"Turan" adlı tank istehsal edən macar nazir - Vilayət Quliyev yazır...

"Turan" adlı tank istehsal edən macar nazir - Vilayət Quliyev yazır...
12 avqust 2021
# 11:02

Kulis.az azərbaycanlı diplomat, ədəbiyyatşünas Vilayət Quliyevin macarıstanlı siyasət adamlarının Türkiyə, Turan ideyası barədə fikirlərindən ibarət qeydlərini təqdim edir.

Macar Turan Cəmiyyətinin qurucularından biri qraf Pal Teleki idi. (1879-1941) Macarıstan EA-nın həqiqi üzvü, iki dəfə baş nazir, iki dəfə xarici işlər naziri olmuşdu.

Macarıstan Krallığının regenti Xortinin Hitlerlə birlikdə Yuqoslaviyanın işğalında iştirakına etiraz əlaməti olaraq baş nazir ikən həyatına intiharla son qoymuşdu. O, 1913-cü ildə Cəmiyyətin nəşr etdiyi "Turan" jurnalında yazırdı:

“Bir coğrafi anlayış olaraq ortaya atılan Turan çox tez-tez Türklüklə bərabər tutulur. Əslində bu yanaşma tərzi çox da əsassız sayılmamalıdır. Çünki bu gün bizim Turan adlandırdığımız bölgələr antik dövrlərdə həmin yerlərdə fərqli xalqların məskunlaşmasından, hətta bu gün də fərqli xalqların yaşamasından asılı olmayaraq gerçək mənada özünün ən parlaq dövrünü Türklüyün meydana çıxması ilə təsdiq etmişdir”.

Pal Teleki ikinci dəfə baş nazir olduğu dövrdə (1939-1941) macar hərbi sənayesi "Turan" adlı yüngül döyüş tanklarının istehsalına başlamışdı.

Macar yazıçısı, Macarıstan EA-nın müxbir üzvü, professor Dyula Pekar (1867-1937) Turan Cəmiyyətinin 16 noyabr 1916-cı il tarixli toplantısındakı "Turançılıq tədqiqlərinin əhəmiyyəti" adlı məruzəsində deyir:

Macar, Türk və Bolqar... Biri-birinə yaxın olan bu üç xalq artıq yenə birlikdə addımlamaqdadır. Bir zamanlar Volqa üzərindəki böyük Macarıstanda da birlikdə idik. O torpaqları da bir yerdə fəth etdik. Orada birlikdə yaşadıq. Hətta bəlkə də eyni dildə danışdıq. Sonra birdən bu üç qardaş üç ayrı səmtə üz tutdu.

Müqəddəs Turul quşunun qanadları altından birlikdə çıxdılar. Əcəba, görəsən ayrılarkən “Min il sonra görüşərik” – deyə bir-birlərinə vədə verdilərmi?

Macar Atillanın mirasını axtarmağa başladı. Qarlı Karpat dağlarını arxada qoydu, özünə yeni yerdə yurd saldı. Bolqar Qara dəniz sahillərindən Balkanlara üz tutdu. Qarşısına çıxan slavyanları məğlub etdi. Amma özü də yaralandı. Sonda dilini və dinini itirsə də, şəxsiyyətini itirmədi. Qəhrəman turanlı olaraq qaldı.

Üçüncü qardaş Türk idi. O da Şərqə tərəf yol aldı. Qafqazın quşqonmaz zirvələrindən aşdı, Bizansı yendi. Məscid minarələrinə ay-ulduzunu həkk edib qələbəsini dünyaya yaydı. Amma sonra bilgisizlikdən doğan bir mübarizə başladı. Bu üç qardaş biri-birlərini tanımadan, öyrənmədən necə savaşa girdilər? Aradan qan-qada dolu min il keçdi. Dünya alt-üst oldu.

Nəhayət gözlənilən möhtəşəm an gəlib çatdı. Qardaşlar bir-birlərini tapdılar. İndi birlikdə olmağın sevincini yaşayırlar” .

# 2280 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #