Mehdi Bəyazidin yazı

Mehdi Bəyazidin yazı
13 may 2011
# 09:41
Azərbaycan ədəbiyyatının yerə düşmüş
bayrağını sizin nəsil qaldıracaq.


Mehdi Bəyazid



Epiqrafa çıxardığım bu sözləri 2004-cü ildə dəftərçəmə qeyd etmişəm. Yayın şaqqama istisindən can qurtarmaq üçün Filarmoniyanın yaxınlığında yerləşən Vahid bağına üz tutmuşdum və o, taleyin qəfil bəxşişi kimi rastıma çıxmışdı. Mübariz Məsimoğlu idi, Əlislam Bilal idi, bir də Yafəs idi deyəsən... Bir stol arxasına yığışmışdılar.

O bağa güzarı düşənlər bilir, çayxananın kötük oturacaqları vardı. Mehdi Bəyazid həmin o kötük oturacaqlardan birində oturub, ayağını o birinin üstünə aşırmışdı, çox fikirliydi, barmaqları arasında siqaret boşuna tüstüləyirdi. Ətrafda isə mübahisədən, mükalimədən, müqayisədən... ağız deyəni qulaq dadmırdı, bekara səpələnmiş sözün əlindən barmaq qoymağa yer tapmazdın, ağacların başı səsdən aşıb- daşırdı, külqabılara siqaretin burnunun ucunu göstərməyin bəs idi ki, külü yerə tökülsün.

Mehdi Bəyazidin mis kimi cingildəyən səsi hər şeyi yat-yut saldı, hamının köpünü aldı, doları dolmaz, doyarı doymaz elədi. Bayaqdan cızığından çıxmış külqabıya az qala bir qutu siqaret kötüyü basdı. Alışıb- yanan mavi gözləri yatağına sığmayan çay kimi qaynayırdı.

Hər şey birdən dəyişdi. Sənətin və Sözün “yalquzağı” ildırım kimi çaxıb, insanı bıqdıran qeybətləri, dedi- qoduları, şit hırıltıları xırp kəsdi:

- Elə bilmə ki, səni tanımıram ha, Hacı?!

Stol arxasında oturanların nəzərləri bir anda mənə dikildi.

-Mən də sizi tanıyıram, Mehdi bəy! – deyib gülümsədim.

Açığı, bir az qürurlandım ki, Mehdi Bəyazid məni tanıyır.

- Əşşi, bu siz- mizi yığışdır, sən Allah!- əlini yellədi, - gəl, sənnən bir az söhbət edək. Yaxşı əlimə düşmüsən...

İlk dəfə onda ünsiyyətimiz yarandı. Amma mən Mehdini ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin 4-cü mərtəbəsində canının ağrılarıyla əlləşəndə görmüşəm. 4-cü mərtəbəyə qalxmaq onun üçün dünyanın zülmü idi, havasızlıqdan boğulan ciyərləri sərt pilləkanlarla ayaqlaşmaq gücündə deyildi.

Qalxmışdı, amma bət- bənizi ağarmışdı, sinəsi körük kimi qalxıb- enirdi. Bəlkə elə onda da məni tanımışdı, amma canının ağrısı ünsiyyətə imkan verməmişdi. Mən isə onu tanımağıma baxmayaraq elə zənn etmişdim ki, o, məni tanımaz...

...Mehdi Bəyazid iki həyat yaşayırdı. Bu həyatın biri məclislər, zarafatlar, oyunlar idi, o biri həyat iztirab, ağrı, daxili böhran idi.

Birinci həyat ikinci həyatın pərdəsi idi. Amma onların hər ikisi Mehdinin öz həyatı idi. O, bu aləmi yazmaq istəyirdi, nə acılar ki, həyatın yazıya hopmuş dilini tapa bilmirdi ki, bilmirdi...
Öz taleyi ilə dübədü oynayan adam üçün həyatda maraqlı heç bir şey qalmır. Hər şeyin işığı sönür, hətta həyatın da. Əslində heç ölüm də yox imiş. Mehdi onu birinci və sonuncu dəfə sınadı. Və qəribə burasıdır ki, həyatının bahasına bu oyunu uddu.

Hardasa uzaqlardan bir zəif nida narın duman kimi qulaqlarıma yetişir: “Deyin, harda qaldı o üzü dönmüş...”

Həmin o çayxanada Mehdi Bəyazid mənə divan tutdu. “Sən uçursan!” dedi. “Hara uçursan, bir yerə en, toxta. Ay kişi, dünyada Dostoyevski yaşayıb, Çexov keçib bu dünyadan, Folkner arağın küpünə girib, amma gör nə boyda dahi olub!” Sonra bir az yumşaldı: “Bilirəm, sən də mənim kimi yetimin birisən. İppolit bilirsən də nə deyirdi? “Pulum olandan sonra mən çox orijinal bir oğlan olacağam!”

O, pulu olmaya-olmaya da orijinal oğlan idi. İndi bloknotuma baxıram, onun dediyi sözlərin bəziləri yaddaşımdan boy verir.

“Mən günah sarıdan son dərəcə zənginəm.”

Bu cümləyə nə əlavə eləmək olar? Heç nə! Yozduqca yoza, çözdükcə çözə bilərsən bu cümləni. Amma... O günah ki, Mehdi Bəyazidin boyuna biçilib, ona yozum verməyin özü bir qəbahət deyilmi?! Bir dəfə Rasim Qaraca ilə söhbət əsnasında Mehdi Bəyazid xatırlandı. Rasim çox maraqlı bir fikir söylədi:

“Məndən ötrü Mehdi Bəyazid bəşəriyyətin dan sökülənində dünya mədəniyyətini ac canavar kimi təpişdirmək istəyən bir bədbəxtdir.”

...Qəfildən qayıtdı ki, çayxanaya çoxları pis baxır, amma yaxşı eləyib gəlirsən bura. Bura yaradıcı adam üçün ibtidai məktəbdir. Mənim yeganə azad “mətbuat orqanım” çayxanalar idi. Bu çayxana maraqsız ədəbiyyat dərslərindən min dəfə maraqlıdı. Burada öyəndiklərinə heç nə çatmaz.

Bəlkə də bu sözləri məndən daha çox taleyin, qəzavü- qədərin üzünə deyir: “ Mən heç vaxt özümə ölümdən qorxmağa icazə vermərəm!”

Taleyin gözəgörünməz qədəhlərinə çox şərab süzmüşdü. Tale, qəzavü- qədər onun qulağına çox şey pıçıldasa da, o, taleyin dediklərinə əməl eləmədi, taleyi məcbur etdi ki, onun dediklərini dinləsin. Hərdən tarix də köpük- köpük buludlar kimi huşsuz olur. Mehdi Bəyazidi tez- tez yaddaşından salıb itirir.

...Qəribə gözləri var idi. Bu gözlərə arabir sayrışan kədər çökmüşdü. Bəlkə də bu kədər ağzı, burnu, saçı kimi anadangəlmə idi. Bu kədər onunla birgə doğulmuşdu və onunla birgə də dünyasını dəyişdi.

Mehdi Bəyazidi ən çox ilkin yaz çağı xatırlayıram- çayxana mövsümü başlayanda. Bir dəfə Baba Vəziroğlu yazmışdı ki, “dünyada çayxana baharından gözəl bir şey yoxdur!” Bu ilki “çayxana baharında” tez- tez Mehdinin həmin o Vahid bağında məni qəfildən söhbətə çəkməyi və sonra qoluma girib Sabir bağına tərəf addımlayaraq şirin- şirin könlümü almağını xatırlayıram. “Sənin yazıların məni dəli eləyib, vallah. İncimə, sən canın. Mən də bu cür tipəm də.”

Onun hardasa qəbrinin olmağı heç cür ağlıma sığmır. İndi daha o çayxana yoxdur, amma hərdən Vahid bağına yolum düşür və ayaq saxlayıb uca çinarların pıçıltısını dinləyirəm. Düşünürəm ki, bu çinarların yarpaqlarını tərpədən yaz mehinin necə qəbri ola bilər?!
# 2977 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #