Allahın cangüdənləri

Allahın cangüdənləri
10 iyul 2020
# 12:15

Allah, peyğəmbər, vətən, milli dəyərlər, qadın… Şərq ölkələrində bu mövzulara nə zaman toxunulsa, ciddi rezonans yaranır. Həmin mövzular zaman-zaman ədəbiyyatda da işlənir, lakin bu mövzularda əhəmiyyətli səs doğurmaq müəllifin iqtidarından asılıdır.

Heç kəsə sirr deyil ki, yuxarıda qeyd etdiyim mövzular bu gün süni şöhrət qazanmaq istəyənlərin bir nömrəli hədəfidir. Bu mövzulara bəzən naşılıqdan, bəzən bilərəkdən (hərçənd bu da başqa bir müstəvidə naşılıqdır) kobud müraciət etməklə istənilən şəxs qısa və arzuolunmaz populyarlıq qazana bilir. Düzdür, bəzən həmin şəxslər müəyyən kəsimlərdə bu populyarlığını inkişaf etdirərək, çağdaş dünyada uğur da qazana bilir, lakin bütün hallarda qüdsi və həssas mövzulara kobud müraciət sənətkarlar və estetlər tərəfindən qəti qəbul edilmir.

Gənc həmkarımız Rəvan Cavidin bir il əvvəl yazdığı, lakin bir qadın(!) qiraətçinin ifası ilə son günlər gündəmə çevrilmiş “Mən qadın olsaydım” şeiri bir kəsim dindar tərəfindən qəzəblə qarşılanıb və yazar təhdid olunur. Əvvəlcə Rəvanın mövcud rezonansı doğuran misranı təqdim edirəm:

“Mən qadın olsaydım, Allah doğardım”.

Onu deməyə borcluyam ki, Rəvan nə qədər istedadlı, bacarıqlı və ən əsası potensiallı gənc olsa da, bu misra nə poetikdir, nə fəlsəfidir, nə də heyrətamiz. Bu tip şeirlər və misralar, mənə görə, yuxarıda qeyd etdiyim səbəblərdən yazılır və nə qədər acı da olsa, bir adı var, ona görə də təkrar yazacam; süni şöhrət.

Ümumiyyətlə, 20 yaşlı bir gəncin şeirlərində Allah sözünü çox hallandırması onu əsl şeirdən, poeziyadan ayırır və ən yaxşı halda başqa peşənin sahibinə çevirir.

Lakin bütün bu iradlar şeir kontekstindədir və hər bir sənət bilicisi malik olduğu savadla Rəvanı sənət müstəvisində tənqid, hətta kəskin tənqid edə bilər. Ancaq sənətdən iraq bir dindarın Allahını gəlib Rəvanın şeirində axtarması absurddur. Çünki nə Rəvanın şeirdə olmaq istədiyi qadın dindarın düşündüyü qadındır, nə də qadın olduqdan sonra doğmaq istədiyi Allah dindarın fərz etdiyi Allah.

Tutaq ki, Rəvanın bu şeirdə estetik planda cahillik nümayiş etdiyi kimi, onlar da öz mövzularında cahildir.

Tutaq ki, onlar da bilmir, Allah Rəvanın şeirində bir qadından doğulacaq qədər cılız varlıq deyil.

Bəs, o əsəbiləşən dindarlar hər gün öpüb gözlərinin üstünə qoyduğu Qurani-Kərimdəki “İxlas” surəsini oxumayıblar? Hər gün namazda azından on dəfə təkrarladıqları bu surədə “Allah doğulmayıb, doğmayıb” deyilir. Rəvan isə “Mən qadın olsaydım, Allah doğardım” deyir. Rəvanın nazik kitabının bir sarı vərəqi möhtəşəm Qurani-Kərim qarşısında kimi, nəyə inandıra bilər? Niyə siz Rəvanın bir şair iddiasını dini müstəvidə ciddiyə alıb kimisə təhdid edəcək hala gəlirsiz?

Təəssüf ki, Azərbaycanda belə məqamlarda görünən və körükləndikcə közərən təhlükəli bir kəsim var ki, onlar bu kimi xırda anlaşmazlıqlara görə insanları günün günorta çağı öldürə bilər. Mən dəfələrlə elə adamların məclislərində olmuşam; maşın bazarında kiməsə köhnə maşın soxuşdurmaqları ilə fəxr edən, üç sözündən biri söyüş olan, nöyüt qoxan belə adamlar özləri də yaxşı bilir ki, xirtdəyə qədər günah içindədirlər.

Həmin şəxslər hər gün nəfsləri, keyfləri ucbatından o qədər günaha batırlar ki, sonda özlərini Allahın cangüdənləri kimi göstərib günahlarını “yumağa” fürsət güdürlər. Guya Rəvan kimi gənclərin şeirində bir misraya görə onu söysələr, döysələr, bu Allaha xoş gedəcək. Elə adamlara dəstək verən olsa, Rəvanı və onun kimi gəncləri kök qarınları divara sıxıb qabırğalarını qırar.

Sırf bu mənzərəni göz önünə gətirən dünyəvi insanlar yaranan bu qorxulu potensialın effektini azaltmaq üçün analoji mətnlərin yazılmasını arzulayır. Fetişləşdirdikləri din, kitab, yaradan bu gün o qədər təhlükə saçır ki, artıq bəzi camilər bilərəkdən bu məfhumları aşağılamağa cəhd edir ki, qarşı cəbhənin bütləşdirmə prosesi səngisin.

Əzizi-mənlər, Allah sizin məhlə uşağınız deyil, onu kimdənsə müdafiə edəndə sizdən xoşu gəlsin. Allah sizin nəinki əməllərinizə, xəyallarınıza, arzularınıza, yuxularınıza da bələddir. Nə qədər gec deyil, diz çökün, ağlayın, özünüzü tapın, Allahınıza pıçıldayın. Əvvəlcə öz günahlarınızı müəyyənləşdirin, onların bədəlini düşünün, görün o günahları yumağa ömrünüz yetəcəkmi ki, qalan vaxtı da başqa şəxslərə dini mövzuda ehkam kəsəsiz!

Məlum şeirinin yaratdığı bu kimi situasiyalarda sadalanan bir təklif var; Allah sözünün yerinə Tanrı yaz, heç kəs əsəbiləşən deyil. Doğrudur, doğru olduqca da məntiqsizdir. Bu, həm də, Allah sözünün mətndə dürüst yerdə istifadə olunmadığını görəndə qeyzlənən şəxslərin Allaha olan sevgilərinin nabələd, bir az da qeyri-səmimi olduğunun göstəricisidir.

Siz Allahı ürəkdən sevirsinizsə, onda Tanrı sözünün yanlış istifadəsinə də əsəbiləşməlisiniz. Yox, siz deyirsinizsə, İslamda Tanrı Allahın adı deyil, demək, sizin baxışınız o laübalı ərşə kiminsə pəncərəsindən dikilib, əks təqdirdə, nəzərdə tutulan obyektin eyni olduğu heç kəsə sirri deyil, siz Tanrının aşağılanmasına da reaksiya verməli idiniz.

Əslində, mövzumuz bu deyil, bütün hallarda - Allaha hansı adla zikr etsəniz də - 99 adının heç birinin sizin radikal müdafiənizə ehtiyacı yoxdur. Təbii, siz özünüzü onun bəndləri hesab edirsiniz, onun insanlaşmasına qarşı səs ucaltmağa borclu bilirsiniz, lakin ucaltdığınız səs təhqir, təhdid, zorakılıq, ölüm fonunda olacaqsa, inanın ki, Allah bunu istəmir. Malayziyada düşən yarpaqla, Arktikada yumulub açılan ağ ayı balasının gözünü və külli kainatın hər tərpənişini eyni anda idarə etmək iqtidarında olan bir varlığa görə qəlb qırmağınız böyük günahdır.

Allah demirmi, mən sizə özümdən üfürdüm? Yoxsa söydüyünüz adama Allahın üfürmədiyini düşünürsünüz? Tək sizsinizmi, Allahın yaratdığı əşrəflər?

Siz özünüzü Allahın, peyğəmbərin cangüdənimi sayırsınız, cənablar?

Siz Rəvan Cavidin qəlbi ilə tanışsınızmı? Bəlkə o, Allaha sizdən daha yaxındır!

Xırda bir situasiyada Allah üçün təhqir etməyi, əzməyi, öldürməyi özünə ar bilməyən şəxslər, heçmi Allahın bağışlayan sifətindən pay almadınız?

Peyğəmbərin adını eşidən kimi qara-qışqırıq salan cənablar, özünüzə gərəkli olanda ayə, hədis, rəvayət sərgiləyirsiniz, bəs Məhəmməd Peyğəmbərin başına hər gün zibil atan qadının əhvalatını nə tez unutmusunuz?

Gəlin, xatırladım:

Peyğəmbərin məscidə gedən yolunun üstündə bir qadın yaşayırmış. Peyğəmbər hər dəfə namaza gedəndə onu təhqir etməyə çalışır, üstünə zibil, qoyun bağırsağı atırmış. Peyğəmbər növbəti günlərin birində ordan ehtiyatla keçəndə görür ki, üstünə heç nə atmadılar. Sonra eşidir ki, həmin qadın ağır xəstədir. Peyğəmbər yoldan keçəndə xəstəni ziyarətə gedir. Təbii ki, qadın bu situasiyaya çox kövrəlir, ondan sonra həmin qadının da, islamı qəbul etdiyi deyilir.

Qadın pisliyində prinsipial olduğu üçün, Peyğəmbər də yolundan dönməyib, Allahın qüdrətinin şeytanın vəsvəsəsindən böyük olduğunu bir daha göstərib.

Üst-başını silib yoluna davam edən və sona qədər o qadından hesab sormayan, əksinə xəstə yatağında onu ziyarət edən peyğəmbərdən hörmətli sayırsınız özünüzü?

Şəxsinizə olunan kobudluqlara qarşı sizdən peyğəmbər rəftarı gözləmirik. Bu işdə heç birimiz nə üstünə hər gün zibil atan qadını ziyarət edən Məhəmməd Peyğəmbər, nə də onu öldürən şəxslərin bağışlanması üçün Allaha dua edən İsa Peyğəmbərik. Allahın, peyğəmbərin müdafiəsinə qalxarkən insan qəlbi qırmaq, zorakılıq göstərmək, öldürmək yanlışdır.

Allah bağışlayandır, Peyğəmbər bağışladı, sən özünü daha ağır şəxsiyyətmi sanırsan? Yoxsa iqtidarının Allahdan daha geniş olduğunu zənn edirsən?

Harda qaldı məzlumun yanında olmaq? Əgər bu gün Rəvan Cavidin həqiqətən yanlış iş tutduğunu düşünürsənsə, demək, onun cahil olduğuna qərar verirsən. Sizin prizmanızdan baxdıqda elə Rəvanın yanında olmalısınız, onu bu yoldan çəkindirməyə çalışmalısınız. Çünki onun cəhənnəmdə yanacağını düşünürsünüz. Allah isə sonsuz dərəcədə qüdrətlidir. Sizin dəstəyinizə ehtiyacı yoxdur. Belə olan halda siz qüdrətlini müdafiə etməyə çalışmayın, cahil saydığınıza kömək etməyi düşünün.

# 4018 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #