Atası gözünün qabağında öldürülən yazıçılar

Atası gözünün qabağında öldürülən yazıçılar
2 mart 2021
# 11:02

Kulis.az Ayxan Ayvazın “Atası öldürülənlər” yazısını təqdim edir.

Atası öldürülən məşhurlar haqda araşdırma aparırdım. Nədənsə son vaxtlar bu mövzu məni özünə maqnit kimi çəkirdi.

Düzü, çox da maraqlı şeylər tapa bilmədim. Daha doğrusu, araşdırma zamanı elə məşhurlar qabağıma çıxdı ki, onları mən tanımırdım. Ya da hörmətli Google məni başqa istiqamətə göndərirdi: "Bəlkə öldürülən məşhurlar demək istəyirsiniz?"

Atası ilə problemləri olan, daim atası ilə qarşıdurma yaşayan adamlar mənə maraqlı gəlib. Düzü, mənim də atamla ilk vaxtlar bu cür sorunlarım olub.

Amma araşdırma apararkən həm də onu tapdım ki, atası ilə problem yaşayan məşhurların çoxu yəhudilər olub. Ata kultuna münasibətin psixoloji şərhi - Edip kompleksi də yəhudi Freydin işi deyilmi?

Onlarda ana əsas xətt sayılır və görünür, ona görə də atalarla oğulların daim problemi çıxır.

Bizdə isə ata əsas fiqurdur. Ata nə deyirsə, qanundur. Başqa cür ola bilməz.

Atasını itirən, yaxud ondan ayrı qalan adamların həyatı bu ağrıyla başlayır. Zaman-zaman o sancını üzərində hiss edər və onu gözlərində daşıyarlar.

Mən iki yazıçının bu ağrını daha acımasızca yaşadığını oxumuşdum.

Biri Nabokovdur...

O biri Yaşar Kamal...

Deyirlər e, hansı yazıçının taleyinə acıyırsan?

Mən hər ikisini deyərdim.

Nabokov haqda illər əvvəl oxumuşdum:

"1922-ci ildə Vladimirin həyatında ağır itki baş verir. Atası mühacirət iclaslarından birində özünü qabağa verib, tanınmış demokrat Pavel Nikolayeviç Milyukovu monarxist gülləsindən qorumağa çalışarkən öldürülür. Başqa versiyalara görə bu, monarxist yox, faşist gülləsi olur. Bu hadisədən sonra Nabokov mənəvi sarsıntı keçirir. Sonrakı illərdə o nümayişkaranə şəkildə ateist olduğunu bəyan edir."

Yəqin, Nabokovda bu sarsıntı daha dərinlərə işləyib və o faciədən ədəbiyyat yaradıb.

Yaşar Kamal hələ 5 yaşında olarkən atasının məsciddə öldürülməsinə şahid olub. Balaca uşaq, məscid və atasının gözü qabağında öldürülməsi... Özü də qan davası üstündə. Ümumiyyətlə, Yaşar Kamalın həyatı faciələrlə doludur. Hansısa romanında yazmışdı ki, Anadoluda quş ovçuları varmış, onlar quşları ovlayıb qəfəsə salır, sonra onu bazara gətirirlərmiş. Bazarda kimlərsə pul verib qəfəsdəki quşları azad eləyirmiş. Yəni quşların xilası kiminsə mərhəməti hesabına olurmuş.

Mən Yaşar Kamal haqda sənədli filmə baxanda beynimdə xərçəng kimi bircə səhnə qalmışdı: balaca uşağın atasının öldürüldüyünü görməsi...

Atasız, atası ilə problemi olan, yaxud atasını heç görməyən uşaqlar.

Onların gözləri bir başqa cür baxar.

Bir başqa cür olarlar o uşaqlar.

Hamısının içində tərk edilmək qorxusu.

Kiməsə uduzmaq qorxusu.

Hərdən atalar belə şeylər edirlər: ölürlər və uşaqlarının gözlərinə əbədi kədər qondurarlar.

# 2854 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #