Ağrılı-acılı itki

Ağrılı-acılı itki
11 aprel 2023
# 17:00

Kulis.az Xalq yazıçısı Elçinin “Ağrılı-acılı itki” adlı yeni yazısını təqdim edir.

İrana Tağızadə ağır xəstəlikdən sonra vəfat etdi. İrananın getməyi yalnız uzun illər boyu çalışdığı doğma Akademik Dövlət Rus Dram Teatrının deyil, bütün Azərbaycan teatr sənətinin ağrılı-acılı itkisidir və dediyim həmin doğmalıq da yalnız bir teatra yox, ümumiyyətlə, teatr sənətinə vurğunluğun ifadəsidir.

Səhnə ilə yaşayan İrana bəzən elə həmin səhnədə əsəbiləşirdi, hirslənirdi, emosional sarsıntı keçirirdi, ancaq bu əsəbiliyin və hikkənin, bu hirsin alt qatında, təməlində böyük teatr sevgisi və məhəbbəti, teatr sevdası dayanırdı.

İrana həyatı, insanları da elə o cür sevirdi.

O, namərdliyə, nadanlığa, cahilliyə nə dərəcədə qızırdısa, haqq-ədalət də onu o dərəcədə mənən rahat edirdi.

O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı və səhnə də onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı tamaşaları yalnız aysberqin görünən hissəsi deyildi və bu tamaşaların qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni də tamaşaçıya təlqin edə bilməsində idi.

İrana Tağızadə mənim indiyə qədər tanıdığım teatr xadimləri arasında dünyagörüşünün genişliyi, teatra və dramaturgiyaya bələdliyi, yaradıcı mədəniyyəti və səriştəsi ilə seçilən azsaylı sənətkarlardan biri, birincilərdən biri idi.

Onun yaradıcı fəaliyyətində istedad ilə iddia üst-üstə düşürdü və buna görə də onun tamaşalarında nəyisə bəyənə bilərdin, nəyisə yox, ancaq bu tamaşalar sanballı və ciddi sənət nümunələri idi. Onun yozumunda Şekspir və Dostoyevski, Mark Tven və Aqata Kristi, Tenessi Uilyams və Jan Kokto yaradıcılığının ağır bədii-estetik çəkisi həmişə səhnəyə çökmüş olurdu.

İrana Rus Teatrında mənim "Teleskop" pyesimi, "Sənətkarın taleyi" pyesimi isə həm Akademik Milli Dram Teatrında, həm də Rus Dram Teatrında tamaşaya qoymuşdu və bu tamaşaların hazırlığı zamanı bizim ciddi, bəzən hətta qızğın mübahisələrimiz, fikir ayrılıqlarımız olurdu, bəzən də söhbət gedib çıxırdı klassik və müasir dünya dramaturgiyası və teatrına. İrana öz mövqeyini elə qızğın müdafiə edirdi ki, elə bil söhbət səhnədən yox, elə həyatın özündən gedir.

Bir daha təkrar etmək istəyirəm: İrana Tağızadə üçün həyatla səhnə arasında heç bir sərhəd yox idi. O, səhnədə də, həyatda da dediyinə və etdiyinə inanırdı, buna görə də insan kimi də, sənətkar kimi də güclü xarakterə malik idi.

Bəzən sənətkar layiq olduğundan az qiymət alır, bəzən də bu qiymət layiq olduğundan artıq şişirdilir - İrananın bütün fəxri adları var idi, ancaq onun öz layiqli qiymətini alıb-almadığından asılı olmayaraq, söhbət Azərbaycan teatr sənətində məxsusi yaradıcı dəst-xətti, öz sözü ilə seçilən bir rejissordan gedir və müasir dövrümüzdə hər bir tamaşadan-tamaşaya yazılan teatr tariximiz, əlbəttə, onu da özüylə gələcəyə aparacaq.

Mən bu sətirləri İrana Tağızadənin vəfatı xəbərini aldığım dəqiqələrdə yazıram və sidq-ürəkdən inanıram ki, o, uçub getdiyi həmin naməlum məkana da teatr eşqini özü ilə birlikdə aparıb.

9 aprel 2023
Bakı

# 4504 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #