Sazı hörmətdən salanlar

Sazı hörmətdən salanlar
2 iyul 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın "Aşıqlar və ozanlar" yazısını təqdim edir.

Dünən axşam türk ozan Neşet Ertaşa qulaq asırdım. Neşet Ertaş öz ifası ilə daima məni ovsunlayıb.

Elə bu sehrin ağuşundaca bir video çıxdı qabağıma.

Aşıq Mübariz məclislərin birində sazı tərsinə tutub çalırdı. Birinci dəfə deyil.


Bu illər ərzində sazdan hər cür istifadə elədilər. Boyun ardında çaldılar, paçada çaldılar, qantel kimi istifadə elədilər. Bircə adam balası kimi ifa eləmədilər. Neynək, əlbət, o günləri də görərik.

Həə, Neşet Ertaşdan danışırdım axı.

Siz heç türkiyəli aşıqların sazı dizindən yuxarı qaldırdıqlarını görmüsünüz? Onlar üçün əsas sözdür, mənadır.

Baxmayın, insanların yalandan Aşıq Mübarizə, aşıq Namiqə acıqlı olmasına.

Əslində, onlar qədirşünas xalqımın sevimliləridir. Onları görəndə ən əziz adamlarını görürlər sanki. Onlar da baxırlar ki, sazı paçada çalanda daha çox toya çağırırlar, daha çox pul qazanırlar, daha artığını eləməyə çalışırlar. Tələb-təklif məsələsidir.

Nə tələb eləyirsinizsə, onu da təklif eləyirlər.

***

Adətən, belə məqamlarda deyirlər ki, əşşi, biz elə həmişə belə olmuşuq da. Mən belə deməyəcəm. Çünki biz belə olmamışıq.

Aşıq Ələsgəri, Aşıq Alını, Abbas Tufarqanlını oxuyanda adam arınır, durulaşır.

Keçən əsrdə bu ölkədə ustad aşıqlar olub. Dastanlar deyiblər, insanlar da həvəslə onlara qulaq asıblar. Tələb ona olub, onu eləyiblər.

İndi siz də bunu tələb eləyirsiniz. Sizə ifanın ecazı yox, alətin hansı pozada olması maraqlıdır.

Sözlərin də içi boşalıb. Ucuz, arabesk şeirlər...

Türk aşıqlardan söz düşmüşkən...

Onların ifalarına, sözlərinə fikir verin. Adamı başqa bir atmosferə salırlar. Sözlərin, mənanın, məğzin içində əriyib-itirsən.

Siz heç onların efirdə ağzına gələni danışdığını görmüsünüz?

***

Niyə belə oldu?

Muğamın ön plana çıxarılması ilə aşıq ədəbiyyatı kölgədə qaldı. Nəzarət itdi. Ona görə də hər saz dınqıldadan aşıq oldu.

Asta-asta məclislərin havası dəyişdi.

Dınqıldadanlar dingildətməyə başladılar. Əlbət, zamanla sözlər də dingiltili olmağa başladı.

“Mən səni sevdim, sən sevmədin, ay gözəl”.

“Məzarının başında naləm ərşə çəkildi” - filan.

Məqsədli idimi, deyildimi, nəsə demək çətindir, amma hər şey ortadadır.

Aşıq ədəbiyyatı hazırda çoxluğun ucuz əyləncəsinə çevrilib.

***

Yəqin, görmüsünüz, ermənilər “Aman Tello”nu oxuyublar. Deyirlər, bizimdir.

Zalım uşaqları elə təqdim eləyirlər ki, adamın özünə də ləzzət eləyir. Azərbaycanlı olmasan, deməzsən, özgəsinindi.

Hər dəfə belə hadisə olanda deyirlər ki, ermənilər oğrudu, bizimdi, filan vaxt yazıya alınıb.

Vəssalam? Elə bu? Fakt? Sübut?

Bax buna görə uduzuruq. Havaya danışdığımıza, suya yazdığıma görə.

***

Görün, nə deyirəm.

Görən, sazı da onlara versək, sanballı şəkildə dünyaya təqdim edə bilərlər?

Biz bacarmadıq çünki...

# 3978 dəfə oxunub

Müəllifin son yazıları

# # #