Qış ruhu

Qış ruhu
5 dekabr 2019
# 11:01

Kulis.az bu gündən başlayaraq hər həftənin dördüncü günü, saat 11-də tanınmış şair-esseist, tərcüməçi Qismət Rüstəmovun yeni yazılarını təqdim edəcək. İlk olaraq yeni yazdığı “Qış ruhu” adlı yığcam esseni diqqətinizə çatdırırıq.

Qış buzdan baltası, qardan topu, sırsıradan süngüsüylə şəhərə qoşun çəkənəcən, ədəbiyyat tarixində “qış ruhu” adıyla keçən bir ovqatdan danışmaq istəyirəm. Dünyanın ən yersiz-yurdsuz adamlarının biri olan görkəmli orientalist Edvard Səid yazırdı ki, intellektual üçün ən etik duyğu özünü hər yerdə narahat, sürgündəki kimi hiss etmək olmalıdır.

Səid dünyanın hər yerində özünü mühacir, legioner saymaq hissini Amerika şairi Volles Stivensin sözləriylə “qış ruhu” adlandırır. “Qış ruhu” – çölə çıxmaq istəyi ilə evdə qalmaq məcburiyyəti arasındakı tərəddüd halıdır. Bu “qış ruhu” doğulduğu torpaqdan könüllü, yaxud məcburi aralı düşməyi ifadə etdiyi qədər, çox sadə insan münasibətlərində də özünü göstərə bilir.

Əli Kərimin neçə vaxtdır fikrimdən çıxmayan bir şeiri həmin ovqatı çox gözəl ifadə edir. Əvvəlcə həmin şeiri xatırlayaq:

Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım, söylə?
De, hansı bir ürək qəbul eləyər,
Məni sən ünvanlı dərdlə, gileylə.

Hansı bir ürəyə yan alsam əgər,
Dərdimin adından biləcək yadam.
Biləcək gəlməyəm, köçəri quşam,
Uzağam, soyuğam, dərdəm, fəryadam.

Əgər olsa-olsa qonaq eləyər,
Rəhm edib gözümün məhzunluğuna.
Mənsə səhər durub gizlin qaçaram,
Utanıb əlvida demərəm ona!

Mənə görə yaxşı mətn üst qatıyla ötürdükləri ilə yanaşı, canında ilk baxışdan görünməyən mətləbləri də daşıyan mətndir. Əli Kərimin bu şeirinin üzdəki mənası sevdiyinə qovuşa bilməyib başqa-başqa ünvanlarda təsəlli gəzən, amma heç bir yerdə rahatlıq tapa bilməyən, bütün münasibətləri ötəri, müvəqqəti alınan, ona görə də hər yerdə özünü “köçəri quş, soyuq, uzaq” sayan bir adam haqqındadır.

Amma bu gözəl şeir təkcə baş tutmayan sevgiyə xiffət deyil, yəni söhbət təkcə qadın-kişi münasibətlərindən getmir. Bu mətnin canında ideyası, arzuları olan hər hansı bir adamla kütləvi gerçəklik arasındakı ünsiyyətsizlik problemi də ifadə olunub.

Gəlin şərti olaraq fikrində gözəl bir layihəsi, yaxşı bir ssenarisi olan gənc bir sənətçi təsəvvür edək. “Gecə də, gündüz də” onun fikrində reallaşdırmaq istədiyi layihə, çəkmək istədiyi film var. Amma dəstək üçün hansı ünvana üz tutursa, geri çevrilir, mədəni şəkildə rədd cavabı alır, çünki təklif etdiyi ideyanın, layihənin, ssenarinin mayasında başqa “ünvan” görürlər.

Elə bil sənin ideyanı, arzunu köynək kimi astar üzünə çevirib markasına baxırlar və səni “dərdinin adından” tanıyırlar. Sən nə qədər çox özünsənsə, o qədər yadsan, ögeysən, soyuqsan. İzdihama qəbul edilməyin bircə yolu var: böyük ticarət mərkəzlərinin girişindəki yoxlama məntəqələrində üstümüzdə cingildəməsin deyə təhvil verdiyimiz metal əşyalar kimi, gərək öz sifətini, öz simanı, sənə məxsus olanı təhvil verəsən.

Şeirin finalı addım başı rastımıza çıxan çarəsizliyin soyuqluğunu çox alicənab bir məntiqə bağlayır: öz ideyasına sadiq qalanlar konyunkturanın içində “olsa-olsa qonaq” ola bilər, o da bir az formallıq, bir az da guya “gözümüzün məhzunluğuna” rəhm edən imitativ mərhəmət tipində.

Sonda adam “əlvida deməyə” belə utanır, çünki görür ki, əlində ideyasından və zövqündən başqa heç yoxdur.

Qış nə qədər buzdan balta, qardan top, sırsıradan süngü qurşanıb gəlir-gəlsin, uşaqlar əlcəklərini və təbəssümlərini geyinib gözləyirlər...

P.S. Dördüncü günlər Kulisdə görüşək!

# 5676 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #