Kulis.az Ayxan Ayvazın “Dindarların gecə klubu” adlı yazısını təqdim edir.
Ramazanın ilk günü və mən oruc tuta bilməmişəm. Niyə? Çünki oruc tuta bilmirəm. Cəmi-cümlətanı bircə dəfə oruc tutdum, onda da anamla bazara gedib evə şey-şüy alanda ürəyim stop elədi, az qala ordaca öləcəkdim. O gün anam mənə dedi: “Bir də oruc tutma”. Həmin gündən sonra anamın sözünü tuturam.
Yaxın dostum var, həftə səkkiz, mən doqquz arağın küpünə girir. Ramazan ayı başlayanda içkinin daşını atır, onu qonaqlığa çağıranları da qınayır: “Adam da bu mübarək ayda içki içər?”.
O vaxtları bu cür adamları saxtakar kimi görür, hər yerdə onları məsxərəyə qoyurdum. Sonralar fikirlərim dəyişdi. Dedim ki, əgər bir adam Ramazan ayına görə içki içmirsə, pis bir iş görmür ki: heç olmasa həmin günlər mədəsini dincə qoyur. Yəni, orucluq onu ucuz Bakı araqlarından, “paxmel”dən, arvad deyintisindən xilas eləyir.
Ramazanın ilk günü bədbəxt bir xəbərlə başladı. Bakıda gecə klublarından birində partlayış baş verdi. Çalışırdım ki, bu xəbərə yaxın durmayım, ordakı fotolarla qarşılaşmayım, xeyri olmadı. Evdə yoldaşım, işdə də redaktorum hadisə haqqında danışmağa başladılar. Hətta sinif yoldaşım da zəng edib dedi ki, bəs, qaqa, bilirsən, nə olub?
Bilirdim, amma istəyirdim, bildiyimi danam. Həmişə intihar, qətl, zorakılıq, partlayış kimi xəbərlərdən uzaq qaçmışam – bu haqda heç kəlmə kəsmək istəməmişəm. Bədbəxtlikdən həmişə bu hadisələrin düz ortasına düşmüşəm. Qulaqlarımı qapasam da, xeyri olmayıb, getdiyim hər yerdə bu bədbəxt hadisələrdən danışıblar.
Bakıdakı gecə klubunda partlayışın necə, hansı şəkildə baş verməsindən xəbərim yoxdur. Dediyim kimi, bu cür xəbərlərin dərinliyinə getmirəm. Ancaq bir nüans xüsusi diqqətimi çəkdi. Bir qism adam deyirdi: "Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi". Yəni, onların düşüncəsinə görə, orda partlayışın baş vermə səbəbi Ramazan ayında adamların gecə klubunda əylənməsidir. O kafirlər Allahın qəzəbinə tuş gəliblər. Allah cəhənnəm əzabını onlara qabaqcadan xatırladıb. Hələ o adamların o biri dünyada da cəzalandırılacağı şübhəsizdir.
Bu düşüncə yadıma ötən illərdə baş vermiş bir hadisəni xatırlatdı. Türkiyədə yeni il günü əyləncə mərkəzində terror hadisəsi baş vermişdi. Terrorda azərbaycanlı bir qız – Nuranə də ölmüşdü və hamı terroru, dəhşətli hadisəni buraxıb Nuranənin “o əyləncə klubunda nə işi vardı?” söhbətinə lövbər salmışdı.
İndi gecə klubunda ölənləri Ramazan ayı ilə bağlayanlar da həmin qafanın adamlarıdır. Lap dindarlığa qalsa, əsl dindar heç vaxt bu cür düşünməz. Çünki kimin harda ölməsini Allahdan başqa bilən olmaz (Bu sözləri ilahiyyatçı Elşad Miridən götürdüm, yəqin hallalığını verər). Üstəlik, kimin günahkar, kimin günahsız olduğunu da o qurban olduğum bilər (bunu da nənəmin leksikonundan götürdüm).
O insanlar ki əylənə bilmirlər, bütün günü cənnətə düşmək üçün dəridən-qabıqdan çıxırlar, onlar istəyirlər, sən də, ətrafdakılar da özləri kimi olsun. Bir çoxunu da heç Allah, İslam, günah, haram məsələləri narahat eləmir. Onlar sadəcə əylənə bilməməklərinin acığını bu cür kin-küdurətlərini tökərək çıxmağa çalışırlar. Bəlkə də, onların özləri də bu cür əylənmək istəyib də buna fürsəti, imkanı olmayanlardır.
İllər əvvəlin söhbətidir. Taksidəydim. Molla papağı geyinmiş taksi sürücüsü mənə yolboyu niyə namaz qılmadığımı soruşur, mübahisə edirdi. Axırda əsəbiləşib dedim: “Saxla, səninlə getməyəcəm”. Çaşdı: “Niyə ki?” Dedim: “Çünki Allah belə adamı bu qədər nəyəsə məcbur eləmir”.
Elə o günləri də bir bolt taksisi ilə işə gəlirəm. Taksi sürücüsü hədis qoyub dinləyirdi. Dedim ki, xahiş edirəm, söndürün. Hirsləndi: “Ramazan ayında hədisə qulaq asmaqdan daha yaxşı nə ola bilər?”. Və qəribədir ki, onunla mübahisə etmədim, bircə bunu dedim və o da tez-tələsik hədisi “söndürdü”: “Hədis dinləmək, oxumaq intim bir şeydir. Onu taksidə dinləmək olmaz”. Və o dəqiqə səs kəsildi, taksi sürücüsü sükut olan kimi soruşdu: “Namaz qılansan, qaqaş?”
Gecə klubunda baş verənləri Allahın lənəti ilə eyniləşdirənlər mümkünsə sufilik haqda, təsəvvüf haqda oxusunlar. Ümumiyyətlə, Quranı götürüb oxusunlar. Çünki əminəm ki, onlar heç öz kitablarını da oxumayıblar. Ümumiyyətlə, oxuyan kəsim bunu deməz. Heç vaxt deməz.
Yazımın sonunu Elşad Mirinin sözləri ilə bitirirəm:
“Bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə məlumat üçün qeyd edim ki, Allahın qəzəblə əlaqəli adı və sifəti də yoxdur. Allahı qəzəbləndirənlər ən böyük zülm olaraq Ona ortaq qoşanlardır. Başqalarına böhtan atanlardır. Öz fikirlərini Allaha istinad edənlərdir. Onun mesajlarını dəyişdirib təqdim edənlərdir (“Bəqərə” surəsi, 2/79; “Ali-İmran” surəsi, 3/78)”.