“Çörək davası”nda unutduğumuz Günel

“Çörək davası”nda unutduğumuz Günel
8 iyun 2020
# 12:31

Pedaqoji universitetin 3-cü kurs tələbəsi idi... Ödənişsiz oxuyurdu, heç bir kəsri yox idi, nümunəvi tələbə idi... Ay parçası kimi qız!

Tələbə yoldaşları deyir ki, istəmədiyi adamla evlənməyə məcbur edildiyi üçün intihar edib.

Valideynləri “Vağzalı” sədaları altında basdırıblar... Nə fayda? Günel getdi... Babalarımızın köhnə çuxası kimi nə geyinə, nə də ata bildiyimiz adətlərin bədbəxt etdiyi daha bir mələk...

Təbii ki, valideynləri hazırda çox peşmandır, çox! Bilsələr ki, Günel qayıdar, hər şeyə razılaşar, bütün iddialarından əl çəkərlər. Amma fələyin qanunları müzakirə olunmur, təəssüf.

Başımız çörək davasına qarışdığından Günelin intiharı “Manqurt”dakı “Nayman ananın yaylığı” kimi kədərlə Bakı küləyində uzaqlaşdı şəhərdən - şikəst uşaqlar kimi axsaya-axsaya!

Nə qədər bəd əməl olsa da, o qızın diqqət çəkmək, qurtulmaq üçün atdığı son addımı da dərin bir boşluğa düşdü... Onun bədəni kədərlə soyuyanda biz böyük marketlərdə təngnəfəs çörək axtarırdıq.

Kimin üçün axıdırıq o təri? Yetişib cəmiyyətin əlindən tutacaq yaşda balalarımız özlərini göydələnlərdən atırsa...

Viruslar, karantinlər gəldi gedərdi... Gec-tez keçib gedəcək. Balalarımızın ürkək hülqumuna ilişmiş nalayiq adətlər isə hələ də can almaqda...

Bir də, cinayət məcəlləsində 125-ci maddə var, “özünü öldürmə həddinə çatdırma”... Təyin olunduğu hadisənin qurbanları kimi çarəsiz bir maddə... Əminəm ki, bu maddə effektiv tətbiq olunsa, bəzi valideynlərin gözü qorxar, özlərini övladlarının ağası yox, əzizi sayar.

Günel Nağıyevanın ölümü ilə bağlı da eyni maddə ilə cinayət işi açılıb. Nəticəni gözləyək...

Bu məşum hadisədən “nəticə çıxaraq”, demək də adamdan vicdansızlıq istəyir.

Bircə Günelin bizdən uzaqlaşmaqda olan təbəssümünə baxıb növbəti qurbanımıza əl sallaya bilərik.

“Günel, Elinaya salam de... Bir də, de ki, şəhərdə göydələnlərin tikintisi davam edir. Başqa təbəddülat yoxdu...”

# 6631 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #