Boran, tufan, cəhənnəm

Vüsal Bağırlı

Vüsal Bağırlı

5 yanvar 2022
# 10:00

Kulis.az Vüsal Bağırlının "Bakının qar intizarı" adlı yazısını təqdim edir.

Qışın oğlan çağıdır. Yenə, səhər acıqlı və əsəbi halda işə gedən, axşam yorğun-arğın, hirsli evə qayıdan qara-qura insan siluetləri hər yerdə, nəqliyyatda, metroda, küçə və prospektlərdə soyuq və qaranlığın acı təsirindən büzüşür, bikef və qəmli görünürlər.

Ağır, dərdli fikirlərin qarşısıalınmaz təsiri onların qamətini əyir. Hər tərəf və hər kəs tünd, yorğun məcazlığa, qəmli-qüssəli ahəngə və rəngə tabe olur.
İnsan orqanizmi hər vəziyyətə öyrənir, adaptasiya olunur, uyğunlaşır. Həmçinin qışa, soyuğa və qaranlığa da...

Yağışlı-qarlı küçələr, tünd siluetlər, işıqsız tinlər, qatı zülmətə bürünmüş məhəllələr. Hər yan darıxdırıcı və qüssəli.

Belə vaxtlarda ürəklər bəzən ümidsizliyə, düşüncələr bədbinliyə meyl edir. İnsanlar artıq gələcək haqqında deyil, xəstəlik, qocalıq və ölüm haqqında düşünürlər.

Qışın gəlişi, yəni dekabrın iyirmi birindən sonrakı günlər mənim üçün üfüqdə bərq vuran nikbinlik parıltısıdır. Çünki həmin andan başlayaraq, günlər asta templə, həzin-həzin, qıdı-qıdı uzanmağa doğru gedir, gecələr tədrici ardıcıllıqla qısalmağa başlayır.

Həmin gündən, Yer planeti Günəş ətrafında saniyədə 30 kilometr, saatda 107 kilometr sürətlə nəhəng yarım dövrəyə start verir, döngəni, istiqaməti kəskin dəyişir, bahara, işığa, həyata doğru yürüyür.

***
Bildiyiniz kimi son dövlər qış fəsli Bakıda olduqca mülayim keçir. Şaxtalı, sazaqlı günlər, demək olar ki, gözə dəymir, ən əsası, qar yağmır. Əvvəllər, şübhə ilə yanaşsam da, havaların qlobal miqyasda istiləşməyə doğru istiqamətlənməsi ilə bağlı xəbərlərə, indi get-gedə daha çox inanmağa başlayıram.

Düzdür, havaların soyuması, qarın yağması, küçələrin buz bağlaması ilə artan şəhər problemləri fonunda böyüklər bərk qayğılanıb, narahat olsalar da, uşaqlar qar həsrətindədirlər. Onlar küçələrdə, həyətlərdə kirşəyə minib sürüşmək, qar adamı düzəltmək, qarla bolluca əylənmək istəyirlər. Onlar qışın gəlişini səbirsizliklə gözləyirlər. Onlar əsl qış üçün darıxırlar.

Hər qış ərəfəsində, təxminən noyabrın axırları, dekabrın əvvəllərində, qızım gözüyaşlı yanıma qaçır, “ata, bəs görəsən bu il qış bizə nə vaxt təşrif buyuracaq, qar nə vaxt yağacaq, biz nə vaxt məktəbin arxa həyətinə düşüb orada qar adam düzəldəcəyik?” deyir. Sonra da düz gözlərimin içinə baxaraq, məndən düz-əməlli cavab gözləyir.

Mən hər dəfə ona, “darıxma, hələ qış qabaqdadır, Qar Kraliça yəqin, Bakıya da qar gətirər!?” cavabını verirəm. Qızım da hər dəfə, “ata, söz verirsən ki, qar yağacaq?” kəlməsi ilə məni çətin vəziyyətə salır. Naəlac, bu çətin vəziyyətdən can qurtarmaq ümidiylə tələsik, “hə əlbəttə söz verirəm, qar yağacaq, mütləq yağacaq” deyirəm və ikimiz də həmin vaxtdan etibarən ümidlə gözləməyə başlayırıq. Sonra fikirləşirəm ki, əvvəlki illər olmasa da, heç olmasa bu il yəqin qar yağar və mən də sözümü tutmuş olaram.

Nəhayət həmin gün gəlib çatır. Televiziyalar, saytlar “havaların ifrat təhlükəli şəkildə kəskin” dəyişəcəyi ilə bağlı müxtəlif tipli xəbərdarlıqlar etməyə başlayırlar. Sinoptiklər öz hidrometeoroloji (adamın dili də dönmür) məlumatlarında sabah üçün qarın yağması ehtimalını olduqca yüksək dəyərləndirirlər.

Və biz nəhayət şiddətli qarın lap indilərdə başlayacağı, hər tərəfi bəmbəyaz, həzin səssizliyə bürüyəcəyi intizarına yetişirik

Sevinməyə başlayıram. Qızıma, Nurayıma “gəl həyətə düşək, qartopu oynayaq” deyəcəyim anı düşünürəm, həmin epizodu xəyalımda canlandırıram. Səbirsiz fərəh hissi qəlbimi bürüyür, məni həyəcanlandırır. Riqqətə gəlirəm.

Hətta, gecə qəribə yuxu da görürəm. Görürəm ki, hədsiz soyuqdur. lopa, narın qar dənələri havada süzərək ağır-ağır fırlanır, tənbəlcəsinə üzərimə ələnir. Mən qızımın əlindən tutub bir az hündürdə yerləşən bəyaz təpəciyə tərəf boylanıram. Ona barmağımla həmin təpəcəyi göstərib, - “qızım bax, görürsən nə qədər qar yağıb, gedək orada sürüşək, doyunca qartopası oynayaq” - söyləyirəm. Qızımın isə sevincinin həddi hüdudu yoxdur. O şadlanır, əl çalır. Qarsa dayanmadan, azalmadan elə hey yağır, yağır.

Birdən, yuxunun lap şirin yerində, bizim həzin məqsədimizə çatdığımız, təpəciyə yetişdiyimiz an qəribə hadisə baş verir. Yüksəkliyin tən zirvəsində, hardansa Göygöz Kosa peyda olur. O, mənfur sehrli baxışı ilə bizim oraya qalxmağımıza, təpəyə dırmaşmağımıza əngəl olmağa çalışır. Kosa əlindəki ucu əyri qorxunc çubuğunu irəli uzadır: “Gəlin, indi mən burda elə cəhənnəm düzəldim ki!?” – deyir.

Külək şiddətlə üstümüzə hücum çəkir, ulayır, uğuldayır, çovğun qar göz açmağa imkan vermir, ağıza-buruna dolur, şaxta qılınc kimi kəsir. Lakin, biz yenə inadla hündürlüyə tərəf dırmanmağa davam edirik. Göygöz Kosa daha da qəzəblənir, ayaqlarını yerə döyür və qışqırır: “Boran, tufan, cəhənnəm”. Onun kinli gülüşü zülmətə bürünmüş qorxunc dağlarda, qaranlıq dibli dərələrdə əks-səda verir.
Bu dəm mən qan-tər içində yuxudan ayıldım. Külək bayırda hiddətlə, şiddətlə vıyıldayır, eyvandakı dəmir vedrəni taqqıldadırdı. Cəld pəncərəyə yaxınlaşıb həyətə boylandım.

Lakin qorxunc, həyəcanverici proqnozlara rəğmən çöldə daha çox, payızın ortalarında rast gəlinən, şəhər sakinləri üçün isə adidən də adi qarşılanan, bir az yağmurlu, çiskinli, azacıq küləkli, qarsız, boransız, rütubətli hava şəraiti hökm sürürdü.

Paytaxt yenə də qarsız qalmışdı…

# 2892 dəfə oxunub

Müəllifin son yazıları

# # #