“Dolma festivalı”

Ulucay Akif

Ulucay Akif

15 fevral 2023
# 11:30

Kulis.az Ulucay Akifin “Dolma” adlı yazısını təqdim edir.

Səhər oyanan kimi dolmanın bizim olduğunu xatırladım və özümü çox xoşbəxt hiss elədim. Fikirləşdim ki, nə yaxşı dolma bizimdir!

Əgər dolma əclaf ermənilərin olsa, yəqin ki, bu yer üzündə bircə gün də yaşamağa utanardım. Dolmanın bizim olmama ehtimalını düşünəndə belə tüklərim biz-biz olur.

İlahi, çox sağ ol!

Dolmanın bizim olduğunu hər yerdə fəxrlə deyə bilərik. Xüsusən, İngiltərə, Fransa, İtaliya və Skandinaviya ölkələrində (İsveç, Norveç və Danimarka) dolmaya görə azərbaycanlılara böyük rəğbət var.

Londonda tələbə olan dostum keçən dəfə mənə danışır. Deyir, universitetdə tələbələr məni barmaqla göstərirlər ki, dolma bunlarındı da. Belə bir möhtəşəm rəğbət var imiş dostuma dolmaya görə. Hətta London universitetində keçirilən elmi tədbirlərdə, konfranslarda ilk sözü də dostuma verirlər ki, bəs birinci başqası danışsa, ayıb olar. Dolmaya ayıb olar! Dostum da sağ olsun, hər çıxışında dolmanın bizim olmağı haqqında 25 dəqiqəlik bir mühazirə oxuyur. Deyir, ermənilər partdayır, ölür. Eşq olsun!

Bundan daha möhtəşəm duyğu ola bilməz!

Hətta bizim xoşbəxtliyimiz ondadır ki, təkcə dolma yox, lavaş da bizimdir!

Bundan da böyük lütf ola bilməz.

Bütün Avropa şokdadır ki, necə olur, həm dolma bunlarındı, həm lavaş? Ermənilər də hər gün Allaha üsyan edirlər ki, bunun birini heç olmasa bizə verərdin də.

Hətta bir erməni Londonda tələbə dostumun ayaqlarına düşüb yalvarıb ki, heç olmasa lavaşın bizim olduğunu de elmi konfranslarda, axı ürəyimiz partlayır. Dostum da deyib ki, lap məni güllələsəniz də nə lavaşın, nə də dolmanın sizin olduğunu demərəm!

Danışdıqca tüklərim biz-biz olur, gözlərim dolur.

Eşq olsun! Yüz min dəfə eşq olsun! Milyon dəfə eşq olsun!

Mən düşünürəm ki, dolma və lavaş sahəsində işlərimizə davam etməliyik. Qətiyyən bu məsələləri diqqətdən kənar qoymaq olmaz.

Təklif edirəm ki, Mədəniyyət Nazirliyi ona ayrılan vəsaitin ən az 90 faizini dolma və lavaşın Avropada təbliğ olunmasına sərf eləsin. Bu, mütləqdir! Belə məsələlərdə boşluq vermək olmaz.

Hətta Nazirlik üçün bu mövzuda layihə yazmağı da öz boynuma götürürəm. Tam detallara getmədən təxmini necə bir layihə düşündüyümü deyə bilərəm. Elə indi ağlıma gəldi.

Fransada dolma festivalı təşkil edirik. Festivalın orada keçirilməsi çox əla olar. Ermənilər-filan orada çoxdu axı. Özünüz bildiniz də. Qoy dəli olsunlar.

Hə. Eyfel qülləsinin düz altında böyük bir ərazidə çadırlar qururuq. Beş-altı zirək dolma bişirə bilən, lavaş aça bilən xala götürüb aparırıq ora. Elə açıq havada, camaatın gözü qabağında xalalarımız dolma sarır, o biriləri sacın üstə lavaş açır.

Tədbir üçün bədii hissə də fikirləşmişəm.“Talış nənələr” rəqs qrupunu da aparırıq. Əllərində dəf çıxırlar “Ay lolo” oxuyurlar. Hamı ağzı-açıq izləyir onları.

Dolmalar, lavaşlar hazır olduqca da elə orada ayaqüstü veririk tamaşa edənlərə, basıb yeyirlər. Daha çox qıyıqgözlər (çinlilər, yaponlar, koreyalılar) tökülüşüb hamısını yeyəcək, əlləri ilə də baş barmaqlarını göstərəcəklər. Ta nə istəyirsiniz? Bundan yaxşı mədəniyyətin təbliği?

Layihənin də qiyməti 1 milyon manat. Nədir ki 1 milyon? İldə azı 4 dəfə bu layihəni Avropanın fərqli ölkələrində təşkil etmək lazımdır. Mədəniyyətimiz naminə!

Bundan daha yaxşı layihə? Ağlıma gəlmir.

# 2621 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #