Yazıçıların tribunası

Yazıçıların tribunası
4 aprel 2024
# 10:31

Bu gün onlayn ədəbiyyat və mədəniyyət dərgisi "Kulis"in 13 yaşı tamam olur.

Kulis.az bu münasibətlə oxucuları, müəllifləri təbrik edir və Ülvi Bahadırın "Ən gözəl il" adlı yazısını təqdim edir.

"Kulis"i elə yarandığı ildən oxuyuram. Onda hələ məktəbli idim. Balaca, ucuz telefonum vardı. Hər həftə ustaya aparırdım.

Hər gün tənəffüsdə İnformatika otağına gedir, ustufca komputeri açır və "Kulis"ə daxil olurdum. Başlayırdım acgözlüklə yazıları oxumağa.

Açığı, çox vaxt məni xilas da eləyirdi. Məsələn, müəllim hansısa əsərdən sual verəndə, ya da oxuduqlarımızdan danışmağımızı istəyəndə, ordakı yazılardan yadımda qalanları danışırdım.

Və tale elə gətirdi ki, acgözlüklə oxuduğum saytda işə başladım. Ulucay yazdı. Dedi, filan-filan işləri görəcəksən, istəsən, gəl.

Əlbəttə, hər bir rayonlunun yaşadığı o mənasız problemlə mən də rastlaşdım. Ev tapa bilmədim. İş də getdi, ip də.

Üstündən üç ay keçəndən sonra Ümid Nəccari yazdı ki, bəs belə-belə. Birtəhər ev tapıb, üz qoydum şəhərə.

Bakı bəzi adamların bataqlığı olub, bəzilərini də bataqlıqdan çıxarıb. Məndə də ikisindən biri olacaqdı.

Şəhərə hardansa gələndə adam özünü qəribə hiss eləyir. Elə bil nəsə ayıb iş tutmusan, hamı sənə baxır.

Tez-tez üst-başına baxırsan ki, birdən palçıq-filan olar. Nə bilim, saçını düzəldirsən ki, birdən vız-vız durar.

Nəsə, ünvanı birtəhər tapdım. Əvvəllər çox narahat olurdum xəritə məsələsinə görə. Elə bilirdim ki, dünyada xəritə ilə ünvan axtaran yeganə adam mənəm.

Səssizcə oturub gözləməyə başladım. Gözlə ha gözlə... Gözlə ha gözlə... Demə, iki saat tez gəlmişəmmiş.

7 aprel 2023-cü il. Zarafat deyil, 3 gün sonra bir il olacaq. Bu bir il həyatımın ən gözəl illərindən biri oldu.

Hər gün onlarla mətn oxumaq, nə vaxtsa İnformatika otağında yazılarını oxuğum adamlarla görüşmək, ünsiyyətdə olmaq, yeni şeirlərini, hekayələri oxumaq, sayta yerləşdirmək...

Həyatım boyunca ilk dəfə ədəbiyyatla bu qədər iç-içə oldum. Bu qədər dərindən hiss elədim mətni, yazını...

Gələcəkdə xatırlayacağım gözəl günlərin çoxunu bu bir ildə yaşadım...

"Kulis" hər müəllifinə, hər oxucusuna görə dəyərlidir. "Kulis" müəlliflərin tribunasıdır.

Bu 13 ildə "Kulis"də ən gözəl hekayələr, şeirlər yayımlanıb. Bu dərginin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə xidməti danılmazdır.

Bizə yazdığınıza görə təşəkkürlər. Bizi oxuduğunuza görə təşəkkürlər..

"Kulis" ədəbiyyatın, mətnin, sözün bələdçisidir.

Yolumuz aydın, ümidlərimiz tükənməz olsun!

# 2157 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #