Fikirlərimi yazan cihaz

Fikirlərimi yazan cihaz
25 avqust 2012
# 08:00
Əslində lap çoxdan yazmaq eşqinə düşmüşdüm. Məktəb illərindən. Hər dəfə ağlımda müəyyən süjetlər qurur, hadisələr uydurur, onlara maraqlı sonluqlar verməyə çalışırdım.

Bir də görürdün dərs zamanı pəncərədən mavi səmaya boylana-boylana fikrim təxəyyülün üfüqlərində qanad çalır.

Oxuduğum bir əsərə, baxdığım bir filmə ya elə evdəcə, dost məclislərində eşitdiyim maraqlı bir hadisəyə özünəməxsus sonluq fikirləşir, ondan təsirlənərək yepyeni bir hekayə yaradırdım.

Əlbəttə, hələlik heç bir cümlə də yazmırdım. Yazmağın təkcə maraqlı sujet qurmaq olmadığını biləcək qədər təcrübəli deyildim.

Beləcə düşünür, düşünür, düşünürdüm.

Amma əlimə qələm alıb yazmağa cürət etmirdim.

Hazırlaşırdım. Uydurduğum yeni bir hadisəni bütün incəliklərinə qədər qururdum. Çox zaman da baş qəhrəmanları özüm oynadığımdan hadisələr mənə o qədər doğma gəlirdi ki, bütün günü təsirdən çıxa bilmirdim.

Evə gəlib üzüqoylu çarpayıya tirlənirdim. Saatlarla yerimdə qovrulurdum. Elə bilirdilər, dərsin yorğunluğudur məni bu dərin yuxuya qərq edən. Mənsə, mənsə yarıyuxulu vəziyyətdə qurduğum o əsrarəngiz aləmdə oyunumu oynayırdım.

Beləcə düşünür, düşünür, düşünürdüm.

Amma əlimə qələm alıb yazmağa cürət etmirdim.

Heç cür özümdə cəsarət tapa bilmirdim. Bəzən qurduğum yeni bir hekayənin təsiri ilə vəcdə gəlir, müştəbehlikdən sufi dərvişlər kimi özümdən keçirdim. Mən bunu yazsam, filankəsdən yaxşı yazaram, bunu belə eləsəm, dahiyanə əsər olacaq.

Belə deyirdim, deyirdim. Amma yazmırdım.

Tənbəllik edirdimsə də buna özünəməxsus dərəcədə haqq qazandırırdım. Şəraitimin olmamasından şikayət edirdim. Yazmaq üçün münasib məkan axtarırdım.

Dəftərxana ləvazimatları mağazalarında qələmlərin ən yaxşısını seçirdim. Dəftərləri tez-tez dəyişirdim. Usta yazarları təqlid etməkdən çəkinmirdim. Məsələn, dəfələrlə dəftər-qələmimi qoltuğuma vurub evimizdən aralıdakı şamlığa gedər, orda rahat bir qaya parçasının dibində oturub yazardım. Mənzərə tanış gəldi sizə, hiss etdim. “Ögey ana” filmi.

Bu təqlidlərin yazı vərdişimin inkişafına kömək edəcəyini düşünürdüm. Lakin olmurdu. Deyirdim kəndə gedib orda yazacam. Kəndə gedirdim. Bir cümlə də yazmırdım. İşıq sönəndə şam işığında yazırdım. Bir abzasdan o yana getmirdi. Evdəkilərdən gizlənib yazırdım. Olmurdu.

Falçılar fal otaqlarını üzərliklə, sümüklə, dini kitablarla, müqəddəslərin şəkilləri ilə, at nalı, canavar pəncəsi, dovşan quyruğu ilə bəzəyib mistik bir ortam yaratdıqları kimi mən də otağımı ədəbiyyata aid olan hər şeylə doldururdum.

Otağı kitablarla bəzəyirdim. Divarda stelajlar (rəflər) düzəldib yanına da bir masa yerləşdirmişdim. Divarları rəsmlərlə bəzəyirdim. Qəzetlərdən kəsdiyim maraqlı ədəbi parçaları otağımda mənə ilham verə biləcək hər bir küncə düzürdüm.

Bəzən diktofon alıb hekayəni danışmaq, sonra üzünü köçürmək fikrinə düşürdüm.

Kiməsə diktə edib yazdırtmağı düşünürdüm.

Kompüter alıb onda yazmağı düşünürdüm.

Hər dəfə bu cür hərdəmxəyal fikirlərə düşür və elədiyim hər bir vasitənin mənə yazmağa ilham verəcəyini zənn edirdim. Hətta bir səfərində gicgahlarıma qoşduqda fikirlərimi öz-özünə yazacaq bir cihaz belə xəyal etmişdim.

Beləcə hər dəfə bundan daha yaxşı imkanım olsun, sonra yazım, kimi çeşidli bəhanələrlə vaxt keçirirdim. Və dərsə (artıq tələbə idim) yalnızca mütailə elədiyim kitabla getdiyim günlərin birində arxa partada qrup yoldaşımdan aldığım qoşa vərəqə özgəsinin qələmi ilə bir yazı yazdım.

Bax elə bu mövzudanca birnəfəsə yazdığım uzun bir etiraf yazısı. Yalnız onda, o yazını yazarkən anladım ki, bir naşıya yazıçı olmaq üçün bəsit yazı vasitələrindən başqa heç bir şey gərək deyil.

Əgər yazacaqsanca, yazıçı olmağa cəsarətin çatacaqsa, sənə qələm və kağızdan başqa heç bir şey gərək olmayacaq. Yox əgər... Onda sənə heç bir şey kömək etməyəcək. Hətta fikirlərini özü köçürdən cihaz belə.

“Ulduz” jurnalı 7-ci sayı
# 1607 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #