadəcə qəbul...

Salvador tam içəri keçmək istəyirdi ki, o biri Salvador nəhayət dilləndi. Bu dəfə səs sanki Salvadorun içindən gəlirdi: “Yalnız bir yer var!”

Salvador diksindi, geri çəkildi. “Bu nə deməkdir?”- deyə düşündü.

Digər Salvador bir addım ona yaxınlaşdı. Onların arasında indi bir neçə santimetr var idi. Hər ikisi eyni nəfəsi alırdı, eyni ritmlə göz qırpırdı. Və o an Salvador başa düşdü ki, bu, sadəcə keçid deyil. Bu dəyişmədir. O içəri keçsə, digəri burada qalmalıdır. Yəni bir cür yer dəyişdirməlidirlər. İçində bir səs qışqırırdı: “Ya o, ya sən!”

Salvadorun başı fırlandı. Birdən küçənin səsi qayıtdı, insanlar keçdi, kimsə ona toxundu, amma o hiss etmədi. Gözlərini şüşədən ayırmırdı. Qarşısındakı adam – bu qəribə “o” indi daha yaxın idi. Gözlərində qəribə parıltı vardı. Sanki deyirdi: “Bütün bu illər sən baxdın. İndi növbə mənimdir”.

Salvador bir an geri çəkildi. Amma ürəyi yerindən çıxacaqmış kimi döyünürdü. Şüşənin o üzündəki “digər Salvador” əlini uzatdı və astaca soruşdu: “Hazırsan?”

Salvadorun əli titrəyirdi . O qədər yaxın idi ki... Sadəcə bir addım və hər şey dəyişə bilərdi. Lakin ayaqları yerə mıxlanmışdı. Düşüncələri bir-birinə dolaşırdı: “Bu real deyil”, “Mən dəli olmamışam” , “Bu tələ ola bilər”, “ Axı bu vitrinin o üzündə nə var ki? Sadəcə bir illuziya... Bəlkə də mənim istəklərimdən yaranmış bir yalan...”

Amma eyni zamanda içində başqa bir şey də danışırdı. Daha dərin, daha qaranlıq və daha səmimi bir səs: “Bu, sən ola bilərdin. Bəlkə hələ də gec deyil”.

Vitrindəki o biri Salvador heç nə demirdi. Sadəcə dayanmışdı. Amma indi onun gözlərində qəribə bir şey var idi. Sanki gözlərindəki əvvəlki sakitlik yox olmuşdu. İndi orda bir tələskənlik, bir susqun təlaş vardı - deyəsən, o da gözləməkdən yorulmuşdu.

Salvadorun ayaqları biraz irəli getdi . Özü də fərqinə varmadan irəliləyirdi və o anda bir şey hiss etdi. Bədəni elə bil ona qarşı işləyirdi. Başında bir ağrı, ürəyində qarmaqarışıq ritmlər, amma eyni zamanda bütün sinir sistemi şüşəyə doğru çəkilirdi. Elə bil vitrinin içində nəhəng bir maqnit var idi və o, artıq müqavimət göstərə bilmirdi.

Nəfəsi sürətləndi. Ayaqlarını güclə yerə basırdı. Gözləri vitrindəki dünyaya ilişib qalmışdı. O rənglər, o azadlıq, o başqa versiya. Hər şey sanki qışqırırdı: “Bu, sən ola bilərdin. Bəlkə hələ də gec deyil”.

Salvador gözlərini yumdu. Başında minlərlə səs çaxnaşırdı. Keçmiş xatirələr, boşa çıxmış illər, reallaşmamış arzular bir-bir gözündə canlandı. Uşaq vaxtı yazmaq istədiyi kitab... Səhnəyə çıxmaq arzusu... Getmək istədiyi yerlər... Sevdiyi qızın ona “yox” deməsi...

Gözlərini açdı, vitrinin şüşəsinə toxundu. Amma bu dəfə “o tərəf” də hərəkət etdi. “Başqa mən” irəli atıldı və bir anda əlləri şüşənin içindən çıxdı. İndi ilk dəfə olaraq o, vitrindən kənarda idi.

Salvador geri sıçradı, amma artıq gec idi . “O adam” indi onun qarşısında dayanmışdı. Canlı, həqiqi, sakit və çox qəribə şəkildə doğma.

“Başqa mən” astaca , səsi titrəmədən dedi: “Əgər sən gəlmirsənsə, mən gəlirəm”.

Salvadorun ürəyi bərk döyünürdü. Qarşısındakı başqa Salvadorun gözlərində nə təhdid, nə də mərhəmət var idi – sadəcə qətiyyət. Əlləri Salvadorun çiyinlərinə toxundu. Salvador nə geri çəkilə bildi, nə də irəli gedə bildi. Bədəninin dərinliyində qəribə bir isti yayıldı. Bir ani titrəyiş və hər şey qaraldı...

***

Bir neçə saniyə, ya da bir ömür sonra gözlərini açdı. Eyni şəhər... Amma nələrsə fərqli idi. Eyni küçə, eyni insanlar... Amma daha parlaq, daha sürətli, daha inamlı... Hər şey bir az realdan artıq, bir az da yuxudan əskik idi.

Cibində bir açar var idi. Ünvan tanış gəlməsə də ayaqları onu doğru yerə apardı. Qapını açdı və içəri girdi. Hər şey yerli yerində idi. Gözəl bir ev, səhnə şəkilləri ilə dolu divarlar, kitablar, mükafatlar... Bəllidir ki, bu Salvador yazmışdı, yaşamışdı...

İlk həftələr hər şey parlaq görünürdü. Salvador sanki gecikmiş bir arzunun içində idi. Müasir ev, zövqlə seçilmiş paltarlar, populyar bir sima, təriflər, şən ziyafətlər ... Və təbii ki, gözəllər gözəli Laura...

Salvadorun həyatına işıq dolmuşdu. Hər səhər oyananda ilk hiss etdiyi şey sakit bir xoşbəxtlik idi. Gözlərini açar-açmaz qarşısında duran dünyanı sanki yenidən kəşf edirdi – hər şey parlaq, canlı, hər şey tamamlanmış.

İşə gedərkən küçələr ona sanki xüsusi, özəl bir melodiya ilə oxuyurdu. İnsanların gülüşləri, danışıq səsləri, hətta küləyin yüngül əsintisi belə Salvadorun ürəyində ahəng yaradırdı. Hər addımı, hər nəfəsi yeni həyatı ilə uyğunlaşırdı. İçində bir rahatlıq, bir sevgi, bir mənalı varlıq hissi vardı.

Evin qapısını açan kimi qarşısında Laura dayanırdı. Onun sadəcə bir sözü, bir baxışı Salvadorun dünyasını dəyişir, Günəş kimi ruhuna yayılırdı.

İşlər də ona möcüzə kimi gəlirdi. Hər layihə uğurla nəticələnir, hər addım onu daha da irəli aparırdı. O həyatdan zövq almağı öyrənmişdi. Səhər çayını içərkən, günəşin pəncərədən sızan isti şüalarını hiss edərkən, axşamın sakitliyində Laura ilə əl-ələ gəzərkən hiss etdikləri ona xoşbəxtliyin sirlərini açırdı. Yeni həyat Salvador üçün yalnız uğur deyil, həm də mənalı bir yol idi.

Bəzən günün ən sakit anlarında Salvadorun düşüncələri gözlənilmədən o vitrinin şüşəsinə qayıdırdı. “Digər Salvadorun” o sakit amma qəribə dolğun baxışı elə bil ürəyində bir yerə ilişirdi. Amma bu xatirələr tez keçici olurdu, sanki uzaq bir yuxudan oyanırdı.

“O adam indi mən deyiləm” – deyə öz-özünə təkrar edirdi. “Mən buradayam. Bu həyat mənimdir. Bu sevgi, bu uğur, bu azadlıq... bunlar mənim gerçəyimdir.” Dərindən nəfəs alıb vitrini düşünməkdən uzaqlaşırdı. İndi onun üçün önəmli olan Laura ilə keçirdiyi anlar, işdə qazandığı uğurlar, evdə duyduğu sakitlik idi. O, keçmişin kölgələri ilə yaşamaq istəmirdi.

Amma bəzən gecələr yatarkən, gözlərini yumanda o vitrindəki başqa Salvadorun səsi yenidən qulağında eşidilirdi: “Əgər istəyirsənsə, dəyişdir”. Salvadorun ürəyi bir anlıq dayanırdı, amma o, dərindən güc tapıb o səsi dindirirdi: “İndi yox, indi deyil...”

***

Amma zaman keçdikcə o parıltının altında çatlayan səslər eşidilməyə başladı. İçində böyüyən o boşluq Lauranın telefon danışığı ilə başlamışdı.

Bir gün Salvador işdən evə qayıdanda Lauranı telefon ilə danışarkən eşitdi. Qapının arxasında dayanıb sadəcə dinlədi.

- Yox, hələ heç nə anlamayıb. Dəyişib deyirlər, amma məncə, sadəcə daha çox susur... Nə fərqi var ki, onsuz da atamın kölgəsindədir. Heç nəyə səsini də çıxara bilməz. İnana bilmirəm ki, bu qədər asan oldu.

-...

- Bəzən üzünə baxanda gülməyimi saxlaya bilmirəm. Elə ciddi, elə səssiz... Heç anlamır ki mən burada ona görə yox, Leona yaxın olmaq üçün qalıram.

- ...

- Yox canım, o heç nədən şübhələnmir. Məni sevirmiş kimi baxır, əslində özü də etiraf edə bilmir amma onun sevdiyi mən yox atamın pulları və ona tanınmış imkanlardır. Amma sən Leonun gözlərini görməli idin... Elə bil onun fırçası mənim ruhumu çəkmək üçün var bu həyatda...

O an Salvadorun ürəyi sıxıldı. Sözlər kəskin bir bıçaq kimi ruhuna saplandı. Öz həyat yoldaşı onun haqqında başqa biri ilə danışırdı və danışdığı tonda nə sevgi vardı, nə də hörmət. “Leon... Leon kimdir?” – deyə düşündü və dərhal iki mərtəbə yuxarıda yaşayan gənc rəssamı xatırladı.

Günlərlə gözünə yuxu getmədi. Hər dəfə bu sözlər qulaqlarında əks-səda verirdi, sanki hər şeyin altında gizlənən soyuqluğun, sevgi və etimadın qırılmasının şahidi olurdu. Bu reallıq Salvadoru parçalayır, onu dərin bir iztiraba sürükləyirdi.

Bir neçə gün özünə gələ bilmədi. İşə getmirdi, Lauranı görməmək üçün iş otağından kənara da çıxmamağa çalışdı. Fikrini dağıtmaq üçün stolun çəkməcələrini qarışdıranda əzilmiş, rəngi getmiş bir zərf gözünə sataşdı.

Əlləri əsə-əsə zərfi açdı. İçərisində Laura ilə onun toy şəkili vardı və şəklin arxasında bir neçə cümlə. Oxuduqca dondu qaldı: Hər şeyi danışıb həll etmişəm. Kitab sənin adınla çap ediləcək. Amma unutma ki, bu imkanları sənə mən verdim. Qızımın yanında adam olmağın da mənim sayəmdədir. Həmişə yerini bil, səni yoxdan var etdiyim kimi, lazım gələrsə, təkrar heç kim etməyi də bacararam.

Zərfin üzərində göndərilmə vaxti var idi - bir neçə il əvvəl onun doğum günündə. Deyəsən, bu hörmətli qaynatasının ona doğum günü “hədiyyə”si idi.

Salvador dizləri üstə çökdü. Həyat yoldaşı tərəfindən sevilmədiyini artıq öyrənmişdi. İndi isə uğurlarının da öz zəhməti olmadığını anlayırdı: “Bu uğur mənim deyil, mən sadəcə kölgədəki bir adamam. Həqiqi sandığım uğurlarımın arxasında böyük bir yalan və boşluq dayanıbmış.”

Dostlarına üz tutdu. Sanki bir nəfər onu başa düşər deyə. Amma tezliklə anladı ki, görüşlərdə əsas mövzu onun avtomobili, villası, şərab seçimi və yeni layihələrdə kimə “pay” verəcəyi idi. Heç kim onun ruh halını, düşüncələrini soruşmurdu. Heç kim “Sən necəsən?” demirdi, hamı “Sən bizim üçün nə edə bilərsən?” deyirdi.

Bir gecə Laura evə gəlmədi. Zənglərə cavab vermədi. Gecənin yarısı evə qayıdan Laura susdu, soyundu və yatağa uzandı. Heç bir izah olmadı. Amma artıq izah lazım deyildi. O an Salvador anladı ki, bu həyatın içində itmək təhlükəsi ilə üzbəüzdür. Ürəyindəki ümüdlər tədricən sönür, ruhu yavaş-yavaş əriyirdi. Artıq uğur və zənginlik deyil, sevilmək, görülmək, dərk edilmək istəyirdi, amma heç kim onu görmürdü.

“Laura... Sən mənim həyatımda olmadığın kimi mən də sənin həyatında bir boşluğam. Mən həqiqətən heç kiməm” – deyə düşündü.

Qəlbinin dərinliklərində bir qəzəb qaynayırdı - özünə, həyat yoldaşına və ən çox da bu həyatın ona olan ədalətsizliyinə. Amma eyni zamanda içində bir qorxu da vardı. Bu həqiqəti qəbul etmək bu yalanlar içində yaşamaqdan daha ağrılı idi. Salvador diz çökdü. Hər şey sanki əlindən sürüşür, tutunmağa heç bir səbəb qalmırdı. O an anladı ki, artıq bir yalanın içində yaşamaq istəmir, amma reallığın soyuğu da onu bir yandan dondururdu.

Axı o uğurlar ümid etdiyi bu dünyada başqalarının kölgəsindəki bir kukla idi sadəcə. Qəlbi qırılmış, ruhu saralmışdı. Özünə dediyi hər “Mən bacardım” sözü indi böyük bir yalandan ibarət idi. O, həyat yoldaşının arxasında gizlənmiş, uğurları ona aid olmayan biri idi. Qaranlıq otaqda Salvador özünü tamamilə itmiş kimi hiss edirdi. Hər şey elə bil başına uçmuşdu və o yalnız qalmışdı – qırılmış, yaralı və heç bir dəyəri olmayan biri kimi.

O əvvəlki həyatını xatırladı. Həqiqətən də orada çətinliklər vardı – məhdudiyyətlər, uğursuzluqlar, soyuq münasibətlər. Amma o həyat onun öz həyatı idi. Qərarları onun idi, seçimlər ona aid idi, ağrıları da, sevincləri də onun idi. O həyatın tam mərkəzində durmuşdu, o həyatını əzələ-əzələ öz əlləri ilə qurmuşdu.

O gecə Salvador özünə etiraf etdi:” Mən bu həyatı istəməmişdim. Mən sadəcə reallaşmayan özüm olmaq istəmişdim və buna ümid etmişdim”.

Və nəhayət içindəki səs çox sarsıdıcı bir həqiqəti pıçıldadı: “Mən ... Buraya aid deyiləm. Köhnə həyatımda daha xoşbəxt idim. Ən azından orada mən daha özüm idim. Orada arzularım, xəyallarım var idi. Bu həyat isə... Bu həyat sadəcə bir teatr pərdəsindən başqa bir şey deyilmiş.”

Salvador əllərini dizinə sıxdı, gözləri doldu, amma bu dəfə göz yaşları artıq qəzəbli deyildi, o yorğun və təslim olmuşdu. Salvadorun içi qara bir duman kimi örtüldü. O, artıq heç nəyi qəbul etmək istəmirdi – nə yeni evi, nə işini, nə də bu dünyanı.

***

Hər səhər yataqdan qalxmaq onun üçün əzab idi, işə getmək isə tamamilə mənasız görünürdü. Dövlət, vəzifə, pul – hamısı bir-birindən uzaq, boş və əhəmiyyətsiz idi.

O artıq işə getməyi dayandırdı. Qapıdan çıxıb evdən uzaqlaşmaq belə ona ağır gəlirdi. Amma əzilmiş ruhunu evdə qoymağa yer tapmır, özünü ora da aid hiss etmirdi. Artıq sığınacağı tək yer qalırdı – vitrinin önü.

İndi o hər səhər gün doğmazdan qalxır, paltonun yaxasını qaldırır və vitrinin qarşısına gedirdi. Eyni küçə... Eyni şüşə... Amma “o” orda yox idi. Bəlkə də “o” indi şüşəyə baxmağa ehtiyac duymurdu. Bəlkə də “o”, bu saxta dünyadan, yalançı parıltıdan o qədər bezmişdi ki, geriyə baxmağı unutmuşdu. Yaxud sadəcə getmişdi...

Salvador hər gün dayanır, gözləyirdi. İnsanlar yanından keçir gedir, bəziləri ona qəribə baxırdı. Amma o onları görmürdü. Onun üçün artıq yalnız bir şey var idi: keçid.

Amma vitrindəki şüşə indi soyuq idi. Əvvəl toxunanda nəfəs alırdısa, indi ölü bir səth idi. Sanki qapı bağlanmışdı, həm də birdəfəlik.

Hər gün oraya gələrkən içində bir inam olurdu ki, bəlkə “o” bu dəfə gələcək.

Amma günlər keçdi, aylar keçdi... Vitrin dəyişdi. Bəzən içində geyimlər olurdu, bəzən dekorlar. Bəzən isə tamamilə boş qalırdı. Amma “o” bir daha gəlmədi.

Günlər keçdikcə Salvadorun gözlərindəki işıq tədricən sönürdü. Vitrinin qarşısında dayanıb, soyuq şüşəyə baxarkən içində qəlbinin ən dərin künclərində çırpınan son ümidləri də əllə tutulan heçliyə çevrilirdi. Artıq heç nə onun üçün məna daşımırdı. Bütün dünya qarışıq bir səssizlikdən başqa bir şey deyildi.

Salvador artıq gözləmirdi, sadəcə baxırdı. Baxır və susurdu. Baxır və qayıtmaq üçün bir yolun olmadığını qəbul edirdi.

Şüşədə sadəcə özünü görürdü - boş, yorğun və artıq “başqa mən”i olmayan adamı. Gözlərini yumdu, içində bir səssizlik var idi. Sonuncu dəfə pıçıldadı: “Mən sadəcə başqa “mən” olmaq istəmişdim”.

Sonra yavaş-yavaş küçəni tərk etdi. Vitrin isə boş qaldı...

# 301 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum olub

18:13 5 sentyabr 2025
Səyavuş Aslan kimdir?

Səyavuş Aslan kimdir?

16:55 5 sentyabr 2025
Aktyor Jak Şarrye vəfat edib

Aktyor Jak Şarrye vəfat edib

16:01 5 sentyabr 2025
Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

Çexiyada qadın gəzinti zamanı xəzinə tapdı

15:30 5 sentyabr 2025
"Gəncləri ölümə aparan adrenalin?!" - Yüksək sürətlə məzara yaxınlaşanlar

"Gəncləri ölümə aparan adrenalin?!" - Yüksək sürətlə məzara yaxınlaşanlar

15:00 5 sentyabr 2025
Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

14:28 5 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər