Mövqeyini pomidor-yumurtaya satan gənc yazarlar 

Mövqeyini pomidor-yumurtaya satan gənc yazarlar 
5 may 2022
# 13:40

Kulis.az Vüqar Babazadənin "Sən də mi, Brut?" adlı yazısını təqdim edir.


Utanc

Bir insanı necə utandırmaq olar? – deyə çox düşündüm, çox daşındım. Axırda belə bir nəticəyə gəldim ki, bir insanı utandırmaq istəyirsənsə, onu yaxşı tanımalısan. Əgər utandırmaq istədiyin insanı yaxşı tanımasan, onu utandıra bilməyəcəksən. Onun zəif nöqtələrini bilməlisən, hardan və necə vuracağını dəqiqləşdirməlisən ki, utandırmaq məqamı gələndə təntiməyəsən.

Kimisə tərbiyə etmək üçün ən yaxşı vasitə həmin adamı utandırmaqdır. Kimisə təhqir etmək üçün də ən yaxşı üsul onu utandırmaqdır. Bu bacarığa sahib olmaq üçün utandırmaq istədiyin adam haqqında çox şeyi bilmək məcburiyyətindəsən.

Bu yazının istinad nöqtələri olan adamları bir-bir tanımasam da, ümumilikdə əksəriyyətini tanıyıram. Ona görə də onları yaxşıca utandırıb, tərbiyələndirmək imkanı əlimə düşmüşkən, bunu fövtə verməyim günah olardı. Sevdiyin adamları utancverici situasiyalarda görəndə, istəyirsən ki, sən də onları utandırasan. Potensialları olan adamları əzik şəkildə tapanda, istəyirsən ki, onlara bunu edən adamları da utandırasan. Əlqərəz, əl əli yuyar, əl də üzü. Mən utanmışam onların yerinə, istəyirəm ki, bir az da onlar utansınlar mənim yerimə.

Pomidor yumurta ədəbiyyatı, Cavad Rəcəbov və digər məsələlər

Yəqin, hamınız bu lətifəni bilirsiniz. Bir gün dəlixanadan hansısa dəli evə məktub yazır ki, burda hər şey yaxşıdır. Özümü çox xoşbəxt hiss edirəm. Müdirimiz əla insandır. O, dəlixanaya hovuz da tikdirib. Hər gün hovuza girib-çıxırıq. Müdirimiz deyir ki, özünüzü ağıllı aparsanız hovuzun içinə su da tökəcəyəm.

Bu yaxınlarda da bir avtobus gənc yazarı yığdılar apardılar Qubaya şellənməyə. Festival adı ilə. Üstəlik, Beynəlxalq festival adı ilə. Açığı, mən bu festivalın nə qədər Beynəlxalq olduğunu bir az araşdırdım. Araşdırdım deyəndə, çox pafoslu çıxır. Sadəcə “Google”a Beynəlxaq Silk Way ədəbiyyat festivalı yazdım, bizim media xəbərlərindən başqa heç nə çıxmadı. Kəsik-küsük ingilis dilimlə də götürdüm yazdım ki, “International Silk Way Literature Festival”. Yenə heç nə tapa bilmədim. İndi əziz Varis müəllimin haqqına girməyək, ola bilsin ki, mən yaxşı araşdıra bilmirəm və həqiqətən də, bu festival Beynəlxalqdır, bütün özünə hörmət edən ölkələrdə də bir qrup gənc yazarı yığıb, gəzməyə aparırlar. Ümid edirəm ki, belədir. Əgər belə deyilsə, bu nə söhbətdir, çox maraqlıdır. Məsələnin bu tərəfinin elə də bir əhəmiyyəti yoxdur, bilmədiyim sularda üzməyim düzgün deyil. Yalandan deyə bilmərəm ki, bu festivalın təşkilatından nə qədər pul mənimsənilib, nə qədər pul yeyilib, nə qədər pul rüşvət olaraq alınıb və verilib. Bəli, bu söhbətlər mənlik deyil. Kiməsə iftira atmaq ən çirkin əməllərdən biridir.

Festival başlayanda şərtlərdə belə bir müddəa vardı ki, iştirakçılar gündə üç dəfə qida ilə təmin olunacaq. Bu söhbət mənə yuxarıda danışdığım lətifəni xatırlatdı. Özünüzü ağıllı aparsanız, sizə nəinki qida, hətta pivə, yanında da noxudla düşbərə də verəcəyik.

Adamın üstündə Allah var, mən də bir qələt edib müsabiqə başlayanda bir hekayəmi ora göndərdim. Fikirləşdim ki, nə qədər gileylənmək, narazılıq etmək olar? Adamlar təşkil ediblər, üstəlik, beynəlxalq səviyyədə təşkil ediblər. Dedim ki, mən də bir şansımı yoxlayım. Nə biləydim ilk başdan belə şeylər olacaq? Hər kəs səhv edir, yolun əvvəlindən də geri dönmək xeyirdir. Və nə yaxşı ki, çox şükür məni seçmədilər. Əvəzində yaxın dostlarımı, qardaşlarımı, bibi oğullarımı yığıb apardılar.

Uşaqlara səhərlər pomidor-yumurta verirmişlər. Pomidor yumurta ilə bir qərəzim yoxdur. Ən çox sevdiyim yeməklərdən biridir. Məni o utandırdı ki, özlərinə hörmət edən, potensialları olan dostlarım bir qarın pomidor-yumurtaya görə mövqelərini dəyişdilər, prinsiplərində əl çəkdilər. İnsafla, adam satılanda da gərək elə şeyə satılsın ki, xatırlananda hörmətlə xatırlansın. Adam da heç pomidor-yumurtaya satılar, ay mənim, dəyərli gənc yazar dostlarım? Varis müəllim sizi necə bir tava pomidor-yumurtaya satın ala bildi? Pomidor-yumurtanı çörəklə sürtəndə nə üçün yumurtanın içinə düşüb, sonradan yeməkdə adamın qabağına çıxan balaca yumurta qabığı sizin vicdanınızı çərtmədi?

Fəlsəfədə belə bir fikir var ki, əgər bir arqument doğrudursa, ondan doğan kiçik arqumentlər də doğrudur. Əgər bir arqument yanlışdırsa, ondan doğan kiçik arqumentlər də yanlışdır. Misalçün, əgər bir maşın qəzası baş veribsə bu yanlışdır. Bu halda ondan doğan kiçik səbəblər də, misalçün adamların həlak olmağı, hansısa obyektə zərər gəlməsi, hansısa ağacın aşmağı, asfaltın pis vəziyyətə düşməyi, qəzaya görə tıxacın yaranması da yanlışdır, yəni pisdir. Çünki maşın qəzası pis hərəkətdir. Ondan doğan səbəblər də sorğulanmadan pis hərəkət sayılır.

Uşaqlar da özlərini müdafiə etmək üçün başladılar ki, biz Bakıdan qıraqda bir neçə gün dincəlməyə getmişdik, dostlarımızla bir yerdə, təbiət qoynunda vaxt keçirməyə yollanmışdıq, bunun prinsipcə reputasiyaya heç bir ziyanı yoxdur və sair və ilaxır. Əzizlərim, sizin üçün bir daha təkrarlayıram. Əgər bir arqument yanlışdırsa, deməli ondan törəyən kiçik arqumentlər də yanlışdır. Sizin Qubaya getməyiniz ən başdan yanlışdır. Bundan sonra ay nə bilim elə şey yoxdur, biz dincəlirdik dostlarda-zad, bu artıq fuflo söhbətdir. Bu fikirlər sorğulanmadan yanlışdır və qəbuledilməzdir. Adam pomidor-yumurtaya, saunaya, türk hamamına satılmaz. Özünün satıla bilməyini hardasa başa düşmək olar, amma ədəbiyyatı gərək satmasın.

Niyəsə heç bir bağlılığı olmadan bu festival mənə aparıcı Nanənin verilişini xatırladırdı. Bizim dost-tanışlar da Cavad Rəcəbovu. İnsafla Cavad Rəcəbov da yaxşı müğənnidir. Amma hind mahnıları, “dum, çık, tıs” məzmununda mahnılar oxumasa... Hər halda, Cavad Rəcəbov öz sənətini bir tava pomidor-yumurtaya qurban verməz.

Giley-güzar

Məni dəhşətə gətirən çoxlu məqamlar var. Hansı ki, 2000-ci illər ədəbi nəslindən sonra ortada düz-əməlli nə yazıçı var, nə publisist var, nə esseist var, nə də şair. Nə qədər olar Seymurun, Ələkbərin, Zamin Hacının, Aqşinin, Günel Mövludun, Şərif Ağayarın, Qismətin – ümumiyyətlə, həmin nəslin yazıçılarının yazılarını, romanlarını, hekayələrini, esselərini, şeirlərini oxumaq? Biz yəni 20-30 yaşlarındakı nəsil onlardan sonrakı nəsilik. Nə üçün Zamin Hacı, Ələkbər, Seymur ayaqlarını uzadıb onlardan sonra gələn nəslin esselərini, romanlarını, şeirlərini və hekayələrini oxumasınlar? Artıq onlar da yorulmayıbmı? Biz onlara öz yeni ideyalarımızı, yeni fikirlərimizi təlqin etməməliyikmi? Divara dirəməliyik. Onlar bizi oxuyanda mat qalmalıdırlar. Oxu tam hədəfə vurmalıyıq. Şaşırmalıdırlar, təəccüblənməlidirlər. Onlara göstərməliyik ki, biz onlardan daha yaxşı yazırıq, daha iddialıyıq, yaxşı mənada bizim paxıllığımızı çəkməlidirlər. Daha informativ və daha çevik, tənqidi düşünməli, hər şeyin yenisini, ilkini edib, onların ağzın açılı qoymalıyıq. Ki, baxın biz sizdən daha yaxşıyıq. Artıq bəsdirin, siz çəkilin dincəlin, gedin 1000 səhifəlik roman yazın, imkan verin biz davam edək. Onlar zorla da olsa, məcburi də olsa bizi öz çevrələrinə təqdim etməlidirlər.

Bunu biz etməliyik. Amma biz nə edirik? Hansısa imkanlı rayon yazıçısının otelində AYB xətti ilə əzilə-büzülə, sıxıla-sıxıla pomidor-yumurtaya görə, qiymətli hədiyyələrə görə reputasiyamızı, kristal imicimizi satırıq. O yazıqlar da görür ki, ortada düz-əməlli, prinsipləri olan gənc yoxdur, məcbur olur, bizim etməli olduğumuz şeyləri, bizim deməli olduğumuz sözləri yenə də deyirlər.

Ar olmazmı bizə? Qazlar Romanı öz səs-küyü ilə xilas ediblər.

Bu arada Mehdi Dostəlizadə ilə işim bitməyib. Burdan ona bildirmək istəyirəm ki, səninlə ayrıca haqq-hesabım qalır, cocuq. Hər kəsdən gözləyərdim, səndən yox, tfu, ar olsun sənə.

# 3165 dəfə oxunub

Müəllifin son yazıları

# # #