“Vətən daşı... və ya 44 günün dastanı” layihəsində çəkilmiş 4 filmin nümayişi keçirildi

“Vətən daşı... və ya 44 günün dastanı”  layihəsində çəkilmiş 4 filmin nümayişi keçirildi
20 dekabr 2023
# 18:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası 20 dekabr 2023-cü il tarixində saat 14:00-da Nizami Kino Mərkəzinin böyük zalında “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş növbəti 4 filmin nümayişini keçirib.

Layihənin rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova nümayişlə bağlı fikirlərini Kulis.az-la bölüşüb:

"Redaksiyamız 25 il bundan qabaq fəaliyyətə başlayıb. Demək olar ki, şəhidlərimiz haqqında 20-dən çox ensklopedik kitabın nəşrinə nail olmuşuq. Yaxında yeni seriyamıza başlayırıq. Onlar haqqında yeni qısametrajlı filmlər çəkiləcək. Bu vaxta qədər 8 film çəkmişik. 4-ü artıq ictimaiyyətə təqdim olunub. 4-ü də bu gün təqdim olunur. Amma işimiz bununla bitmir. Əsir və girovlarımız haqqında da yazılarımız çap olunur. Artıq 4 cildimiz işıq üzü görüb.

Nəzakət Məmmədova bundan sonra görüləcək işlər haqqında da məlumat verib:

"Biz ənəniməzə sadiq qalaraq əlifba sırası ilə işləyirik. Ağdam, Ağcabədi, Ağstafa, Ağsu şəhidləri haqqında kitablar təqdim olunub. 44 günlük savaşda şəhid olanlar haqqında 2 cildimiz çap olunub. 3-cü 2024-cü də nəşr olunacaq.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir."

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Qeyd edək ki, Respublika Xatirə Kitabı redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

Ülvi Bahadır

# 759 dəfə oxunub

Müəllifin son yazıları

# # #