Turalı qətlə yetirən Ruslan niyə peşman deyil?

Turalı qətlə yetirən Ruslan niyə peşman deyil?
26 aprel 2023
# 21:00

Kulis.az Ülvi Bahadırın “Kürəyimizdəki bıçaq” adlı yazısını təqdim edir.

Dünən işdən evə gələndə qəribə bir hadisə ilə rastlaşdım. Arxa küçələrin birində səs-küy idi. Adətən səs-küydən qaçsam da, keçmişdən gələn bir səda məni hadisə yerinə apardı.

Bir nəfər oğlan çəlimsiz bir həmyaşıdını dizinin altına qoyub kartof püresinə döndərmişdi. Tez qaçıb oğlanı “püre”nin üstündən qaldırdım. O da yava tərpəndi. Nə təhər götürüldüsə, heç Useyin Bolt da çata bilməzdi. Oğlan əl-qol atıb qəfil mən tərəfə dönəndə göz-gözə gəldik.

Cavidan...

Cavidan qonşu kənddən idi. Bir məktəbdə oxuyurduq. Hamı ona “üfürcək” deyirdi. Həmişə ya balağı palçıq olardı, ya da paltarının harasısa cırılardı. Bir də görürdün ki, özü məktəbdədir, ancaq ayaqqabısının bağı hələ evlərinin yanındakı mağazının qabağında.

Tədbirli idi Cavidan... Özü ilə iynə-sap gətirərdi. Bir də görürdün, sapın rəngi paltara uymurdu. Ağ paltarı yaşıl sapla tikib düşürdü məktəbin canına...

Hərdən paralel sinifdə oxuyan qıza baxardı. Göz-gözə gələndə qıpqırmızı olurdu, halı dəyişirdi. Bəlkə bir həftə o baxışın ilıqlığı ilə yaşayırdı.

O ilıqlıq yerini qəzəbə, kinə vermişdi indi. Adını çəkən kimi tanıdı. O qəzəb, o kin darmadağın oldu. Nifrətə çevrilməmişdi çünki... Qəzəbi bir libas kimi geyinmişdi əyninə. Dar idi, narahat hiss eləyirdi özünü.

Ətrafımda, ətrafımızda qoçular, cavidanlar və qoçulaşan cavidanlar çoxdur.

Hələ məktəb vaxtından belə yetişdirilirik. Döyülüb evə gələndə, bir şilləni də atamız vurur. Soruşursan, deyir ki, qoy indidən alışsın həyata. O həyata alışmış adamlar da ilk imtahanda ya hansısa tində bıçaqlanırlar, ya da həbsxanaların kimsəsiz boşluqlarında çürüyürlər.

Səhər idmançı Turan Rüstəmovu vəhşicəsinə qətlə yetirən Ruslan Səfixanovun məhkəməsindən görüntülərə baxdım.
Adam necə də rahat, necə də əmin idi. Elədiyindən iynə ucu boyda da peşman olmamışdı. Gözləri, jest və mimikaları “zor eləmişəm” deyirdi.

Əsas sual isə budur ki, adama bu əminliyi, rahatlığı kim vermişdi?

Atasının hadisəyə münasibətini oxuyanda hər şey aydınlaşdı. Adam elə danışırdı ki, sanki oğlu Turana bıçaq yox, çırtma vurub. “Olur da indi, cavan uşaqlardır. Kişinin başına iş gələr”.

Heç cür içimizdəki feodalı susdura bilmirik. İndi deyə bilərsiniz ki, bu tip hadisələr hər yerdə olur. Razıyam. Amma və lakin birinci növbədə bu tip hadisələr sivil cəmiyyətlərdə birmənalı olaraq pislənir. Bizdə isə əlahəzrət “kim bilir niyə olub?” sualı qarşı tərəfə əl yeri qoyur.

Qadın ölümlərində də eynisi olur. Məsələn, bir qadının başı kəsilib zibil qutusuna atılır. İsbat kişi də qayıdır ki, kim bilir niyə olub? Vay o gündən ki qızın sosial şəbəkə hesabı ola. Demək ki, əxlaqsızdır. Yazıq kişi neyləsin, namusunu təmizləyib.

Cəmiyyət öz qatilini özü yaradır.

“Düzgünnüyə fitfa veran oglannari” biz yetişdiririk.

“Auye”çilər hardan alırlar öz gücünü?

Bizdən.

Araya “inşallah”ı, “maşallah”ı da salırlar, olurlar “yaxçı oğlan”.

Yaxçı oğlan “imannı” olar. Siz heç ateist vorzakon görmüsünüz? Şəxsən mən görməmişəm.

Təbii ki, burda iman, İslam kamuflajdır. Çoxluğun reputasiyasını qazanmaq üçün kosmetika.

Hələ bunların yemlədiyi manıslar da var. Özləri də onlardan fərqlənməyən yaxçı oğlanlar. Tiktok doludur belə “mahnı”larla. “Allah qapını açsın, yaxşıların qardaşısan” filan. Hə də, qapısını açsın ki, çıxıb bir az hava alıb qayıtsın.

Bu mahnıların milyonlarla dinləyicisi var. Bu adamlar Marsdan gəlməyiblər. Hər gün rastlaşdığımız, yanından ötüb-keçdiyimiz, tanıdığımız adamlardır.

Hamımız kürəyimizdə bir bıçaq yeri gəzdiririk. Görək kim tutuzduracaq?..

# 7744 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #