Yanlış tanıdığımız Amerika

Yanlış tanıdığımız Amerika
5 mart 2021
# 15:30

Kulis.az Cavid Ramazanovun “İlk dəfə Amerikada” adlı yazısını təqdim edir.

Amerika Birləşmiş Ştatlarına yayda etməli olduğumuz səfər uzanıb-uzanıb sentyabrın 23-də baş tutdu. Donald Tramp hakimiyyətə gələndən bir çox proqramların beli qırılmışdı, bizim iştirak etdiyimiz proqram da istisna deyildi təbii. Ona görə də adətən bir ay davam edən proqram bizə gəlib çatanda, 10 günədək ixtisar edilmişdi. Büdcə çatışmazlığından layihə heç baş tutmaya da bilərdi, amma payızda da olsa, nəhayət, ABŞ-a doğru yola çıxa bildik. Bu, həyatımdakı ən uzun səyahət olacaqdı.

Proqramın tərkibi çox zəngin və qaçaraq idi: biz əvvəlcə Bakıdan Vaşinqtona uçmalı, oradan avtobusla Merilend ştatının Baltimor şəhərinə səfər etməli, Baltimordan təyyarə ilə Florida ştatının Tampa şəhərinə uçmalı, oradan Nyu-York şəhərinə uçmalı, oradan da təzədən Bakıya qayıtmalıydıq.
Hər şəhərdə cəmi bir neçə gün qalacaqdıq (Baltimor istisna idi, tutqun günəşli bu vahiməli şəhərdə cəmi yarımgün qaldıq). 10 gün ərzində transferləri saymasaq, təkcə təyyarə ilə 4 səfər edəcəkdik. Fərqli iqlimlərdə olacaq, müxtəlif məkanlara baş çəkəcək, insanlarla görüşəcəkdik.

10 günə həddindən artıq çox şey sığışdırdığımıza görə, bu, həyatımın ən qəribə səyahətlərindən biri kimi yadımda qalacaq. Təkcə bir şeyi deyim: 10 gündən sonra yenidən Bakıya qayıdanda, elə bir hiss vardı ki, sanki zamanın ortasında süni bir reallıq yaradıb məni ora salmışdılar: ABŞ-da olarkən, elə bilirdim aylardır buradayam, Bakıya qayıdanda isə elə bil heç hara getməmişdim. Qayıdandan sonra bir neçə gün yuxularımda Amerikada, oyaqkən isə Azərbaycanda yaşadım.

Administrativ gözəllik

Vaşinqton aeroportundan çıxıb çöldə dayanmışıq, bizi aparmalı olan avtobusu gözləyirik. Hava limanının çıxış qapısında xeyli adam toplaşıb. Yağış yağır, hava tutqundur. Yağışdan gizlənən adamlar gözlədikləri maşının gəlib-gəlmədiyini bilmək üçün tez-tez yola boylanırlar, bir avtomobil yaxınlaşır, kimisə götürüb gedir.


10 gün ərzində bizim bələdçimiz olacaq 26-27 yaşlarında, enlikürək və iynə deşiyindən keçəcək qədər dar çanağı olan qaradərili qız Şaadi də əlində telefon, intizarla yola boylanır. Nəhayət, bizi aparacaq mikroavtobus peyda olur, yağışın altında qaçaraq maşına doluşuruq. Hər iki tərəfi sıx yaşıllıqla əhatə olunmuş yolla Vaşinqton şəhərinə doğru yola düşürük. Hələ axşamın düşməsinə çox var, amma burda sanki qaranlıq erkən çökür.

Mikroavtobusun yağışlı pəncərəsindən ətraf aləmə baxıram, yağış pərdəsinin arxasında yol boyunca düzülən ağaclar, sıx yaşıllıq, onların da arasında evlər-binalar gözə dəyir. Haqqında bunca şeylər eşidib tanımadığın, görmədiyin bir yerdə səyahət etmək necə də fərqli duyğudur.

Səyahət etmək insanın qanındadır. Son bir neçə əsri çıxsaq, insanlıq özünün yüz min illər davam edən mövcudluğu ərzində daim səyahət edib, köçəri həyat tərzi sürüb. Müqəddəs kitablarda da həcc kimi ziyarətlər şərt buyurulur. İslamda hətta həccə piyada getməyin daha savab iş olduğu deyilir. Əsas məsələ müqəddəs yerdə olmaq deyil əlbəttə, əsas olan səfərdir. Yol insanı düşündürür, korşalmış hisslərini itiləyir, yüklərdən azad edir. İndi şərtlər dəyişib, səyahət limitli və bahalı məşğuliyyətə çevrilib, hər istəyəndə reallaşdıra bilmirsən, amma bir də görürsən, artıq yollardasan, ağlının ucundan belə keçirməyəcəyin yerlərə gəlib çıxmısan.

Mikroavtobus qarşısında ağ mərmərdən heykəl olan kiçik kilsənin qarşısından keçib hotelin önündə saxlayır. Maşının qapısından düşürsən. Yamyaşıl, gözəl arxitekturalı bir küçədə olduğunu görürsən. Yarpaqlardan yağış süzülür, yerlər parıldayır. Hoteldə qeydiyyatdan keçib nömrənə qalxır, biraz istirahət edir və sonra şəhərə gəzməyə çıxırsan; təmiz və səliqəli küçələri dolaşır, bir kafedə oturub dadlı burgerdən yeyə-yeyə pəncərədən prospektdə baş verənlərə baxırsan və bir daha başa düşürsən ki, insanın görmədiyi bir yer haqqındakı əvvəlki təsəvvürü ilə görəndən sonrakı təəssüratı arasında necə böyük fərq var...

Paytaxtda vaxtımız çox deyildi, bir muzey, bir neçə yerdə də görüşümüz vardı. Gümüşü rəngli havalar yağmurlu keçirdi. Hər əlimizə fürsət düşəndə şəhərə çıxır, gəzirdik.

Binalar adama sanki “Bax, mən necə də əzəmətliyəm!” deyirdi, parklarda müharibə generallarının heykəlləri gizlənir, bolluq və bərəkət rəmzi olan yaşıl çəmənlərdə, qollu-budaqlı palıd ağaclarının üstündə qorxusuz-hürküsüz dələlər gəzir, ətrafdakı gözəl, sağlam və ambisiyalı insanlar isə dünyanı dəyişdirmək üçün idarələrə tələsirdilər.

Getdiyimiz rəsmi tədbirlərin birində bir xanım bizdən Vaşinqtonu ikicə kəlməylə təsvir etməyimizi istədi. Növbə mənə gəlib çatanda “Administrativ gözəllik” dedim. Ağlıma gələn ən yaxşı fikir bu idi.


Yağışsa davam edir, aradabir günəş buludların arasından boylanır, tezcə də qeyb olurdu. Bir dəfə bizə təəssüflə dedilər ki, əslində, Sentyabrda burda adətən hava günəşli keçir, siz yağışlı vaxta düşdünüz. Amma onlar bilmirdilər ki, bəzi insanlar yağışsevərlər sinfindəndirlər, yağış onlara ləzzət edir.

Yəqin ki, vaxt dəyişikliyi səbəbindən hər gün səhər 5 radələrində yuxum qaçdığına görə oyanır, hamamda yuyunur və otel otağımın pəncərəsindən küçəyə baxırdım: hələ qaranlıqdır, yağış çisəyir, yoldan asta-asta bir maşın, səkidən isə yaxşı geyimli, qamətli, əlində çətir tutmuş bir xanım keçir, qarşı tərəfdə qaradərililərin işlətdiyi pizzaçı hələ bağlıdır, uzaqdakı hündürmərtəbəli köhnə binanın pəncərəsindən isə işıqlı evdə gəzən bir nəfərin silueti görsənir. Dünyanın uzaq bir küncündən gəlmiş bir adamın pəncərədən onlara göz qoyduğundan xəbərsizdirlər.

Gecə yavaş-yavaş çözülür, qaranlıq kölgələr küçədən yığışır, səma ağarır, həyatın yeni bir günü, yeni bir səhifəsi açılır...

“Con Malkoviç” və onun müdrik qaradərili dostu

Vaşinqtondan qonşu Merilend ştatının Baltimor şəhərinə mikroavtobusla getdik. Yenə ətrafı bərəkətli yaşıllıqla örtülmüş yolla irəliləyirdik, amma nədənsə Vaşinqtondan çıxan kimi Günəş də çıxdı. Sürücü televizorda film qoymuşdu. Heç kimin diqqəti filmdə deyildi, qızğın söhbət gedirdi. Heç kimin filmə baxmadığına əmin olduqdan sonra sürücüdən televizoru söndürməsini xahiş etdim. Amma çox keçməmiş, pəncərədən baxanda, artıq şəhərə daxil olduğumuzu anladım, çox tez çatmışdıq.

Nəhəng göydələnlərin göyün üzündə itdiyi bir şəhər idi Baltimor. Hava günəşli olsa da, ətrafda incə toz dumanı var idi. Nədənsə yollarda maşınlar və insanlar da az gözə dəyirdilər.

Şaadi bir müddət telefonda danışdıqdan sonra, dayandığımız yerdən tərpənib başqa bir yerə getdik. Bizimlə görüşü nəzərdə tutulan mətbu orqan nədənsə fikrindən daşınmışdı, ona görə də başqa yerə gedəsi olduq.

Girişində “Real News” lövhəsi asılan qapıdan içəri girdik, pilləkənlərlə yuxarı qalxdıq, bizi Kventin Tarantino filmlərinin qəhrəmanlarını andıran saçı ağarmış, ayağını çəkən, hündürboy bir qaradərili qarşıladı. Cəmi bir neçə adamın oturub işlədiyi geniş və yaxşı təchiz olunmuş redaksiyanın yanındakı şüşəli otağa keçdik. Yaşlı qaradərili dedi ki, indi sizinlə görüşməli olan rəhbərimizi zəng edib çağıracam. Telefonla zəng edib danışdı, adam yoldaydı, gəlirdi. Qaradərili indi də bizi konfrans otağına keçirdi, su gətirdi, elə bu an görünüşcə narahat və əsəbi, hərəkətlərindən tələskənlik yağan bir adam içəri girdi, təəccüblə bizə baxdı. Qaradərili 50 yaşlarının ortalarında, aktyor Con Malkoviçi andıran, amma nisbətən daha yumşaq cizgiləri olan adamı rəhbərləri kimi təqdim etdi. “Malkoviç” qaşqabaqlı bir maraqla “kimsiz, niyə gəlmisiz” deyə soruşdu. Bizim özümüzü təqdim etməyimizi diqqətlə dinlədikdən sonra isə yerini rahatladı və dili açıldı, nə açıldı: gözlənilmədən ABŞ hökumətini, Amerikan cəmiyyətini, ictimai-siyasi quruluşunu ayaqlarının altına saldı, o baş, bu baş sürüməyə başladı. Onun danışdıqlarından yadımda qalan kiçik bir qismi təhrif etmədən verməyə çalışacam:

“Baltimor ABŞ-ın ən zəngin şəhərlərindəndir, biz Vaşinqtonun ikicə addımlığında yerləşirik. Burada saysız-hesabsız milyonçu var. Amma bura həm də ABŞ-da ən çox ədalətsizliyin hökm sürdüyü yerdir. Baltimorda bir ayda baş verən cinayətlərin sayı ən böyük şəhərlərdə heç bir ildə baş vermir. Elə bir gün yoxdur ki, soyğunçuluq, bıçaqlanma, qətl hadisəsi baş verməsin.

Yoxsulluqdan çıxa bilmədiklərinə, yaxşı təhsil ala bilmədiklərinə görə, qaradərili gənclər cinayətkarlığa yuvarlanırlar. Polis də onları amansızca biçir. Dövlət bu vəziyyəti düzəltmək istəmir. Belə vəziyyət çoxlarına sərf edir. ABŞ-ın bir çox ştatlarında buna bənzər yerlər var. Biz dünyanın ən super dövlətini yaratmışıq, amma bu ölkədə milyonlarla insanın tibbdən, təhsildən istifadə etmək hüququ yoxdur, bu qədər zənginliyin və inkişafın ortasında feodal bir quruluş da mövcuddur və əlində hakimiyyət olanlar bu vəziyyəti dəyişdirmək istəmirlər. Hətta “New York Times”, “Washington Post” kimi böyük qəzetlərdə işləyənlər də bundan yazmırlar. Ümumilikdə tənqidçi qiyafəsində olsalar da, son anda onlar da ABŞ-ın maraqlarının, status-kvonun tərəfində dururlar. Mən həmin quruluşlardan olan jurnalistlərlə görüşürəm hərdən, mənə deyirlər ki, sizin yazdıqlarınız, dedikləriniz düzdür, amma biz bunları yaza bilmərik, yazsaq, işimizdən olarıq.

Mən düşünəndə dəhşətə gəlirəm, vahimə məni bürüyür. Bu ölkəyə görə, dünyada ekologiya korlanır, ətraf mühit dağılır. Növbəti onilliklərdə Yer kürəsində temperatur bir neçə dərəcə artacaq, onda bu dünyada həyat yaşanılmaz olacaq. Amma heç kim bu gedişatı dayandırmaq barədə düşünmür, heç kim vəziyyəti görmək istəmir, ancaq pul barədə, hakimiyyət barədə düşünülür.

Biz bu kiçik mətbu orqanımızla insanları məlumatlandırmağa çalışırıq. Heç bir biznesdən pul almırıq, reklam yerləşdirmirik, yalnız donor və abunələr sayəsində fəaliyyət göstəririk. Sizə deyim ki, insanlar bir çox şeyləri başa düşür, dəyişiklik istəyirlər, amma bunun üçün hədsiz zəifdirlər...”

O, narahat jestlərlə coşğun bir nitq söyləyərkən, yanında oturan yaşlı qaradərili simasına müdrik ifadə verib gözlərini pəncərədən uzaqlara zilləmişdi. “Malkoviç”ə yoldaşlarımdan biri sual verəndə, birdən yaşlı qaradərili şəhadət barmağını astaca yuxarı qaldırdı, hamımız onun hərəkətinə baxdıq, üzündə budda müdrikliyi vardı, barmağını yuxarı qaldırmaqda davam edərək, sanki bir mantra deyirmişcəsinə “Sən qəzet dedin, qəzet yox, biz onlayn media qurumuyuq!” - dedi və barmağını aşağı salaraq, yenidən gözlərini uzaqlara zillədi.

“Malkoviç” hələ çox uzun danışmaq fikrindəydi. Amma Şaadi imkan vermədi, dedi ki, vaxt tamamdır, getməliyik. Diqqətlə dinlədiyimizə və səmimi marağımıza görə deyəsən, bizi sevmişdilər, hələ davam etmək, bizi ofislərində gəzdirmək, studiyanı göstərmək istəyirdilər, amma Şaadi getmək üçün təkid edirdi. “Malkoviç” bizdən haraya getməyi hazırlaşdığımızı soruşdu, “ABC” telekanalının yerli şöbələrindən birinə gedəcəkdik. “Elə axmaq-axmaq yerləri boşlayın, - dedi üz-gözünü turşudaraq: ordan çıxandan sonra qayıdın bura, sizə studiyamızı, necə iş gördüyümüzü göstərəcəm”.

Ofisdən çıxanda bizi müdrik qaradərili ötürürdü, çevrilib arxama baxdım, “Malkoviç” şüşəli otaqdaydı, yanına kimsə daxil olmuşdu, onunla söhbət edə-edə boylanıb bizim çıxmağımıza baxırdı, sifətində bəşəriyyətin gələcəyindən narahat olan həqiqi bir nigarançılıq vardı.

“Be comfortable creature”

Baltimordan Florida ştatının Tampa şəhərinə uçan təyyarəyə oturanda, yüngülvari soyuqladığımı hiss etdim. Burnum tutulmuş, başımda ağırlıq vardı. Təqribən 2 saat yarım uçacaqdıq. Yerlərimizi tutanda, pilot hava şəraitinin pisləşməyə doğru getdiyini, buna görə də bizi nəzərdə tutulandan daha tez mənzil başına çatdırmağa çalışacağını dedi. Kiminsə narahat olduğunu sezmədim. Yerimi rahatlayıb vaxt öldürmək üçün kitab oxumağa girişdim, elə bir səhifəsi yox idi ki, orfoqrafik xəta olmasın, məzmun maraqlı idi amma. Xeyli müddət oxuyandan sonra, birdən hiss etdim ki, özümü nəsə çox narahat hiss edirəm. Turbulens hədsiz çox idi. Bunun tez qurtaracağını düşündüm, amma qurtarmırdı. Kitabı kənara qoydum.

Pəncərədən çox da uzaqda olmayan qorxunc buludların arasında çaxan güclü şimşəklər görünür, təyyarə aramla silkələnirdi. Sərnişinlər ağır bir daş kimi oturacaqlara çökmüşdülər. Mühərrikin səsi elə güclü idi ki, danışsan belə heç nə eşidilməyəcəkdi. Qulağımda hətta ağrı hissi elədim səsə görə. Barmağımı bir neçə dəfə qulağımın içinə salıb tərpətdim, ağrı keçmədi. Ağlıma pis fikirlər gəldi. Göy üzündə ölmək istəməzdim doğrusu, bu, çox mənasız ölüm olardı. Təlaşlanmamağa çalışdım. Heç vaxt təyyarədən qorxmamışam. Bəlkə xəstələnirdim deyə özümü belə narahat hiss edirdim? Bəlkə də bu, burda adi bir vəziyyət idi. Özümə ürək-dirək verdim. Təyyarə isə hələ də silkələnirdi, səsdən qulaq batırdı. Gözlərimi yumdum.

Bir də gözlərimi açanda, gördüm ki, ucsuz-bucaqsız işıq dənizinin üzərindəyik. Bu, Tampa şəhəri idi. Demək, səyahətimiz vaxtından əvvəl və təhlükəsiz şəkildə bitəcəkdi.

Təyyarənin təkərləri yerə dəyəndə ürəkdən sevinib sərnişinlərin əl çalacağını gözlədim. Amma tükünü də tərpədən olmadı...



Aeroportdan otelə gələndə, özümü olduqca yorğun hiss edirdim, heyim qalmamışdı. Otel şəhər mərkəzindən xeyli uzaqda tutulduğundan, qrupumuzdan bəziləri çıxıb ətrafı gəzmək və çöldə yemək yemək istəsələr də, oteldən bunun təhlükəli olduğunu dedilər. Naəlac pizza, toyuq qanadları və kola sifariş verib hotelin salonunda yeyib-içəndən sonra otaqlarımıza dağılışdıq.

Səhər yuxudan daha da ağırlaşmış başla oyananda, artıq xeyli narahat oldum. Yerimdən qalxıb pəncərənin qarşısına gələrək pərdələri araladım, dan yeri təzəcə sökülürdü, şosse yola baxan pəncərədən Günəşin çıxdığı üfüqin kiçik bir qırıntısı görünür, o tərəfdən maviləşməyə başlayan səmadakı bulud qırıntıları qızılı və çəhrayı rənglərə boyanır, şosse yoldakı fənərlər hələ də yanır, yoldan qırmızı işıqlı maşınlar axıb gedirdilər. Bir müddət pəncərənin qarşısında dayanıb bu tabloya baxdım.

“Mən Florida səmasına baxıram”, - içimdəki səs heyrətlə dilləndi. Florida mənim üçün ta məktəbdən bəri ABŞ xəritəsindəki maraqlı bir çıxıntıdan başqa bir şey deyildi. Əlbəttə, onun haqqında çox şey eşitmişdim. Əsas da adı çəkiləndə dünyanın bütün zövq düşkünlərinin gözlərini parıldadan Mayami çimərliyi haqqında. İndi Mayamidən 100 kilometr aralıdaydım. Qarşıda unudulmaz sərgüzəştlər var idi. Bircə bu lənətə gəlmiş soyuqdəymədən xilas olsaydım, özümü cənnətdə hiss eləməyə tam haqqım varıydı. Pəncərənin qarşısında üşüdüyümü hiss elədim, narahat olaraq yatağıma qayıtdım, yerim hələ də isti idi. Artıq sentyabrın axırı olsa da, getdiyimiz istənilən qapalı məkan soyuducunun buzxanası kimi soyuq olurdu, kondisionerlər işləyir, üstəlik hər yerdə sənə buzlu su təklif edirdilər. Soyuqlamağım səbəbsiz deyildi.

Ehtiyatsızlığıma görə özümü danladım, aktiv olmalıydım, yoxsa xəstəliyim daha da irəliləyəcəkdi. Yerimdən cəld qalxıb paltarlarımı geyindim. Bu gün hansısa görüşümüz yox idi, əvəzində muzeyə gedəcəkdik, özü də necə bir muzeyə - “Salvador Dali Muzeyinə”.

Tampada yaşayan hansısa bir milyonçu illərlə Salvador Dalinin əsərlərindən ibarət kolleksiya topladıqdan sonra doğma şəhərində muzey açmaq qərarına gəlib. İndi bu muzey Tampanın ən görməli yerlərindən biri sayılırdı. Ona görə bizim proqramımıza “The Dali Museum” adı verilən bu məkana ziyarət də nəzərdə tutulmuşdu. Parlaq, işıl-işıl bir səhər yola çıxaraq muzeyə gəldik.

Sərgidə rəssamın bəzi şah əsərləri də daxil olmaqla, xeyli rəsmi sərgilənirdi. Salonda adam əlindən addım atmağa yer olmasa da, vaxt çox idi, doyunca baxa biləcəkdik. Rəsmin orijinalının qarşısında dayanmağın doğrudan da insana təsiri bir başqa cürdür. Bilirsən ki, rəssam bu tablonu sıfırdan yaradıb, saatlarla qarşısında dayanaraq fırçasını işlədib, ona toxunub, baxıb, hiss edib.

Dalinin erkən yaşda ölən qardaşı ilə bağlı çəkdiyi “Ölmüş qardaşımın portreti” mənə ən çox təsir edəni oldu. Onun isti boyalardan ibarət rəsmlərindən fərqli olaraq, bu soyuq və irihəcmli rəsm əsərindən insana az qala fiziki şəkildə təsir edən sopsoyuq və mistik bir enerji axını gəlirdi. Ölmüş qardaşla üz-üzə dayanıb, uzun-uzadı baxışdıq...

Muzeydə xəstəliyi unutmuşdum, amma oradan çıxan kimi onun daha da güclü formada qayıtdığını hiss etdim. Mikroavtobusda oturarkən üşüyür, başım hərlənir, burnum da şəlalə kimi axırdı.

Axşam hotelə qayıdanda, qrupdakılardan nə qədər dava-dərman varsa alıb otağıma qalxdım. İki fincan imisti yaşıl çay içdim, üstündən bir “spazmalqon” həbi, sonra da suya qatılmış “nemesil”i başıma çəkdim. Bir kisə dərman içməyə hazır idim, təki xəstəliyim keçsin. Yorğan-döºəyin içinə girib büründüm. Gözlərim yumuldu, yuxuya getdim.

Gecə Salvador Dalinin qardaşı yuxuma girdi, sürreal bir dünyada idim, mənə nəsə deyirdi. Yuxudan bir neçə dəfə ayılanda, bədənimin tər içində olduğunu hiss etdim, yorğana daha da bərk-bərk bürünüb yatmağa davam etdim.

Səhər gözlərimi açanda, həyatdakı yeganə arzum soyuqdəymədən xilas olmaq idi. Qarşıda o qədər maraqlı şey var idi ki. Xəstələnməməli idim!

Yataqdan ayaqlarımı yerə qoyanda, başımın hərlənəcəyini zənn etdim, amma hərlənmədi. Tam əmin olmaq üçün bir neçə dəqiqə bədənimi müşahidə elədim. Durub pəncərənin qarşısına gəldim, Günəş doğmuş, səmada pambıq buludlar üzürdü. Sevinclə burnumun açıldığını, beynim yüngülləşdiyini hiss etdim. Sağalmışdım! Bunu aydın şəkildə duyurdum. Bədənimdəki gümrahlığı hiss edə-edə yuyunmağa getdim, ən yaxşı paltarlarımı geyindim, ətirləndim və xoşbəxt yüngül addımlarla səhər yeməyinə düşdüm...

Bələdçimiz Şaadi ilə balaca bir gölün qırağında dayanmışıq. “Nielsen” media araşdırmaları şirkətinin ofisinə biraz erkən gəlmişik. Əksəriyyəti qızlardan ibarət qrupumuzun üzvlərinin başı şəkil çəkdirməyə qarışıb. Mən də Şaadini söhbətə tutmağa çalışıram. Şaadi ağzını az-az, ancaq lazım olanda açır, qalan əksər vaxt susqundur. Danışanda özünəinamlı və nəzakətlidir, dinləməyi bacarır. Amma əksər vaxt baş verənlər sanki onun üçün maraqsızdır, yəqin ki, belə proqramlarda nümayəndə heyətlərinə çox bələdçilik edib, hər halda onun etinasızlığı təcrübəli etinasızlığa bənzəyir. Şaadiyə əvvəllər Floridada olub-olmadığını soruşuram, deyir ki, bir dəfə tətilə gəlib. Amma burda yaşamaq istəməzmiş, çünki ekologiya korlanıbmış, tez-tez dəniz suyu ətrafı basırmış, təbii fəlakətlər baş verirmiş, bir sözlə, o, burada yaşamaq istəməzmiş. Bu an bizi çağırırlar. “Nielsen”in qapısına doğru irəliləyirik.

Qapıda bizi iricüssəli, 30 yaşlarında kürən bir adam qarşılayır. Liftlə ikinci mərtəbəyə qalxırıq, gülərüz kürən həvəslə bizə şirkətin nəhəng ofisi haqqında məlumat verməyə başlayır. Dəhlizlə irəliləyərkən, qarşıdan bir qadın da danışa-danışa üzərimizə gəlir: 50 yaşı olar, sarışın, bəstəboydur, amma gənc qalıb. Yanımıza çatanda həvəslə bizə suallar verməyə başlayır, ardınca deyir ki, biraz əvvəl bizim olduğumuz göldə alliqatorlar (iri timsah növü) yaşayır, amma təlaşlanmağa gərək yoxmuş, çünki bu mövsümdə istiyə görə, alliqatorlar suyun altında olmağa üstünlük verirlərmiş, bütün heyvanlar kimi onlar da insanlardan qorxurlarmış. Bir müddət ayaqüstə təbiəti necə mühafizə etdikləri, təbiətin onlar üçün necə əhəmiyyətli olduğu barədə danışır, ardınca bizi təqdimat salonuna aparır, sərin içkilərə, çərəzlərə qonaq etdikdən sonra təqdimat başlayır.

“Nielsen” şirkəti istehlak mallarını, istehlakçı davranışlarını və medianı araşdıran
nəhəng ABŞ şirkətlərindən biridir. Əsasən istehlakçıların maraqlarını müəyyənləşdirib digər şirkətlərə satır. Şirkətin yüksəkçinli rəsmilərindən biri, iricüssəli, hündürboy, qamətli 50 yaşların ortasında bir adam da təqdimata gəlib həvəslə bizə məlumatlar verir, sualları cavablandırır. Ümumiyyətlə, ABŞ-da bu mədəniyyətə heyrətlənməyə bilmirsən, istər professor olsun, istər yüksəkçinli məmur, şirkət rəsmisi və yaxud da sıravi işçi, məlumat mübadiləsinə hədsiz böyük əhəmiyyət verirlər: əldə qələm qeydlər aparır, diqqətlə dinləyir, sual verir, biznes kartlarını dəyiş-düyüş edirlər.

Ən sonuncu sualları veririk. Masanın üzərində insan büstü və onun başına keçirilmiş mavi işıqları yanan tor kimi bir şey var, nə olduğunu bilirəm, amma yenə də soruşuram. Kürən adam toru əlinə götürüb danışmağa başlayır: “Bu insanların nə fikirləşdiyini müəyyən etmək üçündür, texnologiya inkişaf etdikcə, insanların fikirlərini oxumaq mümkün olacaq. Bu alət də buna xidmət edir, hələlik inkişaf mərhələsindədir, gələcəkdə tam təkmilləşəndən sonra insanların nevrologiyasını öyrənib nələrə tələbatlarının olduğunu öyrənmək, bunun əsasında da reklam şirkətləriylə daha effektli əməkdaşlıq qurmaq mümkün olacaq”.

Necə də qorxulu səslənir, istər-istəməz düşünürəm, bir gün gələcək, sənin beyninə girib fikirlərini oxuyaraq şirkətlərə satacaqlar. Deyəsən, kürən də alətdən qorxur, yerinə qoyandan sonra qadınla aralarında dialoq gedir. Kürən gələcək nəslin texnologiyaya hədsiz aludə olacağına dair nigarançılığını dilə gətirir, qadın isə öz 4 yaşlı qızını nümunə göstərir, onun smartfondan necə ağıllı istifadə etdiyini, özündən daha çox bildiyini, gələcəyinin möhtəşəm olacağını deyir. Kürən çaşqın halda “bilmirəm, bilmirəm” deyir...

Binadan çıxanda alleqator görmək ümidiylə bayaq yanında dayandığımız balaca gölə boylanırıq. Alleqatorlar görünmür, gölün ortasındakı balaca fəvvarədən sular fışqırır. Bizi ötürən kürənlə sağollaşırıq, mikroavtobus yerindən tərpənib yola çıxır, ətrafı şəkil kimi gözəl yolda irəli şığımağa başlayır.

Nəhayət ki, Floridada getdiyimiz hər yerdə qarşımıza çıxan dənizin sahilinə çatırıq. Mikroavtobus bizi sahildə düşürərək, çıxıb gedir.

Ayaqqabılarımı çıxararaq, ağappaq xırda qumun üzərinə basıram, isti qumlar ayaqlarımı hərisliklə qucaqlayır. Günəşin altında firuzə qaşı kimi bərq vuran dənizə doğru addımlayıram. Soyuqdəyməm yəqin ki, tam keçməyib, çimərliyin məni xəstələndirəcəyindən qorxuram. Amma bu ağappaq narın qumdan, gözyaşı kimi duru dənizdən necə imtina edəsən axı? Su o qədər şəffafdır ki, çimərliyə niyə “Clear Water” (“Təmiz su”) adını verdiklərinə təəccüblənmirsən. Soyunub isti qumların üzərinə uzanıram...

Günəşin altında parıldayan dənizin səthində qrupumuzdan olan dörd nəfərin başı görünür, qabaq-qabağa dayanıb nəsə danışırlar, uzaqdan da olsa sifətlərinin mimikalarını sezirəm, coşğuyla nəsə danışıb gülürlər, xoşbəxtdirlər. Mənsə sahildə təkbaşına uzanıb ətrafa tamaşa edirəm. Bir qaradərili cütlük balaca bir uşaqla gəlib məndən azca aralıda özlərinə yer düzəldirlər. Ər-arvadın sağlam və yaraşıqlı görkəmi var. Uşaq qumun üstündə sevincək atılıb düşür. Yoldaşlarım dənizdən çıxıb gəlir və mənə deyirlər ki, dəniz çox istidir, soyuqdəymənə kömək edəcək, qorxma, get çim.

İsti quma basa-basa tənbəl addımlarla dənizə doğru gedirəm, ayağımı suyun içinə salıram, doğrudan da dəniz imistidir, su çənəmə çatana qədər dənizin içinə girirəm, ayaqlarımın arasında xırda balıqlar qaynaşır.

Ayaqlarımı yerdən üzür suda üzüstə dayanıram, ətrafda çimənlər, sahil boyunca düzülən dəbdəbəli hotellər, hündür palma ağacları görünür. Bir qağayı suya baş vurur, dimdiyilə xırda balığı götürəndən sonra havaya qalxır. Qayğısız günorta Günəşinin altında həyatın gözəlliyini ilikləriməcən hiss edirəm. Suyun içinə dalıram, səslər, mənzərələr yoxa çıxır, dəniz sirli uğultusuyla qulaqlarıma nəsə pıçıldayır...

Nyu-York

Yaradıcılığını demək olar ki, Nyu-York mövzusuna həsr edən amerikalı yazıçı Pol Osterin “Ay məbədi” (“Moon Palace”) əsərində qəhrəman Markonun həyatı bir göz qırpımında dəyişir. O, evsiz-eşiksiz kimi Nyu Yorkun Mərkəzi Parkında daşlıq bir yerdə xəlvətcə yaşamağa başlayır. Hər gün burda baş verənləri müşahidə edir, camaatın artıqları ilə qidalanır, tapdığı qəzet qırıntıları isə onu dünyadan qopmağa qoymur.

“Ay məbədi”ndə bu təsvirləri oxuyanda, Nyu-Yorku görməyi, küçələrində gəzməyi, Mərkəzi Parkı arşınlamağı istəməyə bilmirsən. Dəqiq yadımdadır: kitabı oxuyanda fikirləşmişdim ki, görəsən, həyatım boyunca Mərkəzi Parkı görmək qismət olacaqmı mənə? ...və çox keçmədən özümü Mərkəzi Parkda, Markonun gizləndiyi daşlığın üstündə tapdım, qəfildən, lap Osterin romanlarındakı kimi.


Nyu-Yorkda qaldığımız 4 gün ərzində hava sadəcə olaraq ideal idi. Mülayim payız günəşi şəhərə işıq saçırdı. Müasir arxitektura, dəniz və təbiətin vəhdətindən yaranan bu əsrarəngiz şəhəri görən kimi vuruldum. Hotelimizi Tayms Meydanının bir addımlığında tutmuşdular, hoteldən çıxanda, düz meydanın ortasına düşürdün.

Əvvəlcə ürəyimdə bir qorxu vardı, Nyu-Yorku həmişə kriminal və təhlükəli yer hesab etmişəm, fikirləşirdim ki, ayağımı birdən səhv atsam, güllələnə bilərəm. Amma şəhərdə artıq 10 ilə yaxındır yaşayan bir tanışımla Manhettendə uzun gecə gəzintisinə çıxanda, avenyuları dolaşanda, qorxularım tamam yoxa çıxdı, elə bil öz doğma şəhərimdə gəzintiyə çıxmışdım. Artıq demək olar ki, bir amerikalıya çevrilən və Azərbaycan dilində çoxlu ingilis sözləri qataraq danışan dostum təəccübümü görüb belə dedi: “O, kriminal kinoları ona görə çəkirlər ki, heç kim bura gəlməsin, çünki gələn qayıtmaq istəmir”. Nə yalan deyim, şəhərə o qədər vurulmuşdum, əlimdə olsaydı, heç mən də qayıtmaq istəməzdim...

Dostumla Bruklinə bir Azərbaycan restoranına araq içib kabab yeməyə getdik. Uzun müddət görüşməyən iki azərbaycanlını araq və kababdan yaxşı nə birləşdirə bilər? Doyunca yeyib içdik, ürək söhbətləri elədik.

Gecə düşdü. İndi Nyu-Yorkun dolaşıq metrosu ilə təkbaşına hotelə qayıtmalı idim. Sərxoş başla qatara minəndə, birdən dərk elədim ki, işəməyim gəlir. Yol uzun idi, tualetə getməməklə, kobud səhvə yol vermişdim. Bir təhər özümü saxlamalı idim.

Hər növbəti stansiyada sidik kisəmin təzyiqi daha da artırdı, ayaqlarımı bir-birinə pərçimləyib qımıldanmadan yerimdə oturmuşdum. Saat gecə ikinin yarısı idi. Birdən danq elədi ki, məndən başqa, vaqondakıların hamısı qaradərililərdir. “Cavid, stereotiplərə uyma!” - dedi beynimdəki səs. Yanımda oturan qaradərili gənc ayağa qalxıb qarşı sırada oturan tanışıyla kəskin şəkildə danışmağa başladı, əlində “joint”, vaqonda marixuana çəkirdi. Bir tərəfdən qorxu, bir tərəfdən də sidik kisəmin təzyiqi mənə olmazın əzab verirdi. Artıq qaçılmaz idi, qatarın keçdiyi tənha, çirkli stansiyalardan birində düşüb tualet tapıb işəməliydim. “Bəs birdən tapmasan necə?” - beynimdəki qorxunc səs pıçıldadı.

Qatar stansiyada saxladı, yanımdakı marixuana çəkən qaradərililər düşdü. “Növbətisində!” – dedim. Artıq qərar verilmişdi.

Qatar növbəti stansiyada saxlayanda vaqondan düşdüm. Platformada skamyada yatan yaşlı bir qaradərili bomjdan başqa adam yox idi. Tualet tapacağım ümidiylə ətrafa boylandım, heç bir işarə yox idi. Stansiyadan çıxsaydım, allah bilir necə bir yerə düşəcəkdim. Çıxışa tərəf getdim, dispetçerin qarşısından keçəndə, solda balaca bir künc gördüm. Sidik kisəm bu saniyə partlayacaqdı, artıq dözə bilmirdim. Küncə keçib işəməyə başladım.

Burdan dispetçeri görürdüm, başı nəyəsə qarışıq idi, bəlkə də məni görmüşdü, bəlkə də yox. Lənətə gəlmiş işəmək də elə uzun davam edirdi ki, elə bil heç vaxt qurtarmayacaqdı, dəhşət içində dəhlizə doğru axıb getməkdə olan sidik kanallarına baxırdım. “Tez elə, tez elə, bu dəqiqə gəlib aparacaqlar!” - deyə düşünürdüm, gözlərimin qarşısında kobud polislər, həbsxana barmaqlıları canlanırdı, kimə nə izah edəcəkdim? Amma rahatlamaq da elə elə rahatladıcı idi ki, canım dincəlirdi.

Nəhayət, qurtardı. Heç nə olmamış kimi küncdən çıxıb qorxa-qorxa dispetçerin qarşısından keçəndə, qəzəbli gözlərini mənə zilləyəcəyini sandım. Amma başını qaldırıb heç mənə tərəf baxmadı da.

Platformaya qayıdıb skamyada oturdum, yenə mən və qaradərili bomjdan savayı stansiyada bir kimsə yox idi. Qaradərili bomj ayağa qalxıb divara uzun-uzun işədi. Sonra bir panda kimi rahat hərəkətlərlə skamyasına uzandı, ayaqlarını qaldırıb qaşımağa başladı. Qatar gəldi. İlahi, necə xoşbəxt idim...

Ertəsi gün səhər yeməyində uşaqlar mənə bir yazı göstərdilər. “New York Times” qəzetində gecə mənim kabab yediyim “Village” restoranı haqqında məqalə çıxmışdı, məqalənin başlığı belə idi: “An Azerbaijani Feast Awaits in Brooklyn, if You Can Find It” (“Bruklində Azərbaycan ziyafəti sizi gözləyir, əgər yerini tapa bilsəniz”)



Möcüzəvi şəhər olan Nyu-Yorka 4 günlük səyahət təəssüratlarlarım o qədər zəngindir ki, bu barədə hətta kiçib bir kitab belə yaza bilərəm. Amma bir təəssüratım var, onu bir ömür boyu xatırlayacam.

Bir tanışım məndən Amerikada bukinistdə tapa biləcəyim nadir bir kitabı almağı xahiş eləmişdi. Şəhərdəki sonuncu günümüz idi, axşam Bakıya qayıdacaqdıq. 3 nəfər həm bukinistə getmək, həm də gəzmək üçün səhər çağı hoteldən çıxdıq. Başımızın üzərində mavi səma, günəş, dumduru havada küçələrdə gəzirdik. 45 dəqiqəlik səyahətdən sonra bukinist mağazalarını tapdıq, amma kitabları tapmadıq. Sonda nə olar-olar deyib, bir başqa mağazaya girdik. Adi bir bukinist idi, orta böyüklükdə. İçəridə rəflərin arasında beş-altı adam gözə dəyirdi. Ağ uzun saçlı, 60 yaşlarındakı satıcı piştaxtanın arxasında oturmuşdu. Ondan kitab barədə soruşdum, dedi ki, biz əsasən musiqi sahəsinə dair kitablar satırıq, amma rəflərə bax, bəlkə axtardığına uyğun bir şey tapdın. Məndən haradan olduğumu da xəbər aldı. Dedim.

Rəflərin arasında dayanıb kitablara baxırdım. Mənim axtardığıma bənzər kitablar vardı, amma almağa tərəddüd edirdim. Birdən tanış və doğma bir səs eşitdim. Yanılmamışdım. Müslüm Maqomayevin “Sinyaya Vechnost” mahnısı çalınırdı, həzz sarsıntısı keçirdiyimi hiss etdim. Bu mahnı bitəndən sonra isə əsl Azərbaycan mahnısı - “Çıx yaşıl düzə” səslənməyə başlandı. Satıcı sürpriz eləmişdi.

Yoldaşlarım satıcıyla aramda keçən dialoqdan xəbərsiz idilər, heyrətdən donaraq bir-birlərinə və mənə baxırdılar...

Kitabı alıb, Bakıdan gətirdiyimiz kiçik bir suveniri satıcıya hədiyyə verib mağazadan çıxdıq. Qaçmalıydıq, xeyli yubanmışdıq. Tələsik addımlarla Mərkəzin Parkın içindən keçib ziyarətini əvvəlcədən planlaşdırdığımız Nyu-York Metropolitan Muzeyinə doğru götürüldük. Bu, Nyu-Yorkda ziyarət edəcəyimiz sonuncu məkan idi, bir neçə saatdan sonra mikroavtobus bizi hoteldən götürüb aeroporta aparacaqdı.

Muzeydə növbə uzun idi. Bir xeyli də burda vaxt itirdik. Nəhayət, adama 25 dollar verib bilet alıb içəri daxil olduq. İki saat sonra çıxışda görüşməyi qərarlaşdıraraq - əsla gecikmək olmazdı, təyyarəyə çatmalıydıq - ayrı-ayrılıqda gəzmək üçün dağılışdıq...

Muzeyin ilk bölməsi olan “Misir”də çox yubanmadım. Muzey nəhəng idi, vaxtsa az, iki saatdan müdrikcəsinə istifadə eləmək lazım idi. Məni ən çox maraqlandıran Avropa Renessansı və ondan sonrakı dövr Avropa rəssamlığı və heykəltaraşlığı idi.

Özümü unudaraq otaqlarda gəzirdim. İrili-xırdalı məftunedici rəsmlərin qarşısında dayanır, audiodan haqlarındakı informasiyanı dinləyirdim. Muzeydəki sənət əsərlərinə əvvəlcədən internetdə baxmamışdım. Ona görə də hər bir şahəsəri görəndə sevincdən titrəyir, gözlərim yaşarırdı.

Jak Lüi Davidin “Sokratın ölümü” tablosuna hər bir detalına fikir verərək, uzun-uzun baxdım. Sol tərəfə çönüb baxanda isə Jan Simeon Şardinin “Sabun köpükləri” tablosunu gördüm. Bu hədsiz gözəllikdəki əyləncəli tablo haqqında təzəlikcə oxumuşdum, çox maraqlı gəlmişdi. İndi isə orijinalı ilə üzbəüz idim. Tablonun qarşısında qıyıqgöz, Asiya cizgiləri olan bir qız da eskiz çəkirdi. Yaxınlaşıb həm rəsmə, həm də qızın eskiz çəkməsinə tamaşa etdim.



Birdən təəssüflə dərk elədim ki, vaxt çox azdır. Heykəllərə baxmağa vaxtım qalmayacaqdı, heç olmasa, 19 və 20-ci əsr Avropa rəsmlərinə baxmağı çatdırmalıydım. Nəzarətçidən soruşub, buradan xeyli uzaqda olan həmin bölməyə tərəf götürüldüm.

Klod Monenin, Jorj Suronun, Pol Sinyakın, Pol Qogenin, Qustav Klimtin, Repinin, Pikassonun, Modilyaninin və digərlərinin şahəsərləri ətrafa səpələnmişdi. Dünya xəzinələrini yığıb divarlardan asmışdılar. Heç nəyi gözdən qaçırmaq istəmirdim. Bir tablonun qarşısından digərinə tərəf qaçır, Pol Sezanın, Kamille Pizarronun möhtəşəm təbiət təsvirlərinin içinə düşür, gizlin bir küncdə Vilhelm Hammerşoinin evinə girir, ordan çıxıb Edvard Munkun küçəsinə düşür, ordan çıxanda isə Van Qoqun əsrarəngiz dünyasına daxil olurdum. Ən çox maraq Van Qoqun əsərlərinə idi. Bir otaqda onun “Avto-portret”i, “Günəbaxan çiçəkləri”, “Sərv ağaclı ağ çöl”ü, “Ayaqqabılar”ı daxil olmaqla çoxlu şahəsərləri sərgilənirdi. Baxdıqca baxmaq istəyirdin. Amma vaxt çox qıt idi, hər şeyə baxmaq mümkün olmayacaqdı.


Birazdan sonra vaxt tamam oldu, artıq muzeyi tərk etməli idim, lakin mən hələ də salonlarda yubanırdım.

Fikrimi yayındırmasınlar deyə tablolara baxmadan çıxış zənn etdiyim yerə doğru addımladım. Avropa heykəltaraşlarının heykəllərinin sərgiləndiyi bölməyə düşdüm. Elə bil tanrılar məskəni idi.

Nəzarətçidən çıxışı soruşdum, “o tərəfə get” dedi. Dediyi istiqamətə tərəf gedib başqa bir möcüzəvi aləmə düşdüm: orta əsr fransız incəsənətinin sərgiləndiyi bölməyə.

Fransız sarayının, əyanlarının, qadınlarının libaslarının, zinət əşyalarının modellər – canlı insanmış kimi dururdular - üzərində sərgiləndiyi nəhəng bir otaq idi bura. İçərisi adamla dolu idi. Xüsusi işıq effektləri verildiyindən, brilyantlar, ləl-cəvahirat işıl-işıl işıldayırdı. Ucadan ilahi kilsə musiqisi səslənirdi. Ürək ağrıdan bir gözəllik hökm sürürdü.

Artıq xeyli gecikmişdim. Uşaqlar çıxışda çoxdan məni gözləyirdilər. Amma çıxışı tapa bilmirdim. Hərlənib-fırlanıb yenə rəsmlərin, heykəllərin içinə düşür, qayıdıb fransız bölməsinə girirdim.

Ayaqlarım qaçır, gözlərim isə gözəlliklərə pərçimlənərək qalmışdı. Möcüzələr diyarında yolumu itirmişdim, gecikirdim, gecikirdim, çox gecikirdim, amma çıxışı tapa bilmirdim...

# 4765 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #