Hosteldə ölən qızları söyənlər

Hosteldə ölən qızları söyənlər
19 aprel 2021
# 10:39

Bu yaxınlarda iki qızın hosteldə dəm qazından boğularaq öldüyü haqda xəbər yayıldı. Ardınca media bu məsələni şişirib-şişirib qızların kimliyini araşdırdı və nəhayətində onların İnstaqram və Tik-Tok fenomenləri olduğu ortaya çıxdı.

Qızların mediaya sızan şəkilləri də hamının, əlbəttə ki, diqqətini çəkdi. Birincisi, o şəkilləri o cür yaymaq ölən xanımlardan açıq-aşkar istifadə etmək idi. İkincisi, “Qarğa, məndə qoz var” deyib camaatı xəbərin başına yığdılar və bu da təəssüf ki, çox eybəcər bir mənzərənin yaranmasına rəvac verdi.

Harda təsbeh fırladıb mentalitetin keşiyini çəkənlər varsa, tökülüşdülər rəylərə və ölən qızların arxasınca “ürəklərini boşaltdılar”.

Yadımdadır, 2017-ci ildə, Yeni il günü Türkiyədə terror baş vermişdi. Budəfəki ünvanı bir əyləncə mərkəziydi. Səbəb nə olsa yaxşıdır? Kafirlər yad bayrama görə niyə əylənirlər? Mollabaş, təfəkkürü sıfırın həndəvərində olanlar terrora haqq qazandırdılar.

Rəylər insan olan kəsi heyrətə gətirəcək səviyyədə idi:

“Yaxşı oldu onlara, kafir bayramında əylənənin sonu belə olar”.

“Müsəlman içib niyə kef çəkməlidir?”

Bu hadisəni niyə xatırladım? Terror aktında bir məsələ də vardı. Azərbaycanlı qız Nuranə Həsənova öldürülənlər arasındaydı. Bir az keçmədi belə bir başlıqla qarşılaşdıq: “Terror aktında ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək”.

Normal bir başlıq. Sosial şəbəkədə bu başlıq altında paylaşılan xəbər böyük səs-küy yaratdı. Əxlaq anlayışını qurşaqdan aşağı başa düşənlər ölmüş bir qızın arxasınca donquldanmağa başladılar:

“Bura niyə gətirirlər? Basdırsınlar elə gecə klubunda, əlində də viski”

“Qızınız harda öldü? Barda, viski içən yerdə”.

“Səviyyəli qız idisə... Onun nə işi vardı orda”.

Gallery

Mən o zaman bir yazı yazdım və dedim ki, bu yazılanlara görə, bizi bağışla, Nuranə...

Deməli, dörd ildən sonra yenə də eyni təfəkkürdə qalmaqdayıq. Nə qədər yazsaq da, desək də ki, ay qardaş, əl çəkin bu cür mental keşikçilikdən, gedin işinizin-gücünüzün arxasınca, xeyri yoxdur, yenə yağışdan sonra çıxan göbələklər kimi hardansa çıxıb başlayırlar öz köhnə peşələrinə.

Sosial şəbəkələrdə bu cür adamlar həddən artıq çoxdur, kimə nə gəldi yazırlar, təhqir, söyüş, aşağılama və s. Bunun bir sərhədi də yoxdur, kim necə istəyir elə də hərəkət edir.

Düzü, sosial şəbəkə bizim real həyatımızın güzgüsüdür. Ancaq real həyatda cəsarət edilə bilməz bu qədər azad davranmağa. Əslində, azad dedim, amma bu azadlıq deyil, özbaşınalıqdır, qanun pozuntusudur.

Bu insanlarla necə başa çıxaq? Psixoloqlar deyir, bəzi insanlar özlərini real həyatda ifadə edə bilmədiklərinə görə, sosial şəbəkə onlar üçün göydəndüşmə olur. Hamı sosial şəbəkədə olmaq istədiyi biri kimi davranmağa başlayır. Ya da axına qoşulub hamının dediyini tutuquşu kimi təkrarlayır. Bu bir az “mən linçə uğramayım”, yaxud da, “elnən gələn dərd toy-bayamdır” janrındadır.

Tutaq ki, orientasiyası fərqli biri haqda paylaşım gedir. Şərhlərdə hamı canfəşanlıq göstərir. Niyə? Əslində bu açıq-aşkar belə deməkdi: “Mən onun kimi deyiləm”. Sanki istifadəçi özünün həqiqətən kişi olduğunu sübuta yetirmək üçün homoseksualı harda gördü söyür.

Yaxud da açıq-saçıq geyimli xanım şəkli paylaşılanda. Burda da özünü sübut etmək üçün münbit şərait yaranır və bu bir hüceyrəli yaradılışlar tökülüb özlərini sübut etməyə çalışırlar.

Sən homoseksual deyilsənsə, niyə homoseksual şəklindən narahat olursan? Yaxud, sən açıq-saçıq qız görəndə üzünü çevirib əsəbiləşirsənsə, onun şəkli gələndə niyə özünü tuta bilməyib söyüş yazırsan? (Yazmasa elə bil dünya dağılacaq).

Yəni, özün belə deyilsənsə, narahat olmağa dəyməz axı, işinlə məşğul ol. Mənə çox maraqlıdır, kütləvi şəkildə söyən və yorulmadan hər yerə rəy yazan, skrin atan, ömrünü buna sərf edən insanlar nə yeyib-nə içirlər?

Görəsən, onların ömrü necə keçir?

Bütün günü telefon əllərində marıtlayırlar?

Söymək üçün məqam axtarırlar?

Söyməklə nə həll olunur ki?

Mənim əslində demək istədiyim budur: biz yığılan aqressiyamızı sosial şəbəkələrə boşaldırıq. Realda kimsə bu qədər cəsarətli ola bilmir. Problem də ondadır. Sosial şəbəkə “kimisə söymək” üçün əməlli-başlı şərait yaradır. Xüsusən, səhifələr bu işdə canla-başla iş görürlər, hər dəfə “bunu söyməyən bizdən deyil”, yaxud “biabırçılıq” tipli paylaşımlarla yaxşı reytinq yığırlar, söyən tiplər də bunun fərqində olmadan onların istədiyini verirlər.

Söyənlərin içində “bekarçılıqdan əziyyət çəkən” bir növ var, onlar isə hər şeyi söyməyə hazırdır. Kiminsə yazısı paylaşılır, yazıdan bir şey tapmayanda adamın fiziki görünüşünə sataşırlar, söz atırlar. Onlar mütləq söyməyə bir şey tapacaqlar. Bax bu sinfin nümayəndələri ölən qızları da söyəcək qədər insanlıqdan çıxmış adamlardır. Bu cür bekar, işi-gücü kimisə gizlicə, bzəən başqa ad altında söyən adamlara, sözün açığı, yazığım gəlir. Onlar, deyəsən, çox tənhadırlar. Məncə, bu adamlar müalicə olunmalıdır.

Yaxud da cərimə...

Çünki bəzən cərimə bizi adam eləmək gücünə sahibdir.

Bilmirəm, bu tiplərin olduğu bir dünyada hüzura və sevgiyə ulaşa biləcəyikmi? Yazın gəldiyi bu günlərdə hər şeyin yaxşı olacağı düşüncəsinə qapılmışam və istəmirəm ki, kimlərsə qanımızı qaraltsın. Ona görə də sözü çox uzatmadan təkcə onu deyim: ittiham etmə ki, ittiham olunarsan!

Yəni, heç vaxt özünüzü kimdənsə üstün saymayın!

Gələn yazılarda görüşənədək!

# 6533 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #