Camaatın anası-bacısı var

Camaatın anası-bacısı var
14 iyul 2021
# 10:31

Kulis.az Ayxan Ayvazın "Geyimə görə ehkam kəsənlər" adlı yazısını təqdim edir.

Xaricdə yaşayan bir tanışım var, arada-bərədə əlaqə saxlayır mənlə. Yüz ildə bir yadına düşürəm, onda da dəxlisiz mövzularda söhbət açır: "Qaqa, filan qıza bax, onun yiyəsi yoxdumu?" Bir-iki dəfə başa salmağa, bu mövzularda danışmaq üçün uyğun birini seçmədiyinə görə onu möhkəmcə danlamışam. Görəndə ki, xeyri yoxdur, rahat yolu seçdim: onunla əlaqəni kəsdim, internet diliylə desək blokladım.

İllərdir xaricdə yaşa, fərqli mədəniyyətin olduğu yerdə həyatını qur, ancaq təfəkkürün ibtidai səviyyədə iməkləməkdə olsun. Deməli, təfəkkürü dəyişən mühit deyilmiş. İnsanın özü təfəkkürün dəyişməsi üçün mübarizə aparmırsa, onda heç nə alınmayacaq.

Qadınların geyim tərzinə qarışan və buna görə səsini başına atan bloggerin qrafist olduğunu dedilər. Adındakı modern çaları da görəndə çaşıb qaldım. Yəni qardaşın zahirində toplanan hər şey onun bu fikirdə ola bilməyəcəyini təsdiq edirdi. Lakin adamın qrafist olmağı heç nəyə çarə olmayıb. Tipik qaqa təfəkküründə qalıb və hətta bununla fəxr də edir.

Biz ötən illərdə də, indi də geyim söhbətini müzakirə edirik. Yadınıza gələr yəqin, metroda şortik geyinən qız əməlli-başlı linç yemişdi. Üstündən illər keçdi, yenə də heç nə dəyişmədi. İnkişafımız tısbağa yerişinə bənzəyir (Yenə də zaman hər şeyin dərmanıdır).

Geyim insanın fərdi seçimidir. Biri açıq geyinər, digəri qapalı, yaxud klassik, modern və s. Bu hər kəsin özünə aid olan bir işdir. Bizdə problem odur ki, biri o birinə qarışır. Sən açıq-saçıq geyinəni bəyənməyə bilərsən. Bu sənin düşüncəndir. Və özün öz həyatında qapalı geyimi tətbiq edə bilərsən. Lakin o düşüncəni publikaya çıxarıb, "vaveyla, şəriət əldən getdi" deyib hamını "düzgün yola" çağırırsansa, bax onda problem yaranır. Biri o birinin azadlığına müdaxilə etdiyi an artıq ortada ciddi narahatlıq peyda olur.

Biz ənənəvi, patriarxal cəmiyyətik. Və alışmadığımız azadlıq meyllərinə qarşıyıq. Hətta o azadlıqlar bizi qıcıqlandıra bilər. Lakin biz geyimdəki azadlığın yalnız yersiz olduğu məqamlarda səsimizi çıxarmalıyıq. Dress-kod məsələsi. Məsələn, yas yeridir, hamı qara geyinib və hüzn hamını ağuşuna alıb. Bir də görürsən kimsə (fərqi yoxdur, qadın, ya kişi) yas abu-havasına uyğun olmayan geyimlə gəlib. O şəxsə başa salmaq lazımdır ki, dostum, bura yas yeridir, bəlkə mərhumun yaxını səni belə görsə ürəyinə toxunar, mümkünsə daha uyğun paltar geyin. Vəssalam. Yoxsa qadın küçədə getdiyi vaxt yaxasından tutub "ayıb deyilmi, belə geyinirsən" demək olmaz. O geyim düşdüyün mühitdə hamını narahat edirsə və sırf o mühitin abu-havasına toxunursa, o zaman sakitcə izah etmək olar.

Bir dəfə bric geyinib məhəlləyə düşmüşdüm. Yaşlı bir kişi məni görüb saxladı: "Bala, belə geyinmə, camaatın anası-bacısı var". Kişiyə izah eləmək istədim, xeyri olmadı, daş atıb başını tutdu. Axırda dedim, sən baxma da, baxmasan əslində heç bir problem yoxdur. Elə qalanları da... baxmasan hər şey qaydasındadır əslində.

Düzü, insanın tarixən keçdiyi yol haqda yazacaqdım. Sadəcə bu mövzu gəlib yazımda peyda oldu. Necə əsəbləşdimsə, bir də gördüm bu mövzuda fikirlərimi yazıram. XXI əsrdəyik, dünya hansı mövzuları müzakirə edir, biz harda qalmışıq. Heç nə, bikarçılıqdan əziyyət çəkirik. Elə mənim özüm də...

Amma mütləq ki, bir ümid var. İnanıram ki, düzələcək və biz bu cür mövzuları müzakirə etməkdən daşınacağıq.

Düzü, medianın da burda xüsusi rolu var. Əslində o şəxsin düşündüyü kimi düşünən milyonlar var. Buna əminəm. Sadəcə o şəxsin publikası var deyə söhbət şişə-şişə böyüdü və hamının bu haqda nəsə deməyinə gətirib çıxardı.

Nəticədə nə oldu? Linçləmə kampaniyasından sonra şəxs üzr istədi. Lakin söhbət bağlanmadı. Çünki bu cür düşünənlərin sayı təəssüf ki, çoxluqdadır.

Mənə elə gəlir, bəzi məsələlərin düzəlməsi, daşların yerinə oturması üçün mütləq şəkildə zaman keçməlidir. İllər əvvəl sosial şəbəkəyə girən xanımlar da tənqid olunurdu, bu gün o mövzuda danışan yoxdur.

Zaman! Əlahəzrət zaman keçməlidir! Hz. Əlinin də dediyi kimi, biz valideynlərimizin yox, öz zamanımızın övladlarıyıq. Ümid edirəm ki, üstündən zaman keçəndən sonra bu mövzuya çoxluq güləcək və deyəcək ki, sən hələ orda qalmısan?

# 2700 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #