Zibili çıxmasa yaxşıdır

Vüsal Bağırlı

Vüsal Bağırlı

12 dekabr 2021
# 11:00

Dəli küləyin şıltaqlığı…
Badi-Kubə, küləklər şəhəri.
Əsər bu küləklər,
Beynimin küçələrində,
Əsər bu küləklər,
Saçımın hər telində

Ulucay Akif

Pəncərədən baxırdım. Bayırda dəli külək əsirdi. Toz-torpağı küçələrdən, səkilərdən sovurub paytaxt sakinlərinin üz-gözünə çırpırdı. Ağıza-buruna dolub, dişlərin arasında xırçıldayır, bəbəklərə nüfuz edib həssas göz qişasını qıcıqlandırırdı.

Bu dəm, dayancaqdakı arıq, nərmənazik qız diqqətimi cəlb etdi. Onun incə, kövrək silueti azğın külək fonunda qəribə, köməksiz təsir bağışlayırdı. Plaşının ətəyi havaya qalxıb yellənsə də, kapüşon altında qalmış simasını, solğun bənizini dəqiq sezə bilmirdim.
O, çaşqın halda küləyin ən gur yerində dayanmışdı. Sağa-sola boylanırdı. Sanki kimdənsə kömək umurdu, ya da haradansa tutmaq, yapışmaq üçün özünə dayaq nöqtəsi axtarırdı. Elə bil “birdən külək məni aparar” düşüncəsiylə, yerindən tərpənməyə, addım atmağa tərəddüd edirdi.
Hələ yağış başlamasa da, o, nəyə görəsə əlindəki çətiri elə hey açmağa çalışırdı. Lakin, şiddətli hava axını buna hər vasitə ilə mane olurdu. O, qızı yorurdu, qısnayırdı, öz əsirinə döndərirdi.

Lakin qız da, qərarsız halıyla, çıxış yolu axtarmaqda israrlıydı.

Nəhayət, qız əvvəl-axır çətiri açıb başına tutmağa müyəssər oldu və bu an külək qəflətən elə cövlan etdi, elə əsdi, elə mərəkə qopardı ki, zavallı qız əlindəki çətirlə birlikdə karusel kimi fırlanmağa, “rəqs” etməyə başladı.
Sonra külək yavaşıdı, hiyləgər yolla qızı aldatdı.
Qız çətiri başı üzərinə qaldırdı və səhvə yol verdi. Külək şığıyıb cəld çətirin içinə doldu, onu qəzəblə üfürdü, qızın gücsüz, zəif qollarını qaldırdı. Çətir havaya qalxıb göyə milləndi. Əgər həmin an külək çətiri qırıq-qırıq edib, yararsız zibil parçasına çevirməsəydi, qızın çətirlə birgə havaya qalxıb uçacağı şübhəsiz idi.

***

Bir neçə gün bundan əvvəl Türkiyədə bu vaxtacan rast gəlinməyən güclü külək qalxdı, tufan qopardı. Qeyri-adi olay insan təlafatıyla nəticələndi, dağıntılar baş verdi.
İstanbul meri Əkrəm İmamoğlu öz Feysbuk səhifəsində video-paylaşım edərək fövqəladə vəziyyət zamanı əziyyət və zərər çəkən insanlara səbir dilədi, onlara kömək edənlərə təşəkkürünü bildirdi.
Şəhər merinin paylaşdığı həmin videoda nə görürük?
Arxası qutulu dörd onlayn xidmət motosikleti ard-arda düzülüb, dəhşətli küləkdə Bosfor körpüsünü adlamağa cəhd edirlər. Sifarişlə ünvana qida daşıyırlar.

Lakin şiddətli hava axını hərəkətə qəti inadla mane olur. Küləyə qarşı gedən motosikletlər əvvəl yırğalanırlar, ləngər vururlar. Sonra tarazlığı itirib, yıxılma, aşma həddinə çatırlar. Ölüm təhlükəsi bir andaca onları yaxalayır. Beləcə, vəziyyət çıxılmaz hal alır.

Bu zaman, körpünün üzərində iki avtobus peyda olur. Avtobuslar hər iki tərəfdən yaxınlaşır, motosikletləri əhatəyə alırlar və küləyin onları tutmasına aşırmasına imkan vermirlər.

Beləcə, əsl fədakarlıq nümunəsi, təmənnasız yardım örnəyi ilə insan həyatı xilas edilir.

***

Bəli, hamımız bilirik...

Bakı – “Badi Kubə”, küləklər şəhəridir.

Bineyi-qədimdən Bakı dəli xəzrinin, qaynar gilavarın oylağı olub. Burada, azad cövlanla külək insanları çəpinə yeriməyə, göyərmiş əlləri cibə dürtülməyə vadar edir, ağacları əyir yanpörtü bitirir, yağan qarı küncə-bucağa doldurub yerdə qalmasına imkan vermir, ən isti, qalın geyimlini belə bum-buz soyuğuyla üşüdür.

Amma, son zamanlar, onsuz da, bədniyyəti, çılğınlığı ilə ad çıxarmış Bakı küləyinin şiddəti, azğınlığı bütün etalonları birə-beş aşıb. O, quduzlaşaraq get-gedə başqa forma, fərqli xarakter almaqdadır.

Fikir vermisinizsə, əvvəlcə, havalar mövsümə görə qeyri-adi durğun, anormal dərəcədə isti və bürkü keçməyə başlayır. Havaya şübhəylə baxıb, elə “bunun bir zibili çıxmasa yaxşıdır” deməyimiz bəsdir ki, o dəqiqə operativ məlumat saytlarında, xəbərlər buraxılışlarında qəribə informasiyalar dolaşmağa başlayır.

Sinoptiklər idarəsi təcili həyəcan təbili çalır. FHN xəbərdarlıq edir:

“Yaxın günlərdə güclü külək gözlənilir. Təhlükəsizlik naminə ciddi zərurət olmadan belə havalarda bayıra çıxmamağı tövsiyə edirik. Əgər güclü külək sizi küçədə, açıqlıqda haqlayıbsa, yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edin, zirzəmilərdə yaxud möhkəm tikililərdə daldalanmağa çalışın”.

Daha bir necə gün keçir və hər şey söylənildiyi, proqnoz edildiyi kimi də cərəyan edir. Bir dağıdıcı proses, bir vur-çatlasın başlayır, gəl görəsən.

Külək uğuldayır, vıyıldayır, qorxunc, vahiməli səslər çıxarır, ağaclar binaların üstünə aşır, budaqlar qırılıb avtomobillərin üzərinə düşür, novostroykalardan, yarımçıq tikililərdən insanların başına daş-kəsək qırığı tökülür, dəmir-dümür yağır.

Fəqət yuxarıda sadalanan bütün qəribəliklərə baxmayaraq, bunun niyə belə olduğunu, nədən belə qaynaqlandığını, vəlvələdənmi, ekoloji pozuntudanmı, yaxud iqlim dəyişikliyindənmi baş verdiyini nə mütəxəssis, nə sinoptik, nə də ekspert səviyyəsində hələ ki, dəqiq-dolğun izah edən olub.

Görünən isə budur ki, Amerika filmlərində gördüyümüz qorxunc tornadoların, kamazları, tırları, hətta iri cütdırnaqlı heyvanları belə caynağına alıb havaya sovuran qarısğaların, tufanların tezliklə yanımızda, yaşadığımız şəhərdə baş verəcəyi gün çox da uzaqda deyildir.

# 2702 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #