Seymur Baycan bar qızlarından nə soruşdu?

Seymur Baycan bar qızlarından nə soruşdu?
5 aprel 2021
# 10:58

Kulis.az Ayxan Ayvazın “Seymur Baycanın dərdi nədir?” yazısını təqdim edir.

Seymur Baycanı səmimi bir yazar hesab edirəm. Hətta o qədər səmimi ki, ondan daha səmimi bir imza ədəbi mühitdə tapa bilmərik. Seymur nə düşünürsə, onu da deyir, kiməsə, nəyəsə xatir fikir bildirmək onun xasiyyətinə yaddır. Üstəlik Seymur təkcə bir yazar kimi yox, həm də proseslərdən təmiz çıxmış bir qələm adam kimi mənim üçün dəyərlidir. Bu isə ayrı bir yazının mövzusudur. Nə vaxtsa həvəsim olsa, yazaram.

Son günlər gözəl dostumuz Mirmehdi Ağaoğlu ilə polemikaları, açığı deyim, mənim üzümdə təbəssüm yaratdı. Mən Seymurun səmimiyyətinə adım kimi əminəm. O, Borxesi də, Salman Rüşdini də sevməməkdə tam azaddır, heç kim ona “onlar dahidir, sən bilməzsən” söhbəti etməməlidir. Çünki Seymurun mütaliəsi də, zövqü də yaxşıdır.

Mən bu polemikanın yaranmasına bir yandan sevinirəm. Çünki durğun ədəbi mühitimizdə heç olmasa belə söhbətlər nələrisə diriltməyə yarayır. Polemika vacibdir, söz-söhbət ədəbiyyatı yada salır, ən azı müəlliflərin adları çəkilir və oxuyan adamlar da yeni müəllif adları tapıb ortaya çıxarırlar, nəticədə hamı maariflənir.

Sadəcə problem nədədir? Məncə, hörmətli Seymur bəyin ritorikası yanlışdır. Hamı, hətta yazını oxuyan sən oxucu da rahatlıqla “filankəs ədəbiyyat deyil” deyə bilərsən. Burda qəbahət heç nə yoxdur. Ancaq “sən filankəslər ədəbiyyatı bilmir, mən bilirəm” ritorikasından çıxış edirsənsə, o zaman qaşlar çatılır və narazılıqlar başlayır. Adı çəkilən Mirmehdi Ağaoğlu, Qismət Rüstəmov, Şərif Ağayar, Əli Novruzov, İlqar Əlfioğlu kifayət qədər hazırlıqlı, mövzuya hakim adamlardı. Onları zövqsüzlükdə ittiham etmək, yumşaq desəm, insafsızlıq olardı.

Seymur “Gecəyarısı uşaqları” romanını heç nə adlandırır. Və israrla hamının da bu mövqedən çıxış etməsini istəyir. Bu, artıq mübahisə yaradır. İstər-istəməz qıcıq doğurur. Sözsüz, Seymurun məqsədinin bu olmadığını bilirəm. Çünki “Gecəyarısı uşaqları”ndakı həkimin hər dəfə qadının bir hissəsini görərək ona aşiq olduğu səhnəni inanmıram ki, Seymur bəyənməmiş olsun. Görünür, romandakı Hindistan tarixi ilə bağlı yerlər ona sıxıcı gəlib və qurunun oduna yaş da yanıb. Mən də romandakı o tarixi yerləri elə də başa düşməmişdim və o yerləri sıxılaraq oxumuşdum. Düşünmürəm ki, çox əlahiddə bir romandır. Amma zibil də deyil. Bu, artıq romana Seymurun təbirincə desəm, şər atmaqdır.

Məncə, Seymur Baycanın bu ritorikasının başqa və daha mühüm səbəbi var. O, demək istəyir ki, heç bir yazıçının şöhrətindən, mükafatından, dünyadakı yerindən qorxmayın və fikrinizi açıq səsləndirin. Azmı görmüşük, baxırsan, hamı eyni roman haqda boğazdan yuxarı fikirlər səsləndirir. Hə? Yəqin ki, hamınız bunun şahidi olmusunuz. Axtarsan, içərisində romanı başa düşməyənlər, heç həndəvərindən də keçə bilməyənlər var. Lakin romanın zahiri parıltısına, mükafatına, nə bilim, şöhrətinə aldanıb öz fikrini beynindən qovur ki, birdən Qismətə, Əli Novruzova bu fikri deyər, intellektual el-aləm içində biabır olar.

Məncə, Seymurun dərdi budur: səmimi olaq, ən məşhur əsərlər haqda da öz fikrimizi deyək, heç nədən çəkinməyək. Dediyim kimi, Seymurun ritorikası qıcıqlandırıcı və yumorist olduğu üçün çoxları bu mühüm detalı gözdən qaçırır və başqa yerlərə fokuslanır. Halbuki dünyanın belə tanımadığı bir ölkənin yazarının bu cür rahatlıqla fikir bildirməsinin nəyi bizi narahat edir ki? Onsuz heç bir yerə çıxışımız yoxdur, nəşriyyat sistemimiz yox, kitab satışımız bərbad, dünya dillərinə tərcümə olunmuruq. Bir fağır Seymur durub “Salman Rüşdü mənasız yazıçıdır” deyəndə nolur ki? Dünya dağılmır ki? Guya Seymurun səsi hara gedib çatır? Yalnız bizim ədəbi mühitə. Və fikir verirəm, Seymurun bu fikirləri dəhşətli qəzəb yaradır. Əsas da dostumuz Qismətdə. Başa düşə bilmirəm, Qismət niyə bu qədər əsəbidir? Axı Seymur təzə-təzə belə söhbətlər eləmir. Çoxdandır bu cür səmimi və bir az da yumora qarışmış fikirlərlə çıxış edir.

Ola bilsin, Seymur Baycanın bu cür radikal (bilmirəm, nə dərəcədə doğru adlandırdım) fikirlərinin bir ayrı səbəbi də var: Seymur o intellektual ədəbiyyatı sevmir və birmənalı ona qarşıdır. Çünki onun qeyd etdiyi müəlliflər arasında Orxan Pamuk, Kazuo İşiquro və bu qəbildən xeyli yazıçı var.

Seymurla bir söhbətimiz yadıma düşür. Məndən soruşmuşdu ki, kimi oxuyursan. O vaxtlar Pol Osterə dadanmışdım, romanlarını oxuyub nələrsə əxz eləməyə başlamışdım. Seymurun cavabına baxın: “Burax onu oxumağı. Nəyinə lazımdı? Ondansa Qorkini oxu”.

Dedim, Seymur, mən rus ədəbiyyatını universitet dönəmində oxuyub bitirmişəm. Nə var ki, indi Pol Osteri oxumaqda? Biz yeni tendensiyalardan xəbərdar olmalıyıq. Baxaq, görək indi dünyada nələr yazılır, hansı söhbətlər gedir. Məncə, Seymur bunu qəbul etmək istəmir. Köhnə, birxəttli, düz ədəbiyyatın tərəfdarıdır. Onun oyunbazlarla, hoqqa çıxaranlarla işi yoxdur. Axı, əziz Seymur, ədəbiyyat genişdir, kim harda at çapmaq istəyirsə, buyursun, meydan onundur.

Seymurun yazılarındakı vacib detaldan biri də, məncə, budur: duyum. Çox adamda bu yoxdur. Bu duyum zibil də elə şeydir ki, oxumaqla, qalaq-qalaq kitabları beyninin rəfinə yığmaqla olmur. Duyum ya var, ya yoxdur. Tutaq ki, Yalçın İslamzadə mütaliəli, savadlı, intellektual adamdır. Ancaq bu mənada onun duyumu yoxdur. Ona görə də ədəbiyyat söhbətlərində həmişə yanlışlar edir. Heç cür ona ədəbiyyatın lazımlılığını izah edə bilmirik.

Yazının bu yerində, Seymurun xətrinə qoy bunu da deyim, ürəyi şad olsun: yaxınlarda Umberto Ekonun “Qızılgülün adı”nı oxudum, məndə heç bir təsir buraxmadı və uzun müddət düşündüm ki, görəsən niyə, hansı səbəbə bu əsər bu qədər bəh-bəhlə təriflənir. Sonra da özümə təpindim ki, sənə nə, sən kimsən, sənin fikrin, düşüncən kimə lazımdır, ölkəndə kitaba maraq sıfır səviyyəsindədir, yazıçılar öz kitablarından qazana bilmirlər, hələ durub Ekonu bəyənmirsən...

Nə isə, özümü xeyli danladığım həmin günlərin birində Seymur Baycanla başımıza gələn bir əhvalat yadıma düşdü. İndi gəzməyək, Bakıda gəzirdik, bekarçılıqdan əziyyət çəkirdik, dünya ədəbiyyatını yarılamışdıq, artıq söhbət yox idi, eləcə sus-pus gedirdik. Qəfil Seymur dedi ki, gəl səni bara aparım, cavan oğlansan, bax gör necə qızlar var. Açığı, onun sözünə xeyli utandım, qızardım, nəm-nüm elədim, xeyri olmadı. Seymur məni darta-darta hansısa zirzəmidən və iri, cüssəli bir adamın arxasından işıqları qaranlıqda hoqqa verən bir yerə - bara gətirdi. Birinci səfərdi ki, bara gəlirdim və ətrafımda baş verən hər şey mənə qəribə, eyni zamanda maraqlı görünürdü. Eynən bir tələbə həvəsi ilə barda yüksək səsli mahnının altında oynayan qızlara baxır və haldan-hala düşürdüm.

Bir az keçdi, Seymur masamıza iki qız dəvət etdi. Qızlarla söhbət etməyə başlayanda açılışdım. Seymurun aldığı pivələrin də burda rolu danılmaz idi. Birdən, Seymur qızlardan soruşdu: “Martin Pajı oxumusunuz?” Onlar da, deyəsən, səhv başa düşdülər. Gurultulu mahnının içində əlləri ilə nəsə göstərib qışqırdılar: “200 manat”. Mən qiyməti eşidəndə şok keçirdim və bir də onda ayıldım ki, Seymur çıxışa doğru gedir.

“Haqlısan, Seymur, o boyda pul hansımızdadır?” – dedim çöldə.

“Məsələ pul deyil e. Bunlar Martin Pajı oxumayıblar”.

“Sən ciddiydin?”

“İkidən bir zarafat elədiyimi görmüsən? Əlbəttə, ciddiydim. Martin Pajı oxumayan qızlarla nə söhbət edim?”

Və Seymur gecənin bir yarısı, Bakı küçələrinin sərxoş kimi veyil dolaşdığı bir saatda məni təkbaşına qoyub qaranlıqlarda qeyb oldu...

# 4296 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #