Keçən gün teleproqramların birindəki çal-çağır diqqətimi çəkdi. Kiçik studiya hindlilərin toy mərasimlərində istifadə etdikləri rəngli lentlərlə bəzədilmiş, stolun üstünə şirniyyatlar, konfetlər düzülmüşdü.
Orta yaşlı kişiylə elə o yaşlarda qırmızı donlu qadının qol-qola studiyaya gəlişi də maraqlı idi. Pillələri düşdükcə başlarına noğul-nabat səpilirdi. Bir sözlə, şirin mənzərə idi. Ta ki bəyin kimliyini öyrənincəyə qədər.
Yoldaşların köməyilə dəqiqləşdirdim ki, “bəy oğlan” keçən proqramların birində izlədiyimiz, evlənmək məqsədilə proqrama qatılan kişidir. Elə həmin proqramda adamın keçmiş arvadlarından biri studiyaya zəng edərək onu rüsvay etmişdi. “Arvadlarından biri” dedim, çünki “Siz kimsiniz?” sualına zəng edən qadın “mən bu kişinin onuncu arvadıyam”, cavabını verdi. Studiyada elçi daşının üstündə oturmuş kişinin tükü də tərpənmədi, yanında oturmuş anası isə “yığışdırın bu səsi studiyadan, bu arvad dəlidir”,- deyib gurladı.
Bəzi kişlərin boşadıqları qadına “dəli” damğası vurmaları heç kimə sirr deyil. Ona görə, kişiyə ünvanlanan “Bu qadın sənin neçənci arvadındır?”, sualına cavabı da heç təəccübləndirmədi: “Hər halda onuncu deyil”. Belə anlaşıldı ki, evlənmək arzusunda olan bu kişi azı 6 dəfə evli olub.
İndi azı 6 dəfə evlənmiş kişiyə dəbdəbəli nişan mərasimi keçirildiyini görəndə şaşırdım. Başa düşürəm, telekanallara diqqətçəkici mövzu lazımdır, amma altı dəfə evlənmiş kişini təmtəraqla növbəti dəfə evləndirmək də insafdan deyil.
Altı arvad alıb boşamış kişini evləndirməzdən əvvəl psixiatra göstərmək lazımdır ki, başında hansı proseslərin getdiyini müəyyənləşdirib müalicə etsin. Əks halda bu kişi islah olmayacaq.
Şair demiş, kişilər bir olmur. Elə kişi var, bircəciyinə sadiqdir, eləsi var, on qadın da azlıq edir. Amma qəribədir ki, bu “üzüqara” kişilər üzüağ yaşayır, hətta televiziya proqramlarına çıxıb elçi daşının üstündə oturmaqdan da ar eləmirlər. Onların bədbəxt elədiyi qadınlar isə üzükölgəli gəzir, el qınağı olur, “boşanmış” damğasıyla yaşayır. Bu mini-tamaşa bir hadisəni yadıma saldı, təxminən 10-15 il əvvəl baş verib.
Tanıdığım bir gənc qadın (şərti olaraq Lamiyə deyək) onu azyaşlı oğluyla atıb məşuqəsiylə evlənən ərini bağışlaya bilmirdi. Aradan illər keçmişdi, amma hələ də ondan yanıqlıydı. Bir dəfə belə bir etiraf etdi:
“Əslində mən onunla xoşbəxt deyildim, kaprizləri məni təngə gətirmişdi, üstəlik şorgöz idi”.
Bu sözlər məni heyrətləndirdi. Axı Lamiyə ayrıldığı üçün özünü bədbəxt hiss edirdi. Yenidən həyat qurmaq fikrini ağlının ucundan belə keçirmirdi. Amma indi məlum olurdu ki, bu qadın ərini heç sevməyib. Bəs, niyə onu bağışlaya bilmirdi?
Məlum oldu ki, qadın ərinin ondan vaz keçməsini, atılmağını qüruruna sığışdıra bilmir, bunu özünə dərd eləyib. Ayrılandan sonra kompleks yaşayıb, “başqa qadında məndə tapa bilmədiyi nə vardı” deyə qara fikirlərə düçar olub. Elə bu komplekslər də ona yeni həyata başlamaq şansı verməyib.
Bir tərəfdən də, Lamiyə qohum-qardaşın üzünə baxmağa utanıb. Ki, deyəcəklər yaxşı arvad olsaydın, ərin səni boşamazdı, demək ki, yaxşı arvad olmamısan. (Boşanmış qadınların əksəriyyəti bu əcaib qınağa tuş gəlir).
Qara-qura fikirlər içindəykən dünya görmüş qadınlardan biri ona belə məsləhət verir: “Ərini qaytar, sonra at onu, sən də ona belə dağ çək”. Amma qadın etiraz edir...
Bu tərəfdən də, keçmiş ər təzə arvadıyla xoşbəxt deyildi. Ara-sıra Lamiyənin qulağına gəlib çatırdı ki, kişi keçmiş günlərin xiffətini edir. İlk vədələr təzə arvadının gözəlliyi ağlını başından alsa da, sonra dominant xarakteri onu mənən əzməyə başlamışdı. Kişi yenə kənarda əyləncə axtarırdı, təzə arvadı isə bütün bunlardan xəbər tutub dəli olur, kişidən ona hesabat verməsini tələb edirdi.
Kişi gizli zənglərini hamam otağında edirdi, amma arvad sonradan ona tualetin qapısını kilidləməyi də yasaq etdi. Bir sözlə, kişi alışdığı həyatı yaşaya bilmirdi, birinci arvadının - Lamiyənin qədrini bilməyə başlamışdı. Həm də oğlu üçün darıxırdı. Bu tələbkar qadınla normal həyat yaşaya bilməyəcəyini anlamışdı.
Axır ki kişi peşman olub birinci arvadına dönmək üçün araya elçi salır. Lamiyə bütün giley-güzarını “unudub” razılaşır. İkinci qadını isə gəldiyi yerə göndərirlər. Lamiyə onun ailəsini dağıtmış qadının suyu süzülə-süzülə çıxıb getməyini şövqlə seyr edir...
Yenidən bir araya gəlirlər. Kişi hər şeyin qaydasına düşdüyünü görüb yenidən gizli münasibətlərə rəvac verir. Lamiyə isə yalnız bircə şərti olur:
-Yenidən toy edəsi deyilik. Amma kiçik məclis düzəldib qohum-qardaşa yenidən evləndiyimizi elan edək.
Məclis düzəlir, qohum-qardaş, dost-tanış yığılır. Kişi deyir ki, səhv eləmişəm, bütün təqsirlər məndəydi, aldandım, başqasına uydum, daha ağlım başıma gəldi. Yoxsa ki, arvadım gül kimi qadındır.
Lamiyə məclisdə deyir, "ay qohumlar, indi bildiz, təqsir kimdəydi? Deyirlər ki, bildik. Dönüb kişiyə deyir, artıq səni bağışlayıram, halallıq da verirəm, bizimki elə bura qədərmiş. Sən düzələn deyilsən. O sən, o da sənin həyatın. Mənim istəyim əzablardan qurtulmaq idi, daha azadam".
Lamiyə onu ayrı qadına dəyişmiş ərindən və onun keçmiş məşuqəsindən belə intiqam alır. Ondan sonra qadının güvəni özünə qayıtdı, bir müddətdən sonra özündən xeyli böyük, amma ləyaqətli bir adama ərə getdi. Adam onun oğlunu da qəbul etdi. Hər iki arvadını itirmiş kişi isə yeni macəralar axtarışındadır. Deyilənə görə, hər tanışlığının da ömrü bir, iki ay, ən çoxu 6 ay olur. Hər şeyini öz xoşuyla itirmiş adam yenidən nə tapacağına ümid edə bilər ki?